Mənəvi borc anlayışı Hadisə

Mənəvi borc anlayışı

Yaşadığımız XXI əsr texnika, texnolji nailiyyətlər, Elmi-Texniki Tərəqqi əsri olsa da, bu gün müasir tarixə daha çox təzadlar əsri kimi daxil olmaqdadır. Maddi aləm mənəvi aləmi üstələyir, nəticədə mənəvi aləmin, bütövlükdə cəmiyyətin deqradasiyası baş verir. Əsrlərin qan yaddaşından üzü bəri-sənə, mənə yadigar mənəvi borc anlayışı var idi. (idi ona görə ki, artıq bu borc anlayışın tarixin hisli-tozlu arxivlərinə atmışıq) Sadə bir misal: bütün insanlar eyni cür deyillər. Sağlam, gümrah, zəngin, yaxşı yaşayan insanlar olduğu kimi, xəstə, zəif, kasıb, pis yaşayan insanlar da var. Onların sırasına valideyn himayəsindən məhrum olmuş uşaqları, kimsəsiz qocaları, əlilləri, şikəstləri, qaçqın və məcburi köçkünləri də əlavə etsək,onda yardıma, qayğıya möhtac insanların sayının nə qədər çox olduğunu apaydın görərik. Belə insanlara qayğı göstərmək, maddi və mənəvi yardımlar etmək, onlara baş çəkmək, xoş ünsiyyətdə olmaq mərhəmət deməkdir. Mərhəmətli insan dedikdə biz həm səxavətli, həm də ürəyiyumşaq insanları nəzərdə tuturuq. Təkcə insanların deyil, bitkilərin, heyvanların və quşların da mərhəmətə, qayğıya ehtiyacı var.

Yəqin ki, sizlər Cəlil Məmmədquluzadənin "İki alma"hekayəsini oxumusunuz. Bu kiçik hekayədə yazıçı qəlbisınıqların könlünü almağı, maddi yardıma ehtiyacı olan insanlara köməklik göstərməyi insanlıq borcu hesab edir.

Qarabağ müharibəsindən bəhs edən "Fəryad"filmini yada salaq. Ermənilərə əsir düşmüş azərbaycanlı döyüşçünün od tutub yanan evi söndürərək azyaşlı erməni uşağını labüd yanğından xilas etməsi bu cəlladları heyrətə gətirir. Onlar başa düşmürlər ki, azərbaycanlı hərbi əsir İsmayılı bu işə sövq edən onun mənsub olduğu xalqdakı mərhəmət, nəciblik hissidir. Azərbaycan xalqının böyüklüyü ondadır ki, ən çətin, ən dözülməz vəziyyətlərdə belə bu hisslərini, bu nəcib duyğularını - bir sözlə mənəvi borc anlayışını itirməmişdir.

İndiki vəziyyət isə tam başqadır. Maddilik hər şeyi arxa plana keçirib. Yavaş-yavaş mənəvi borc anlayışı itir və unutmaq olmaz ki, belə olduğu təqdirdə insan mənəviyyatsızlaşır. Bəlkə bir az düşünək?

Malik Balaşov, tarixçi-publisist