BAMF Astana İqtisadi Forumunun media tərəfdaşı oldu Hadisə

BAMF Astana İqtisadi Forumunun media tərəfdaşı oldu

Bu yaxınlarda BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu (General Status) üzvü seçilən Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) bu il may ayının 21-23-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Yeddinci Astana İqtisadi Forumunun (AİF) media tərəfdaşı olub. Bununla bağlı Avrasiya alimlərinin iqtisadi klubunun təşkilatçı komitəsinin adından BAMF-a təklif gəlib. Bu barədə BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib. O, sözügedən forumun media tərəfdaşı olmalarına artıq razılıq verdiklərini deyib. Yeddinci Astana İqtisadi Forumu haqında danışan Umud Rəhimoğlu bildirib ki, Forumda nəzərdə tutulan 2-ci Dünya Anti - Krizis Konfransı (WAC) maraqla gözlənilən tədbirlər sırasındadır: "Dünyanı dəyişdirən "Bretton Woods" müqaviləsinin 70 illiyi ərəfəsində 2-ci WAC bu gün və gələcəkdəki iqtisadi krizislərin təsirlərini azaltmaq üçün 2-ci Dünya Anti Krizis layihəsi planının həyata keçirilməsi və mənimsənilməsi üzərində dayanır. Yarandığı ilk gündən AİF geniş şəkildə yayılmış və 136 ölkədən on min nümayəndəni bir araya gətiribdir. Bu Forum dünyanın parlaq beyinlərini bu günün iqtisadi, maliyyə və sosial məsələlərinin həlli məqsədi ilə birləşdirir."- deyə Umud Rəhimoğlu bildirib.
Onun sözlərinə görə, BAMF bu tərəfdaşlıq çərçivəsində Forumla bağlı xəbərləri öz www.iepf-ngo.org saytında yerləşdirməklə yanaşı bunları həm Azərbaycanda, həm də özünün beynəlxalq şəbəkəsi vasitəsi ilə dünyada yayacaq. Qarşı tərəf isə bütün tədbirlərində, o cümlədən Forumun keçirildiyi şəhərcikdə, mərkəzlərdə, o cümlədən rəsmi www.astanaforum.org saytlarının müvafiq bölmələrində BAMF-ın loqosunu yerləşdirəcək. Eyni zamanda mətbuat konfranslarındakı bannerlərdə, Forumun jurnalında və digər çap materiallarında da BAMF-ın loqosu yer alacaq.
Qeyd edək ki, bu dəfəki Foruma dünyanın 136 ölkəsindən on min nəfərin iştirakı gözlənilir, onlardan 850 nəfəri isə media nümayəndəsi olacaq. Dünyanın nəhəng televiziya kanallarından olan CNN, Euronews, Rusiya 24 və yerli kanallarla birgə TV debatlar olacaq. Forumda dünyanın 20 əsas beynəlxalq təşkilatı, 10 nəfər Nobel mükafatı laureatı, 15 fəaliyyətdə olan və keçmiş dövlət başçıları iştirak edəcəyi gözlənilir.

XC