AZMİU-da 28 MAY - Müstəqillik Günü ilə bağlı MARAQLI TƏDBİR... – REPORTAJ Hadisə

AZMİU-da 28 MAY -  Müstəqillik Günü ilə bağlı MARAQLI  TƏDBİR... – REPORTAJ

Dünən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) 28 MAY - Müstəqillik Günü münasibətilə maraqlı tədbir baş tutub. Universitetin rektoru, professor Gülçöhrə xanım Məmmədovanın mənəvi və işgüzar dəstəyi, Əcnəbi Dillər Kafedrasının müdiri, dosent Aygün xanım Məmmədovanın mükəmməl təşkilatçılığı sayəsində reallaşan tədbir yaddaqalan məqamlarla zəngin idi.

Ondan başlayaq ki, toplantı öncəsi Akt zalının yerləşdiyi mərtəbədə qonaqların sevinc hissi, xoş ovqatlı çöhrələri, çıxış edəcək tələbələrin dəhlizdə həyacanlı məşqləri, müzakirələri ekstaz dolu bir mühit yaratmışdı.

Bu gün şanlı Azərbaycanımızın var oluşu günüdür. Müstəqil, suveren dövlət qurmaq quru sözlərlə əldə olunmur, müstəqillik, dövlətçilik ənənələrinin formalaşması və Vətənin mövcudluğu, ərazi bütövlüyünün qorunması qanla qazanılır.

Şərəfli və uca xalqımızın cahanşümul nümayəndələri Azərbaycan adlı məmləkətin yaranması, var olması, inkişafı, intişarı və dünyada tanınması uğrunda sözün bütün mənalarında qan və can veriblər. Bu ölkə, bu dövlət bizə havadan, sudan bəxş olunmayıb.

Qonaqlarımız da tədbirin mahiyyətini, fəlsəfəsini aydın dərk edirdilər. Ağrılı-acılı, taleyüklü illərin, tarixin süzgəcindən geçərək müstəqil dövlət quran xalqımız bu günün xüsusi təntənə ilə qeyd olunmasından qürur duymalıdır, duyur da. Bu mənada artıq hər kəs- müəllim və tələbələr- tələsir və toplantının başlamasını səbirsizliklə gözləyirdilər. Qonaqlar öz yerini alır.

Haşiyə:Qonaqları Aygün xanım Məmmədovanın şəxsən özü və rəhbərlik etdiyi kafedranın bir neçə müəllimi yerləşdirir.

Univeristetin rektoru, professor G. Məmmədova və prorektorlar da təşrif buyurduqdan sonra tədbir açıq elan olunur.

Nəhayət aparıcılar - Memarlıq fakültəsinin tələbələri Miraytac Həsənova və Əvəz Cəfərov tədbiri açıq elan edib, qonaqları salamladıqdan sonra ərz edirlər:

-Bu gün Azərbaycanın milli bayramı olan Respublika Gününü qeyd etmək üçün toplaşmışıq. Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Şərq və Türk İslam dünyasında ilk demokratik , hüquqi və dünyəvi dövlət nümunəsi olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından 104 il ötür.

Ardınca aparıcı Prezident İlham Əliyevin əmrini oxuyur:

- Azərbaycan Respublikası Konstitusiyasının 94 - cü maddəsinin I hissəsinin 1 - ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918 - ci il mayın 28 - də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğunu , 1991 ci il oktyabrın 18 - də isə “ Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında " Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu nəzərə alaraq qərara alır :

Maddə 1. Mayın 28 - i Müstəqillik Günü elan edilsin .

Maddə 2. Oktyabrın 18 - i Müstəqilliyin Bərpası Günü elan edilsin.

Sonra “Ritm” rəqs qrupu “Odlar Yurdu” rəqsini nümayiş etdirir.

Daha sonra aparıcı bildirir:

- Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlardandır. Zəngin və mədəni mirasa sahib olan xalqımız təqribən 5 min illik dövlətçilik tarixinə malikdir.

Aparıcı vurğulayır:

– Hömətli tədbir iştirakçıları, indi isə, Azərbaycan respublikasının yaranma tarixinə səyahət edək.

