KİVDF qalibləri mükafatlandırdı Hadisə

KİVDF qalibləri mükafatlandırdı

Vüqar Səfərli: "Vüqar Səfərli: ""Sözün zirvəsində" adlanan kitabda 100 yazı toplanıb və bu ənənə bundan sonra da davam etdiriləcək"


Dekabrın 25-də "AltunSaray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və qarşıdakı əlamətdar bayramlara həsr olunmuş tədbir keçirilib.
Dövlət himninin səslənilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq 2015-ci ilin ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olduğunu, tarixdə ilk dəfə Bakıda keçirilmiş Avropa Oyunlarının ölkə həqiqətlərinin beynəlxalq miqyasda daha dolğun təbliği, habelə Azərbaycanın siyasi, iqtisadi və idman imicinin yüksəldilməsi baxımından əhəmiyyətini diqqətə çəkib. İcraçı direktor bildirib ki, bu il Azərbaycan mediası üçün ən mühüm hadisələrdən biri də Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin regionlarda və paytaxt Bakıda təntənəli şəkildə keçirilməsi olub: "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Fondun və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyul ayı ərzində Zərdab, Gəncə, Qəbələ, Masallı və Quba rayonlarında yerli icra hakimiyyəti orqanlarının, yerli və mərkəzi mətbuatın nümayəndələrinin iştirakı ilə konfranslar keçirilib. Həmin konfranslarda milli mətbuatın keçdiyi tərəqqi yoluna, müasir inkişaf təmayüllərinə, region mətbuatı ilə bağlı bəzi problemlərə nəzər salınmış, qarşılıqlı faydalı müzakirələr aparılıb, qərarlar qəbul olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 20 iyul tarixdə imzaladığı sərəncamlarla ölkə jurnalistikasının inkişafında xidmətləri olan 180 nəfər jurnalist fəxri ad, orden, medal və fəxri diplomlarla təltif ediliblər".
Fondun 2015-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı geniş hesabatla çıxış edən Vüqar Səfərli mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə reallaşdırılan çoxsaylı layihələr barədə məlumat verib. İctaçı direktor Fondun 2015-ci ildə gündəlik, günaşırı və həftəlik nəşr olunan 34 qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət üzrə 6000 səhifədən çox yazı dərc edildiyini diqqətə çatdırıb.
Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bundan başqa, Fond il ərzində Qaradağ, Binəqədi və Nizami rayon icra hakimiyyətləri, Milli Olimpiya Komitəsi, "Azərbaycan Hava Yolları" QSC, Dövlət Statistika Komitəsi, "Azərilmə" Xalçaçılıq Mərkəzi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə 8 müsabiqə keçirib. Ümumilikdə, il ərzində keçirilmiş 11 müsabiqədə 716 nəfər jurnalist iştirak edib, onlardan 434 nəfəri qalib olaraq mükafatlandırılıb.
Vüqar Səfərli Fondun 2015-ci ildə "Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələri maliyyələşdirdiyini, hər üç layihə üzrə 6 ay aparılmış monitorinqlər zamanı media və teleradio məkanının dil problemlərinin araşdırıldığını və müvafiq təkliflərin irəli sürüldüyünü bildirib.
Vüqar Səfərli Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə də ətraflı məlumat verib. Onun sözlərinə görə, müsabiqəyə 60 kütləvi informasiya vasitəsindən 156 yazı daxil olub, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib, Müşahidə Şurasının qərarı əsasında 113 nəfər jurnalist qalib elan edilib: "Müsabiqədə ikinci və üçüncü yerləri tutmuş jurnalistlər dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə mükafatlandırılıblar. Bu gün isə biz müsabiqədə birinci yeri tutmuş jurnalistləri mükafatlandıracağıq".
Mükafatlandırma mərasimindən sonra çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qalib jurnalistləri təbrik edib, habelə belə müsabiqələrin keçirilməsinin əhəmiyyətindən söz açıb. O, Prezident İlham Əliyevin mediaya əsil dost münasibəti göstərdiyini, jurnalistlərin problemlərinin həllinə həssaslıqla yanaşmasını, habelə onların sosial-məişət problemlərinin həllinə həssas münasibətini yüksək dəyərləndirib.
Tədbirə yekun vuran Fondun icraçı direktoru Vüqar Səfərli rəsmi hissənin yekunlaşdığını bildirərək tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.