Sergey Lebedev: “Bakı mədəni-humanitar tədbirlər üçün yaxşı platformadır” Hadisə

Sergey Lebedev: “Bakı mədəni-humanitar tədbirlər üçün yaxşı platformadır”

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Azərbaycanın MDB çərçivəsində əməkdaşlıqda iştirakından məmnunluğunu ifadə edib.

MDB İqtisadi Şurasının Moskvada keçirilən 95-ci iclası çərçivəsində APA-nın Moskva müxbirinin sualını cavablandıran Lebedev Birlik çərçivəsində Azərbaycanın iqtisadi əməkdaşlıqda fəal iştirakını vurğulayıb.
“Böyük məmnunluq hissi ilə bildirirəm ki, Azərbaycan hər zaman MDB-nin qorunub saxlanılması və inkişafının, onun səmərəliliyinin artırılmasının tərəfdarı olub və təşkilat çərçivəsində əməkdaşlığın tərəfdarı olub. Azərbaycan Birlik çərçivəsində iqtisadi əməkdaşlıqda xüsusilə fəal iştirak edir. MDB İqtisadi Şurasının iclası yenicə başa çatıb və Azərbaycan nümayəndə heyəti iqtisadi sahədə əməkdaşlığın aktual məsələlərinin müzakirəsində iştirak edib, iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra mühüm sənədlər imzalanıb”, - deyə Sergey Lebedev qeyd edib.

MDB-nin İcraiyyə Komitəsinin sədri Azərbaycanın MDB çərçivəsində humanitar əməkdaşlıqda fəal iştirakını xüsusi vurğulayıb: “Bakıda müntəzəm olaraq humanitar sahədə müxtəlif tədbirlər keçirilir, burada incəsənət və mədəniyyət, elm və təhsil adamları toplaşır. Bakı mədəni-humanitar tədbirlər üçün yaxşı platformadır. Biz bu platformanı təqdim etdiyinə və mədəni-humanitar əməkdaşlığın qorunub saxlanmasına, dərinləşməsinə və genişləndirilməsinə töhfə verdiyinə görə ölkə rəhbərliyinə çox minnətdarıq. Biz görürük ki, azərbaycanlı həmkarlar bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə böyük maraq göstərirlər. Azərbaycan rəhbərliyi ölkənin inteqrasiya əməkdaşlığında fəal iştirakına şəxsən töhfə verir. Ona görə də belə aktiv əməkdaşlığa görə minnətdarlığımı bildirirəm. Azərbaycan vətəndaşlarına sülh, xoşbəxtlik və firavanlıq arzulayıram və əlbəttə ki, Azərbaycanın təşkilatımızda belə fəal rolunu davam etdirməsini səmimi qəlbdən arzulayıram”.