1918-ci il mayın 27-də Zaqafqaziya müsəlman şurası, Azərbaycanın müstəqilliyini qəbul etmək qərarına gəlir. Beləliklə, Azərbaycan tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda, Azərbaycan Milli Şurasının sədri, M.Ə.Rəsulzadə və rəyasət heyəti seçildi.Mayın 28-də keçirilən iclasda 25 nəfərin səs birliyilə Azərbaycanın istiqlal bəyannaməsi qəbul edilir.Azərbaycan Milli Şurasının qəbul etdiyi “ İstiqlal Bəyannaməsi” yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi.

Sonra “Bəyannamə” haqqında video çarx izlənir. Aparıcılar davam edirlər. Aparıcılar tərəfindən adları çəkilən şəxsiyyətləri canlandıran şəxsiyyətlər tək-tək səhnəyə gəlirlər.

Əliağa Şıxlinski haqqında məlumat verilir:

- Dövrünün böyük hörmət və şöhrət qazanmış hərbi xadimlərindən biri idi. Ruslar tərəfindən "Artilleriyanın Allahı" ləqəbi verilən Əliağa Şıxlinski "Rusca-Türkcə qısa hərbi lüğəti"ni Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirmiş və bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur. 1912-ci ildə general - mayor rütbəsi alaraq Azərbaycanın ilk hərbi generallarından olub, müstəqil Azərbaycan üçün ordu yaratmağa böyük əmək sərf etmişdir.

Səməd bəy Mehmandarovdan bəhs olunur: - Hərbi xadim, artilleriya generalı, Azərbaycanın ilk hərbi naziri.Onun hərbi kadrların hazırlanmasında böyük və əvəzedilməz xidmətləri olmuşdur. 1918-ci ilin 25 dekabrından Azərbaycan Xalq Cümhuriyyəti hökümətində hərbi nazir vəzifəsini tutaraq qısa müddətdə müstəqil Azərbaycanın otuz minlik ordusunu yaratmışdır.

Fətəli xan Xoskinin həyatından danışılır:

-Erməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk baş naziri.Məhz onun təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin höküməti formalaşdırılıb.Gələcəyə savadlı gənclərin yetişdirilməsinin məqsədiylə, Bakı Dövlət Universitetinin əsasının qoyulmasına təşəbbüs edib.

Əlimərdan bəy Topçubaşovun fəaliyyətinə dair aşağıdakılar diqqətə çatdırılır: - Görkəmli siyasi- ictimai xadim, diplomat, hüquqşünas, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri və ikinci xarici işlər naziri olmuşdur. Azərbaycan ziyalılarının mütərrəqi dəstəsinə aid olan Topçubaşov , Rusiyanın imperiya administrasiyasının içərisində öz xalqının hüquqlarını müdafiə etmişdir.

Həsən bəy Ağayev haqqında da qonaqlara məlumatlar təqdim olunur

-Milli müstəqilliyimiz uğrunda mübarizə aparan , millət yükünü öhdəsinə götürən, İstiqlal Bəyannəməsini ilk dəfə olaraq imzalayan qətiyyətli, cəsarətli tarixi şəxsiyyətlərdən biri olmuşdur. O, jurnalist və müəllim olmaqla yanaşı Azərbaycan Dəmir Yolu idarəsinin baş həkimi vəzifəsində də çalışmışdır.

Nəsib bəy Yusifbəyli barədə qeyd olunur:

-Dünya xəritəsinə düşəcək yeni, demokratik, proqressiv bir Azərbaycan Respublikası yaradılaraq beynəlxalq arenada tanınması və azərbaycanlıların milli siyasiləşməsində müstəsna rolu olmuş, tarixin ən güclü ictimai siyasi xadimlərindən biri olmuşdur..

Adları qeyd olunan bu vətənpərvər istiqlalçılar , gecəsini gündüzünə qataraq Məmmədəmin Rəsulzadənin rəhbərliyi ilə milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdilər.

Sonra Məmmədəmin Rəsulzadənin real çıxışı olan video çarx izlənilir.

