“Azərbaycanı kəşf et: Bakı 2015 buraxılışı” kitabının təqdimat mərasimi keçirilib Hadisə

“Azərbaycanı kəşf et: Bakı 2015 buraxılışı” kitabının təqdimat mərasimi keçirilib

Mərasimdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, SOCAR rəhbərliyi, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri, Avropanın ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin diplomatları iştirak ediblər.
Təqdimat mərasimində açılış nitqi ilə çıxış edən layihənin rəhbəri, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib ki, kitab dünya idman tarixində ilk dəfə keçirilmiş "Bakı-2015" Birinci Avropa Oyunlarına həsr olunub. Kitabda Birinci Avropa Oyunlarının gündəlik icmalı, yarışlar və bu yarışların keçirildiyi arenalar haqqında ətraflı məlumatlarla yanaşı, Azərbaycanın zəngin tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, təbiəti haqqında oxuculara məlumat çatdırılır. Qeyd olunub ki, ingilis dilində nəşr olunmuş kitab yalnız Birinci Avropa Oyunlarının deyil, bütünlükdə Azərbaycanın xaricdə təbliğatı işinə mühüm töhfə verəcək.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və bütün Avropa ölkələri üçün tarixi bir hadisə olmuş Birinci Avropa Oyunlarının nəticələri barədə söylədiyi fikirlərə diqqəti yönəldərək, hazırda ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan söz açıb. Birinci Avropa Oyunlarının Azərbaycanın bir idman ölkəsinə çevrildiyini bütün dünyaya nümayiş etdirdiyini söyləyən R. Abdullayev bu möhtəşəm idman bayramına neftçilərin böyük töhfələr verdiklərini vurğulayıb, SOCAR-ın Birinci Avropa Oyunlarının baş sponsoru olaraq idman qurğularının inşasında, şəhərimizdə aparılan geniş abadlıq və quruculuq proseslərində yaxından iştirak etdiyini deyib: "Ən böyük töhfəmiz isə, heç şübhəsiz, Bakı Olimpiya Stadionunun tikilib istifadəyə verilməsi oldu. Bakı Olimpiya Stadionu inşaat sahəsində böyük beynəlxalq nüfuza malik ekspertlər tərəfindən 2015-ci il üzrə idman qurğuları kateqoriyasında dünyada ilin ən yaxşı layihəsi elan olunub".
Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Gənclər və idman naziriAzad Rəhimov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel, Lordlar palatasının üzvü, "Senate Publishing" çap evinin sahibi, layihənin rəhbəri Lord Devid Evans kitabın əhəmiyyətindən və Azərbaycanın dünyaya tanıdılmasında rolundan bəhs ediblər.
Qeyd olunub ki, kitabın 2016-cı il martın 10-da Böyük Britaniyanın London şəhərində növbəti təqdimatının keçirilməsi nəzərdə tutulur.