Bir uşağın arxasınca 4-5 maşın gəlir Hadisə

Bir uşağın arxasınca 4-5 maşın gəlir

"Sabah yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda sıxlığın yaranmaması, hərəkətin normal qaydada təşkili məqsədilə əməkdaşlarımız gücləndirilmiş rejimdə çalışacaqlar".
Bunu Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. Şöbə rəisi bildirib ki, təhsil müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və prospektlər üzrə nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün təhsil müəssisələrinin giriş-çıxış hissələrinin yaxın məsafələrində, yolların hərəkət hissəsində ikinci cərgədə avtomobilin park edilməsi qadağandır:
"Bütün bunları nəzərə alaraq sürücü olan valideynlərdən xahiş edirik ki, dayanma-durma tələblərinə düzgün riayət etsinlər. Burada məqsəd odur ki, məktəblərin ətrafında sıxlıq yaranmasın. Son illərin təcrübəsi göstərir ki, bəzi valideynlər övladlarını məktəbə gətirərkən avtomobili məktəbin qarşısında saxlamağa çalışır. Bir neçə belə valideynnin səhvi ucbatından saatlarla tıxac yaranır, sıxlıq yaşanır. Sürücünün yolun hərəkət hissəsində ikinci cərgədə 30 saniyə belə lüzumsuz olaraq dayanması ən azından bir istiqamətli iki hərəkət zolağı olan yolda xeyli avtomobilin yolda ləngiməsinə səbəb olur. Sürücülərdən piyadaları, ictimai nəqliyyat vasitələrini nəzərə almalarını rica edirik. Unutmasınlar ki, küçə və prospektlərdən hər kəsin eyni dərəcədə istifadə etmək hüququ vardır".
Vaqif Əsədov qeyd edib ki, bəzən bir uşağın arxasınca məktəbə 4-5 maşın gəlir:
"Bəzən olur ki, 1-ci sinifə gedən şagirdi bəzədilmiş 4-5 maşın müşayət edir. Bu qədər avtomobilin birinci sinifin şagirdinin ardınca getməsi həmin ərazidə sıxlığın yaranması deməkdir. Belə ki, avtomobillərin məktəb ətrafında parklanması sıxlığın yaranmasına gətirib çıxarır. Birinci sinifə gedən uşaqların valideynlərinin sevincinə qoşuluruq. Amma xahiş edirik ki, belə halları nəzərə alsınlar. Başqa hərəkət iştirakçılarına mane olmasınlar və yollarda sıxlıq yaranmasın. Ümumilikdə yol polisi bütün məktəblərin ətrafında xidmət aparacaq və sıxlıq yaradan sürücülər barəsində tədbir görüləcək".