Aparıcı qeyd edir ki, Azərbaycanın 3 rəngli, ay ulduzlu dövlət bayrağı qəbul edildi. Azərbaycan türk dili dövlət dili elan olundu.Bakı Dövlət Universiteti fəaliyyətə başladı. İlk milli muzey - “İstiqlal” muzeyi təşkil olundu. Azərbaycan vətandaşlığı haqqında qərar qəbul edildi.Yelizavetpol və Qaryaginin tarixi adları bərpa olunaraq yenidən Gəncə və Cəbrayıl adlandırıldı. Azərbaycan milli ordusu və hərbi dəniz donanması təşkil olundu.

Ardınca aparıcı vurğulayır:

-Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu.Cəmi 23 ay yaşamasına baxmayaraq sübut etdi ki, müstəmləkə və repressiya rejimləri, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Repressiya qurbanlarından olan ilk qadın Ümgülsüm Sadıqzadə 1920-ci il aprelin 28-də cümhuriyyətin devrilməsi ilə əlaqədar “Hicran” şeirini yazır.

Fuad Ələkbərovun tarda müşayiəti ilə Aytən İbadova “Hicran” şeirini səsləndirir.

Aparıcı danışır:

- Zərbi muğamlar illər uzunu maraqlı inkişaf yolu keçərək xalqın milli təfəkkürü, həyat tərzi,məişəti və milli keyfiyyətləri təsiri altında formalaşmışdır.

Azərbaycanda sevilib ifa olunan,qəhrəmanlıq ehtiraslarını özündə cəmləşdirən zərbi-muğam kompozisiyası.

Elturan Məmmədov tarda, Hüseyn Vəliyev kamançada, Tural Ağamalıyev sintizatorda, Samir Məmmədov nağarada “Heyratı”nı ifa edirlər.

Söz aparıcıdadır:

– 1918-1920-ci illər milli özünü-dərkin yüksək mərhələsidir. Sənət təşnəsi ilə yanıb yaxılmaq, sözün mahir ustası olmaq, xeyriyyəçilik əməlləri ilə xalqına fayda vermək, əsərləri ilə oxucuların qəlbində özünə əbədi heykəl ucaltmaq səadəti yalnız o sənətkara qismət olur ki, yaşadığı torpağına, vətəninə, millətinin müstəqilliyi uğrunda mübarizəyə qırılmaz tellərlə bağlı olsun. Əhməd Cavad məhz belə həmişəyaşar sənətkar olmuş və əbədi olaraq qalacaqdır!!!

Əhməd Cavad haqqında video çarx ekranda göstərilir, daha sonra Həsənəli Məmmədov monoloq deyir:

-1914-cü ildə Əhməd Cavad Gəncə şəhərində “Çırpınırdı Qara dəniz” şeirini yazmışdır. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov 4 il sonra 1918-ci ildə bu şeirə musiqi bəstələmişdir. O zaman, Üzeyir bəy bu mahnını, Nuru Paşanın komandanlığındakı Qafqaz İslam ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edibdir. Lakin, 1920-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet hakimiyyəti, Pantürkçülük bəhanəsi ilə mahnının 70 ildən çox Azərbaycanda səsləndirilməsinə qadağa qoymuşdur.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bu möhtəşəm mahnını ictimaiyyət qarşısında 1993-cü il martın 10-da Bakıda Respublika sarayında Əhməd Cavadın anadan olmasının 100 illik yubiley gecəsində səsləndirilib , qısa müddətdə geniş yayılıb və bütün Türk dünyasının himninə çevrilib.

Ardınca Miraytac “Çırpınırdı qara dəniz” – mahnısını ifa edir.

Aparıcı danışır:- Filosof, şair, böyük dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biridir. O, Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi , milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmişdir.

1907-1917 –ciillərdə Hüseyn Cavidin “Vətən” mövzusuna müraciət etməsi məhz həmin dövrün ictimai – siyasi hadisələri ilə bağlı idi. Onun vətənpərvərlik ideyaları zorakalığa, istismara, ədalətsizliyə, cəhalətə, nadanlığa qarşı çevrilmiş duyğular idi.

“Cavid ömrü” filmindən bir kompozisiya səhnələşdirilir. Ümumilli lider Heydər Əliyevin filmdəki çıxışı təqdim olunur.

E.Məmmədov “Ləpələr” mahnısını ifa edir,“Fərəməz Əliyev isə “Olubdur qəlbimə məlali vətən” qəzəli ilə çıxış edir.

