Səlim Müslümov BMT-yə məruzə təqdim edib Hadisə

Səlim Müslümov BMT-yə məruzə təqdim edib

Cenevrədə (İsveçrə) BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında "Əlillərin hüquqları haqqında" Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycanın ilk məruzəsi təqdim olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə nümayəndə heyətinin rəhbəri nazir Səlim Müslümov məruzədə ötən müddətdə ölkədə əlillərlə bağlı aparılan siyasətin bu konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Nazir Azərbaycanda əlilliyin səviyyəsinin dünya üzrə müvafiq göstəricidən 2,5 dəfədən çox aşağı olduğunu vurğulayıb. S.Müslümov bildirib ki, bununla belə, Ermənistan-Azərbaycan münaqişəsi ölkədə əlilliyin artmasında mühüm rol oynayıb, respublikanın ərazi bütövlüyünün müdafiəsi zamanı 11912 nəfər insan əlil olub. Onun sözlərinə görə, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitin yaradılması həm ölkənin Konstitusiyasında, həm əsas strateji sənədi olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub.
Nazir əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsi ilə bağlı Azərbaycanda həyata keçirilən fəal siyasəti konkret göstəricilər əsasında diqqətə çatdırıb.
Sessiyada avropalı ekspertlər "Əlillərin hüquqları haqqında" Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan hökumətinin ilk məruzəsini yüksək dəyərləndirib və konvensiyanın icrası ilə bağlı ölkəmizdə görülən işlərdən məmnunluqlarını ifadə ediblər.