Sabunçu Məhkəmə Kompleksinin yeni binası açıldı Hadisə

Sabunçu Məhkəmə Kompleksinin yeni binası açıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Sabunçu Məhkəmə Kompleksinin yeni binasının açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə Sabunçu Rayon Məhkəməsinin köhnə binasının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində hazırlanan müasir məhkəmə bina və komplekslərinin layihələrini əks etdirən stendlərə baxıb. Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, kompleksin ümumi sahəsi 9 min kvadratmetr olan yeddimərtəbəli binasının inşasına 2012-ci ilin oktyabrında başlanılıb. Tikinti işləri ən müasir standartlara uyğun aparılıb. "Əlillərin hüquqlarının qorunması haqqında" Konvensiyanın tələblərinə müvafiq olaraq binada onlar üçün bütün zəruri şərait yaradılıb. Əlillərin binaya daxil olması üçün xüsusi qurğu quraşdırılıb.
Prezident İlham Əliyev Sabunçu Məhkəmə Kompleksinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, bina Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində inşa olunub.
Sabunçu Məhkəmə Kompleksi təxminən 1,3 milyon əhaliyə xidmət göstərəcək. Kompleksdə 150 nəfər, o cümlədən 21 hakim, 100 məhkəmə aparatı əməkdaşı və 30-dək ədliyyə işçisi çalışacaq. Müasir informasiya-kommunikasiya texnologiyalarının quraşdırıldığı bina inzibati və ictimai zonalara bölünür. Hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Ədliyyə Nazirliyinin icra şöbəsinin əməkdaşları, dövlət ittihamçıları və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.
Binada Sabunçu Rayon Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və Ədliyyə Nazirliyinin rayon icra şöbəsi yerləşir. Burada gözdən əlil vətəndaşların sərbəst hərəkəti üçün hər mərtəbənin döşəməsinə xüsusi örtük salınıb. İctimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə gözdən əlil insanlar üçün də xüsusi yazılar var. Müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır.
Prezident İlham Əliyev məhkəmə zallarında yaradılan şəraitlə tanış olub.
Kompleksin böyük iclas zalında həm beynəlxalq, həm də ölkə səviyyəsində tədbirlər keçirmək mümkündür. Yeməkxana və kitabxana da ən yüksək səviyyədədir. Binanın alt qatında təqsirləndirilən şəxslərin müvəqqəti saxlanması üçün kameralar, onların vəkillərlə görüş otağı və konvoy maşını üçün yeraltı dayanacaq mövcuddur.
Dövlətimizin başçısı Sabunçu Məhkəmə Kompleksində yaradılan şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.