Sonra aparıcı bildirir:

– Azərbaycan hərəkatının artan nüfuzundan təşfişə düşən Bakı bolşevikləri, başda Stepan Şaumyan olmaqla, daşnaqlarla ittifaqda 1918-ci ilin yazında türk müsəlman əhalisinə kütləvi soyqırımı törətdilər. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti 2 yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq müvəqqəti devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi.

Azərbaycanın dağ kəndlərinin birində Sovet Hakimiyyətinin qurulduğu ilk illərdə cərəyan edən hadisələr, Fərman Kərimzadənin “Qarlı Aşırım” romanı əsasında ekranlaşdırılmışdır. Rejissor Kamil Rüstəmbəyovun “Axırıncı Aşırım” filmi real faktlar əsasında çəkilmişdir.Abbasqulubəy Şadlınski, Kərbalayı İsmayıl və Qəmlo həyatda yaşamış tarixi şəxsiyyətlər olmuşdur.Filmin “Axırıncı Aşırım” adlandırılmasına səbəb, yay aylarında lentə alınması idi.

“Axırıncı aşırım” filmindən bir kompozisiya səhnələşdirilir.

Arif Qurbanovun ifasında sazda “Ruhani” ifa olunur.

Aparıcı diqqətə çatdırır:

– 22 iyun 1941-ci ildə Azərbaycan SSRİ-nin tərkibində alman-faşist işğalçıları ilə Böyük vətən muharibəsinə qoşuldu. 1941-1945-ci illərdə faşist Almaniyası ilə mübarizədə 600 mindən çox azərbaycanlı iştirak edirdi.Bakı və Cənubi Qafqaz Sovet iqtisadiyyatının əsas mənbəyi idi.SSRİ neftinin 80 faizi Azərbaycan SSR-də çıxarılırdı.

II Dünya müharibəsi illəri bəşəriyyətin 20-ci əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövrü idi. Azərbaycan xalqının həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunəsi göstərmiş qəhrəmanları olmuşdur. Onlardan 128 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Faşistləri vahiməyə salan,İngilis, Rus, Alman, Fransız, və Türk dillərini mükəmməl bilən azərbaycanlı qəhrəman Mehdi Hüseynzadə II dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq Yuqoslaviya, Triest, İtaliya, partizan dəstələri ilə Vermaxta qarşı mubarizə aparmış, çətin döyüş tapşırıqlarını və Sabotaj əməliyyatlarını uğurla yerinə yetirmişdir.

Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində əbədi yer tutan, yüksək əxlaqi keyfiyyətlərə malik olan cəsur, vətənpərvər kəşfiyyatçı ,Mixaylo öz istedadı ilə fərqlənirdi. O, gözəl rəsm çəkir,tarda ifa edir və şeir yazırdı :

Kaşki, mən bir sarı yarpaq olaydım,

Sabahın yelləri alaydı məni,

Aşaraq o qarlı, uca dağları,

Vətən torpağına salaydı məni.

”Uzaq Sahillərdə” filmindən səhnə təqdim olunur.

Aparıcı vurğulayır: 1948-1953-cü illərdə azərbaycanlıların öz ulu Vətənləri olan Qərbi Azərbaycandan kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. Ermənilər Qərbi Azərbaycan torpaqlarında möhkəmləndilər və onların bu ərazidə sayca üstünlüyü təmin olundu.

Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.

Respublikanın düşdüyü bu ağır vəziyyətdə1969-cu ildə Azərbaycan rəhbərliyinə Heydər Əliyevin gəlməsi ilə mühüm dəyişiklik baş verdi. Doğma xalqının böyük təəssubkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.

Böyük siyasətçi, iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının, tərəqqisi uğrunda yorulmadan gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı müstəqil yaşamağa qadir və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək, onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu, hələ o zaman, Heydər Əliyev başlamışdı.

Tarda E. Məmmədov, sintizatorda T.Ağamalıyevin müşayiəti ilə Səbuhi Qasımov “Yaşa Azərbaycan” mahnısını İfa edir.

