Azərbaycanda mobil telefonların qiyməti bahalaşacaq? Hadisə

Azərbaycanda mobil telefonların qiyməti bahalaşacaq?

Fevralın 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Bəs bu Azərbaycanda mobil telefonların qiymətinə necə təsir edəcək?

Bazar iştirakçılarının Trend-ə verdiyi məlumata görə, bu qərardan sonra mobil telefon bazarında qiymət artımı gözlənilir.

"Artım isə telefonun marka və modelinə görə dəyişəcək. Belə ki, qiymət artımı 30-200 manat arasında gözlənilir. Əsas səbəb isə şəxsin xaricdən öz istifadəsi üçün gətirəcəyi mobil telefona görə əlavə rüsum ödəməli olmasıdır. Bu da olmayacaq. Buna görə də məcbur qalıb ölkə daxilində telefon almağa üstünlük verəcək. Bu səbəbdən də təklif artacaq".

İqtisadçı ekspert Eyyub Kərimli isə Trend-ə bildirib ki, qərar ölkədə mobil telefonların qiymətlərinin bahalaşmasına səbəb olmayacaq.

"Qəbul edilən qərar ölkədə mobil telefonların qiymətlərinin bahalaşmasına səbəb olmayacaq. Qiymət artımı yalnız şəxsi istehlak üçün mobil telefonu ölkəyə gətirən şəxslərə təsir edəcək. Lakin telefon dükanları xaricdən telefon gətirərkən əvvəl də rüsum ödəyirdilər. Ona görə şirkətlərin xaricdən gətirdiyi mobil telefonların qiymətlərində artım olmayacaq", - deyə ekspert qeyd edib.

Xatırladaq ki, yeni qaydaya əsasən fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməlidir.