Mərkəzi Bank: Ödəniş təşkilatlarının vəsaitlərinin təhlükəsizliyi bizi narahat edirdi Hadisə

Mərkəzi Bank: Ödəniş təşkilatlarının vəsaitlərinin təhlükəsizliyi bizi narahat edirdi

Ödəniş təşkilatlarının vəsaitlərinin təhlükəsizliyi bizi narahat edən mühüm məsələlərdən biri idi.

“APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Rəşad Orucov deyib ki, bu, indiyə qədər ödəniş təşkilatlarının fəaliyyətin tənzimlənməməsində yaranan ən böyük risklərdən biri idi: “Artıq bu sektorun təmsilçilərin özünün də qeyd etdiyi kimi bir sıra qeyri-peşəkar oyunçular fəaliyyətin tənzimlənməməsi halında bazara daxil ola bilərdi. Bu, ilk növbədə istehlakçıların vəsaitləri üçün təhlükə yaradırdı, eyni zamanda sektorun özünə olan etimadı məsələsinə çevrilirdi. Hər hansı bir iştirakçının etimadı ciddi zədə alması bütövlükdə sektorun digər yaxşı iştirakçılarının da fəaliyyətinə ciddi maneələr törədirdi”.