Aparıcı söyləyir:

-XX əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəlində Azərbaycanda başlanmış milli azadlıq hərəkatı, bolşevik rejiminin süqutunu yaxınlaşdırdı. Xalqın təkidi və tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin adı dəyişdirilərək , “Azərbaycan Respublikası” adlandırıldı. Həmin ilin mayın 21-də verilmiş xüsusi fərmanla 28 may “Respublika Günü” elan edildi.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbir gördü. Ölkədə davamlı ictimai - siyasi sabitliyi bərqərar etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixindəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi:

“Biz ilk demokratik Cümhuriyyətin yaranması gününü əsir tutaraq , onu Azərbaycan dövlət müstəqillik günü - Respublika günü elan etmişik və bu, bizim milli bayramımızdır. 28 May – Respublika Günü şanlı tariximizə qızıl hərflərlə yazılmış, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür!”

İbrahim Nəzərli xalq şairi Məmməd Arazın “Ayağa dur azərbaycan” şeirini səsləndirir.

Bundan sonra aparıcı bildirir:

– Azərbaycan dünyanın bir çox ölkələri ilə həm iqtisadiyyat həm də mədəniyyət sahəsində əlaqələr quraraq gələcək lahiyələr üçün yol açır. “Azərbycan Ədəbiyyatı Beynəlxalq aləmdə” lahiyəsi çərçivəsində tanınmış yazıçı və şairlərimizin əsərləri müvəffəqiyyətlə tərcümə olunmuşdur.Bununla da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və Azərbaycan mədəniyyətinin təbliği uğurla həyata keçirilir.

Xarici dillərdə - ingilis dilində Aytən Hüseynzadə, Fidan Əkbərova, Rus dilində Darya Foderonko, Fəzilə Hacıbalayeva, fransız dilindən Dilarə İsmayılova, yapon dilində Əsmər Cəfərli şeirlər səsləndirdilər.

Aparıcı danışır: – Azərbaycan xalq mahnıları arasında ən çox ifa olunan, qəlblərə yol tapan “Ay Laçın” hər zaman özünəməxsus füsunkar harmoniyalarla diqqəti cəlb etmişdir.

Araz axar lil ilə

Dəstə-dəstə gül ilə

Mən yarımı sevirəm

Şirin-şirin dil ilə

Ay Laçın Can Laçın

Mən sənə qurban Laçın

Gitarada Nəcəf, tarda Elturan, kamançada Hüseyn “Laçın” mahnısı ifa olunur.

Səbinə İsmayılzadə “Könlümün sevgili məhbubi mənim” şeirini səsləndirir.

Aparıcı diqqətə çatdırır:

– Ümummilli liderin hərtərəfli, uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. 2018-ci ilin ölkəmizdə Cümhuriyyət ili elan edilməsi və 100 illik yubileyin təntənəli şəkildə qeyd olunması buna sübutdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik , hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı durmadan inkişaf etdirilir. Əhalinin sosial müdafiəsinin sürətləndirilməsi üçün əsaslı tədbirlər görülür.Bu illər ərzində ölkəmizin hərbi qüdrəti də güclənmişdir.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı əks hücum əməliyyatına başladı. Möhtəşəm qələbələrin ən başlıca səbəbi Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət siyasəti, milli birlik, güclü ordu strategiyası, döyüşçülərimizin qəhrəmanlığı , vətənpərvərliyi və ruh yüksəkliyi idi.

Azərbaycan Ordusu tərəfindən döyüşlərdə ən müasir silahlardan peşakarlıqla istifadə edilməsi, yüksək dağlıq şəraitdə , sıldırım qayalıqlarda həyata keçirilən əməliyyat nəticəsində Şuşanın ermənilərdən təmizlənməsi, Azərbaycanın hərb tarixinə şərəfli səhifə kimi yazıldı.

Bu məqamda qeyd edim ki, tədbirin təşkilatçısı Aygün xanım Məmmədovanın da həyəcanını duymamaq və müşahidə etməmək olmurdu. Sanki hər tələbənin həyəcanını hiss edirdi. Belə əlamətdar, tarixi günün tədbirini düzənləmək böyük məsuliyyətdir.

Vüsal Fərzəliyev Bəxtiyar Vahabzadənin “Vətən marşı” şeiri səsləndirir.

Ardınca Tural Ağamalıyevin sintizatorda müşayiəti ilə Abbas Şıxcanov “Vətən yaxşıdır” ifa edir.

