“50 il bundan əvvəl agent kimi fəaliyyətdə olmuş bir adamın adının açıqlanması kimə nə verəcək?” Hadisə

“50 il bundan əvvəl agent kimi fəaliyyətdə olmuş bir adamın adının açıqlanması kimə nə verəcək?”

İlham İsmayıl: "Bu, yalnız MTN-nin işini iflic edəcək"

"Arxivlərin açılması zaman - zaman gündəmə gətirilib və hər dəfə də arxivlə agentura şəbəkəsi eyniləşdirilib. DTK arxivlərinin açılması barədə mütəxəssislər, peşəkarlar bu rəydədirlər ki, arxivin açılması üçün MTN - də komissiya yaradılmalı və komissiyanın rəyilə tarixi araşdıran alimlər, tarixçilər, maraqlı şəxslər burdan sərbəst istifadə edə bilərlər". Bunu Təhülkəsizlik üzrə ekspert, keçmiş MTN zabiti İlham İsmayıl deyib. O. bildirib ki, amma agentura şəbəkəsinin bura - yəni arxivə aidiyyatı yoxdur: "Məxfi əməkdaşların adlarının açıqlanması yolverilməzdir. Burda zərərdən başqa heç bir xeyir yoxdur, o ki, qala dövlətin yolunu, inkişafını müəyyənləşdirmək kimi strateji prinsiplərə təsir etməsi. MTN, o cümlədən bütün xüsusi xidmət orqanları əsasən məxfi əməkdaşlar vasitəsilə informasiya əldə edirlər. Agent vasitəsilə hadisələrə təsir edə bilirlər, cinayətin qarşısını zamanında ala bilirlər. Lap 50 il bundan əvvəl agent kimi fəaliyyətdə olmuş bir adamın adının açıqlanması kimə nə verəcək? Bu, yalnız MTN-nin işini iflic edəcək. Vətəndaşlar perspektivdə əməkdaşlıq etməkdən tamamilə imtina edəcək ( onsuz da bu iş asan baş tutmur) Fəaliyyətdə olanlar isə tədricən imtina edəcək ki, onun da adının açıqlanmasına zəmanət olmayacaq. Gələcək cəlbetmələr isə müşgülə dönəcək. Agenti təlim və tərbiyə edən rabitəsində olduğu əməliyyat işçisidir. Agent necə özbaşına "at oynada" bilər? Agent tapşırıq yerinə yetirir, bunu məxfi edir, əlinə bayraq alıb demir ki, mən agentəm. Ona görə bu şəbəkənin açılmasının dövlətə, millətə ziyanından başqa heç nəyi olmaz. Elçibəy hakimiyyətə gələndə hətta belə bir məsələ oldu ki, Elçibəyin ətrafında olan agentin adı açıqlansın. Əməliyyat müşavirəsində istər gənc, istər təcrübəli əməkdaşların hamısı etiraz etdik. Ukraynada fərdi qaydada yalnız əsaslandırılmış formada arxivə girib öyrənmək olar ki, kim onlardan donos verib və sairə. Agentura şəbəkəsi rəngarəngdir. Orda ən məşhur adamdan tutmuş, sıravi adama qədər olanlar var. Xalqın sevimliləri də orda ola bilər. Nə olsun? Düzdü, cinayətin qarşısını alan agentlə, qonşusundan tənqid eşitdiyinə görə donos aparan ağentin fərqi var. Amma burda da günah agentdə yox, onu yönəldəndə, sistemdədi. Məxfi əməkdaşların yüz il bundan əvvəlki siyahısı da açılmamalıdır. Hələ indiyədək dünyanın aparıcı kəşfiyyat və əks - kəşfiyyat qurumları agentura şəbəkəsini açıqlamayıb. Heç Lenin də çarın agentlərinin adını aşkarlamadı, istifadə etdi. Agent vəzifəyə gedə bilər, ona kömək etmək də olar, amma açıq formada mümkün deyil, bu onun ifşasına səbəb ola bilər. Xüsusi xidmət orqanları haqqında bəzən romantik təsəvvürlər olur, o cümlədən agentlər haqqında. Bu romantik təsəvvürü adətən dağıtmırıq".