“Builki məzunların 26, 21 faizi 0-100 arasında bal toplayıb” Hadisə

“Builki məzunların 26, 21 faizi 0-100 arasında bal toplayıb”

"Birinci mərhələ üzrə qəbul planı 83, 12 faiz dolub və 32 196 nəfər tələbə adı qazanıb. Həmin şəxslərdən 27 541 nəfəri orta ümumtəhsil müəssisələrini 2015-ci ildə bitirən məzundur".
Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. E. Nağızadənin sözlərinə görə, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb: "Həmin yerlərin siyahısı çap olunmaq üçün artıq hazırlanıb. "Abituriyent" jurnalının 8-ci sayında boş qalan yerlərin siyahısı axşam saatlarında abituriyentlərin istifadəsinə veriləcək. Ali məktəblərin boş qalan yerlərinə qəbul olmaq istəyən gənclər bilməlidir ki, proses avqustun 14-dən 19-dək internet vasitəsilə ixtisas seçimi aparılacaq. Müsabiqədə iştirak hüququ olan şəxslər həmin ixtisasları seçərək ərizələrində qeyd edə bilərlər".
TQDK rəsmisi əlavə edib ki, bu mərhələdə eyni zamanda 11 illik təhsil bazasında kolleclərə qəbul prosesi də həyata keçiriləcək: "Bildiyiniz kimi, bu ildən kolleclərə 11 illik təhsil bazasında qəbul buraxılış imtahanı əsasında keçirilir. Kimlər ki, müsabiqədə iştirak etmək hüququna malikdir, onlar avqustun 14-dən 19-na qədər kolleclərin ixtisaslarını seçə bilər".
E. Nağızadə qeyd edib ki, eyni ərizə formasında həm ali təhsil müəssisələrinin boş qalan plan yerlərini, həm də orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçmək mümkündür: "Bununla da ikinci mərhələ də başa çatdıqdan sonra ali təhsil müəssisələrinə qəbul prosesi yekunlaşacaq".
"200-300 bal arasında nəticə göstərərək tələbə adı qazanmış şəxslər 30 faiz, 300-500 bal arasında 47, 14 faiz, 500-700 bal arasında nəticə göstərərək tələbə adını qazanan şəxslər 22, 08 faizdir. 7, 5 faiz isə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunublar". Bunu deyən Elnur Nağızadə bildirib ki, bütünlüklə qəbul prosesi tam başa çatdıqdan, yəni ikinci mərhələ üzrə yerləşdirmənin nəticələri elan olunduqdan sonra ənənəvi olaraq TQDK tərəfindən qəbulun yekunlarına dair statistik təhlillər aparılacaq: "Daha geniş, müqayisəli təhlillər ictimaiyyətə təqdim olunacaq. Bizdə yalnız ilkin statistik məlumatlar var".
TQDK rəsmisi bu il orta ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdiyi statistik rəqəmləri açıqlayıb: "Builki məzunların 26, 21 faizi 0-100 bal arasında, 18, 97 faiz 100-200 bal arasında, 18, 28 faiz 200-300 arasında, 24, 91 faiz 300-500 bal arasında, 11, 63 faiz 500-dən yuxarı və 3,91 faiz 600-dən yuxarı bal toplayıb".