Hacıqabulda narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR Hadisə

Hacıqabulda narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi “Narkomaniya: ağır və erkən ölüm” layihəsi çərçivəsində regionlarda görüşlər, tədbirlər davam edir. Növbəti tədbir Hacıqabul şəhər 10 nömrəli Texniki-təbiət fənlər təmayüllü məktəb-liseydə keçirilib.

Müzakirələrdə Hacıqabul Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Füzuli İbrahimov, Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Sahil Murtuzayev, Hacıqabul Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Bəsti Zərbəliyeva, səhiyyə idarələrinin, məktəblərin, müxtəlif dövlət strukturu və özəl qurumların nümayəndələri iştirak edərək, narkomaniya ilə bağlı onları narahat edən məsələləri gündəmə gətiriblər, fikir mübadiləsi aparıblar, aidiyyəti üzrə suallar veriblər.

Giriş sözü ilə çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov öncə Hacıqabul Rayon İcra Hakimiyyətinə və Hacıqabul şəhər 10 nömrəli Texniki-təbiət fənlər təmayüllü məktəb-liseyin rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirib.Daha sonra o, təmsil etdiyi qurumun layihə çərçivəsində gördüyü işlərdən danışıb, narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb. Dövlətin, ayrı-ayrı qurumların, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu sahədə gördüyü işlərdən, dəstək olduqları layihələrdən danışıb. Sədr müavini Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirib.

Sonra çıxış edənlər bildiriblər ki, Hacıqabul rayonu ərazisində narkotik bitkilərin kultivasiya olunmasının və yabanı halda bitməsinin qarşısını almaq məqsədi ilə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir. Rayon təhsil müəssisələrində də narkomaniyaya qarşı mübarizə sahəsində bir çox işlərin görüldüyü diqqətə çatdırılıb.Ölkəmizdə nümunəvi gənclərlə yanaşı, pis vərdişləri ilə həm özü, həm də cəmiyyət üçün təhlükə mənbəyi olan narkotik aludəçilərinin də olduğu təəssüflə qeyd edilib. Xatırladılıb ki, narkomaniya əsrin faciəsidir, bu qlobal bəla ilə mübarizədə bütün cəmiyyətin səfərbər olmalıdır. Xalqın gələcəyinin sağlam, etibarlı gənclikdən asılı olduğu diqqətə çatdırılıb. Bildirib ki, gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılmasını vacib sayan qonaqlar bu yöndə işlərin getdiyini xatırladıblar. Xüsusi vurğulanıb ki, problemin aradan qaldırılmasında vətəndaşlıq təşəbbüsü göstərmək lazımdır.

Eyni zamanda həm ekspertlər, həm də iştirakçılar bu sahədə işlərin daha da gücləndirilməsini vacib sayıblar. Nəzərə çatdırılıb ki, narkomaniya və onun fəsadlarına qarşı mübarizə üçün yeni iş yerlərinin açılması, ödənişsiz, yaxud qismən ödənişli idman komplekslərinin sayının çoxaldılmasına böyük ehtiyac var. Gənclər asudə vaxtlarını səmərəli keçirməlidirlər.

Qeyd edək ki, mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış və ön hissəsində “Narkomaniyaya “yox” deyək” yazılmış xüsusi köynəklər paylanılıb.

Qeyd edək ki, layihənin icra müddəti 3 aydır.