“Nazir müavininin turizmdən xəbəri yoxdur” Hadisə

“Nazir müavininin turizmdən xəbəri yoxdur”

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında "Turizm haqqında" yeni qanun layihəsi müzakirə olunub.
Komitə sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsinin həcmi çox böyükdür: "Layihədə bütün məsələlər öz əksini tapmalıdır. Biz "Turizm haqqında" qanun layihəsini bu ayın sonu və ya mayın ilk ongünlüyündə yenidən müzakirəyə çıxaracağıq. Layihə yenidən rəylərə göndərilə bilər. Vaxtilə mənfi rəy formalaşdıran təşkilatlar düşünürəm ki, yenidən layihə ilə əlaqədar fikirlərini bildirəcəklər".
Komitə sədri nümunə kimi qeyd edib ki, Moskvada Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəliyi yaradılıb: "Onlar vaxtilə Bodrum, Antalya və Türkiyənin bir çox yerlərinə istirahət etməyə gedirdilər. Lakin Rusiya və Türkiyə arasında münasibətlər bu sahədə boşluq yaradıb. Biz bu boşluqdan istifadə edərək turistlərin Azərbaycana cəlb edilməsi istiqamətində ciddi çalışmalıyıq. Hər zaman deyirdik ki ölkəmizdə 5 ulduzlu otellər çoxluq təşkil edir. Amma hazırda ölkəmizdə 3 və 4 ulduzlu otellər də var və turizmin digər istiqamətləri də vüsət almağa başlayıb".
Deputat Rauf Əliyev ötəndəfəki iclasda layihə ilə bağlı səsləndirilən təkliflərlə əlaqədar baş nazirə ümumi bir məktub ünvanlanmasını zəruri sayıb: "Nədənsə, bu məsələlərdən xəbər çıxmadı. Ötən iclasda bizimlə müzakirələrə qatılan nazir müavininin deyəsən, heç turizm sahəsindən xəbəri yoxdur".
Sonda qərara alınıb ki, gələn ayın ilk ongünlüyündə qanun layihəsi ilkin formaya salınsın və rəy alınması üçün müvafiq qurumlara göndərilsin.