Vaqif Əsədov təqaüdə göndərilməsindən danışdı Hadisə

Vaqif Əsədov təqaüdə göndərilməsindən danışdı

Polis polkovniki Vaqif Əsədov təqaüdə getməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

V.Əsədov Trend-ə açıqlamasında bildirib ki, ötən gün ona çox sayda telefon zəngləri, eləcə də KİV nümayəndələrinin sms vasitəsi ilə sualları daxil olub. "Telefona və suallarınıza cavab verə bilmədiyimə görə üzrlü sayın, mənə və xidmətimə olan diqqət və qayğınıza, eləcə də informasiya almaq istəyinizə görə təşəkkürümü bildirir və təqdir edirəm.

Bəli, təqaüdə çıxmaq üçün “xidmətdə olmanın son yaş həddinə çatdığına görə” əmr imzalanıb və şəxsi heyətə elan edilib. Bununla əlaqədər rəhbərlik səviyyəsində şəxsi heyətlə birgə tədbir təşkil edildi və xüsusi olaraq mənim xidməti fəaliyyətim yüksək qiymətləndirildi. Düşünürəm ki, daim təmasda olduğum hərəkət iştirakçıları da öz fikirlərini paylaşarlar.

Əlbəttə, qismət oldu xidmətimi başa vurub təqaüdə çıxa bildim. Təbii ki, buna çox sevinirəm və bu sevinci mənə, ailəmə yaşadan DİN-in bütün rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu gün, Azərbaycan Respublikasının ən xoşbəxt vətəndaşlarından biriyəm desəm heç də yanılmaram. Çünki DİN rəhbərliyinin bundan sonra da mənə, həyat tərzimə olan diqqət və qayğısı bir daha DİN-in əsgəri olduğumu, dövlətə və dövlətçiliyə daim vətəndaş kimi xidmət etməyimin qarşımda bir vəzifə olduğunu təsdiq etdi.

Fürsətdən istifadə edib cənab nazirə təşəkkür edir və onu əmin edirəm ki, istefada olan polis-polkovniki kimi qanunvericilik tələblərinə uyğun olaraq mülki vətəndaş kimi də borcumu davam etdirəcəyəm", - V. Əsədov bildirib.

Polis polkovniki əlavə olaraq qeyd edib ki, hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsində bu xidməti polis baş leytenantı Toğrul Nəsirli, polis baş leytenantı Pərvanə Muradova, polis-leytenantı Rüstəm Əhmədli və polis mayoru Araz Əsgərli təbliğat işini daha səmərəli təşkil edərək ictimayyətlə və KİV-lə qarşılıqlı, ardıcıl, məqsədli və layiqincə davam etdirəcək.