DOST Mərkəzlərində 200 könüllü işlə təmin edilib - Nazir Hadisə

DOST Mərkəzlərində 200 könüllü işlə təmin edilib - Nazir

Bu gün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində "Könüllü DOST" proqramının 3 illiyinə həsr olunmuş "Sosial sahədə könüllülük" adlı forum keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və digər şəxslər iştirak ediblər.

Toplantını giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “DOST könüllüləri”nin fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. O bildirib ki, könüllü olmaq üçün quruma 3 il ərzində 60 mindən çox müraciət daxil olub: “Həmin şəxslərdən isə 200-ü hazırda DOST Mərkəzlərində işlə təmin edilib. Mərkəzlərin sayı artdıqca daha çox könüllülər də işlə təmin olunacaq”.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, könüllülük fəaliyyəti dövlətin sosial siyasətinin tərkib hissəsinə çevrilib: “Könüllülük hərəkatı” ASAN Xidmətdən başlayıb. Könüllülük dövlət ərkanının öyrənməsi, yeni əlaqələrin yaranması deməkdir. ASAN Xidmətdə 30 mindən çox könüllü olub. Onların 3 mindən çoxu isə işlə təmin edilib”.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, o 1990-ci illərdə könüllü kimi fəaliyyət göstərib:

“Könüllü olmaq şərəfli bir işdir. O zamanlar könüllülük geniş şəkildə vüsət almamışdı. Ancaq indi çox sevindiricidir ki, demək olar ki, hər bir dövlət qurumunda könüllülər fəaliyyət göstərir. Bizim nazirlikdə də könüllülər fəaliyyət göstərirlər. Onların faəliyyətini yüksək qiymətləndirirəm”.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev işlədiyi nazirliyin könüllülük hərəkatına böyük önəm verdiyini vurğulayıb: “Mən də könüllü kimi fəaliyyətə başlamışam. Sonradan nazirlikdə işə başladım. Azərbaycan çox böyük imkanlar ölkəsinə çevrilib. Bu gün gənclərin böyük imkanları var”.

Daha sonra tədbir çıxışlarla davam edib.