“Xudayar Təsnifi” ifa olunarkən sanki adamın damarda qanı donurdu. Sevinclə kədər çulğalaşır bu məqamda. Bir yandan “Xudayar təsnifi” 44 günlük “Zəfər himni” olaraq, insanda sentimental duyğular yaradır. Digər yandan Xudayarın şəhidlik zirvəsinə ucalması, Xudayarın timsalında neçə-neçə gəncin sıralarımızı tərk etməsi məyusluq doğurur və adamı qəzəb boğur.

Aparıcı:

– Anadır arzulara hər zaman Qarabağ!

Azərbaycan xalqının və türk dünyasının dillər əzbəri olan bu mahnı, artıq qalibiyyət sədaları ilə doğma

Qarabağımızda səslənir.

Qarabağ Azərbaycandır !

Zəfər Azərbaycanındır!

“Qarabağ” mahnısı.

Tarda Elturan Məmmədov, Kamançada Hüseyn Vəliyev sintizatorda Tural Ağamalıyev, Nağarada Samir Məmmədovun müşayiəti ilə “Zəfər” mahnısı səslənir. Vüsal Fərzəliyev çıxış edir:

-Ali Baş Komandanın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız, 28 May – Respublika Gününü və torpaqlarımızın azad edilməsi zəfərini qürurla yaşayır .

Tarix yazdı igidlər,

Hamısı əzizimizdir.

44 günlük müharibə,

Şanlı tariximizdir!

*

Dəmir yumruq düşmənin,

Mənfur başını əzdi.

Düşmənlər Qarabağda

Daim qala bilməzdi.

*

İndi azad Qarabağ

Günbəgün abadlaşır.

Mənim qədim torpağım!

Sənə bu çox yaraşır. *

Bizə Zəfər yaşatdı,

İgid oğullarımız.

Hər birini anırıq,

Minnətdarıq hamımız!

*

Yaşa, Vətən, çox yaşa,

Yaraşır Zəfər sənə!

Alqış, min kərə alqış

Zəfəri bəxş edənə!

Sonda Səbuhi Qasımov xalq artisti Emin Ağalarovun “Azərbaycan”mahnısını ifa edir.

Ən sonda isə dosent Aygün xanım Məmmədova çıxış edərək bildirir:

“Əziz və dəyərli qonaqlar, tədbirə qatıldığınız üçün hər birinizə minnətdarlığımı ifadə edirəm. Burada bakalavr pilləsinin bütün kursları üzrə tələbələrimiz çıxış etdilər. O cümlədən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri - Hüseyn Vəliyev və Samir Məmmədov bizi dəstəklədilər.

Onlara da təşəkkürümüzü bildiririk. Bütün tələbələrimizi ürəkdən təbrik edirik, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq”.

A.Məmmədova qeyd edib:

“Bu bizim üçüncü böyük tədbirimizdir. İlk tədbirimiz dahi Nəsiminin 650 illik yubileyinə həsr olunmuşdu. İkinci böyük tədbirimiz 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təqdim olunmuşdu. Bu gün möhtəşəm bir gün Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd olunur və sizə təqdim olunur. Bu mənada hörmətli rektorumuz, professor Gülçöhrə xanıma xüsusi təşəkkürümü bildirirəm. Hər zaman bizə dəstək verib, hər zaman bizə geniş imkanlar yaradıb”.

Eyni zamanda vurğulayım ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə xanım Əliyeva dəvətimizi qəbul edib, bizi qürurlandırdı.

Dəyərli qonaqlarımızın sırasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin Başçəkmələr sektorunun müdiri Raidə Əmirbəyova iştirak edir. Çox sağ olsun.

Hörmətli prorektorlarımıza ürəkdən təşəkkürümüzü bildiririk. Hər zaman bizə dəstək olublar.

İtaliyadan qonağımız var: Michela Cavagnin.

Bundan başqa, Böyük Britaniyadan "London South Bank University"nin nümayəndələri - Issa Chaer, Ivana Kraincanic və Luis Pinho Santos təşrif buyurublar. Onlara da dərin təşəkkürümüzü bildiririk”.

Sonda xatirə fotoları da çəkildi…