Arif Əmrahoğlu tənqidində “Mirzə Fətəli Axundzadənin söz dünyası” Hadisə

Arif Əmrahoğlu tənqidində “Mirzə Fətəli  Axundzadənin söz dünyası”

Mərhum Arif Əmrahoğlunun M.F.Axundzadəyə həsr etdiyi sonuncu sanballı əsərindən danışmaq istəyirik. Bəri başdan deyək ki, "Mirzə Fətəli Axundzadənin söz dünyası" monoqrafiyasının araya-ərsəyə gəlməsinə Arif Əmrahoğlu hələ 30 il bundan əvvəl qələmə aldığı məqalələrindən başlamışdı. Bu gün az qala əksər mənəvi dəyərlərimizin, bədii-fəlsəfi təfəkkür xadimlərimizin, o cümlədən M.F.Axundzadə düşüncəsinin təftişə daha çox məruz qaldığı dövrdə Arif Əmrahoğlu Mirzə Fətəlinin XIX əsr feodal-sxolastik Azərbaycanında görmək istəyində bulunduğu hər nə varsa, hamısını obyektiv təfəkkür süzgəcindən keçirməyə çalışaraq həmin dövrkü ədəbi-fəlsəfi durumumuzda "ondan artıq hündürlüyə tullana bilməmək" yönündən dəyərləndirməyə müvəffəq ola bilmişdi. Arif haqlı olaraq göstərmişdi ki, Qərbin başlıca məqsədi "dolanacağı təmin etmək, qarşısıalınmaz bir axınla Şərqə, o cümlədən Azərbaycana "hücuma keçmiş" Qərb mədəniyyəti ilə ünsiyyətdə, təmasda olmaq, Mirzə Şəfinin dediyi "başqa bir peşə"nin sahibi olmaq idi".
M.F.Axundzadəni əlifba islahatı aparması istəyi maariflənmənin yeganə yolu olmasa da, hər halda Qərbə üz tutmağın mühüm yollarından biri idi. Bir şey də nəzərə alınmalıdır ki, Qərbə üz tutmanın M.F.Axundzadə tərəfindən səsləndirilməsinin tərəfdarları XIX əsrin ortalarından Osmanlı Türkiyəsində də az deyildi. Çünki maarifpərvər Osmanlı hökmdarları, böyük vəzifə daşıyıcıları, ədibləri, fəlsəfi-estetik fikir sahibləri müasirləşməni bir proqram kimi qavrayıb həyata keçirməyə can atırdılar. III Səlim (1789-1808), IV Mustafadan sonra taxt-taca yiyələnən II Mahmud (1808-1839) da həmin yolu davam etdirməyi üstün tutmuşdu. Abdulməcid (1823-1861) də bu kursdan, bu yoldan çəkinməmişdi. Bütün bunların nəticəsində Türkiyəyə yeni təfəkkür axını da gəlməyə başlamışdı. M.F.Axundzadə bütün bu proseslərdən, heç şubhəsiz ki, xəbərdar idi. Namiq Kamal, Ziya Paşa və b. bu kimi təfəkkür sahibləri ölkənin yeni düşüncə müstəvisində inkişafına öz töhvələrini verirdilər. Türkiyədə bu məsələ mühüm konsepsiyaya çevrilib Tənzimat dövrünə gətirildiyi halda, M.F.Axundzadə Azərbaycan mühitində bu auranı, bu mühiti, bu istiqaməti yaratmağa çalışan yeganə adam idi. Kənan Akyüzün təbirincə desək, türk xalqlarında islamın zamanla ayaqlaşmadan kənarda qalmış məqamları bu dövrdə yeni şəkildə canlandırılmalı idi. Bu canlanmanı, yeni təfəkkür tərzini də Azərbaycanda ortaya gətirən məhz M.F.Axundzadə idi. Çünki əlifba məsələsini ortaya atarkən M.F.Axundzadənin istəyi "ümumun xeyri" idi. Böyük mütəfəkkirin özü yazdığı kimi, "Yoxsa, allaha şükürlər olsun ki, mənim yaşayış vasitəm və asayişim başqa yollarla da təmindir. Bu cür işlərdən qazanca ehtiyacım yoxdur". Arif Əmrahoğlu ədibin bu tipli fikirlərini, məqsəd və məramlarını da düzgün qiymətləndirirdi. Elə buna görə də yazırdı ki, bu "məqsədinin həyata keçməsi üçün o, öz ruhunu xərcləyirdi".
Arif Əmrahoğlu yaxşı bilirdi ki, M.F.Axundzadə liberal fikirli Azərbaycan zadəganları Bakıxanov, Qutqaşınlı, Xasay bəy Usmiyevlə ünsiyyətdə olarkən onların düşüncəsinin məhdudluğunu da duyurdu. Buna görə də o, öz dövründə xalqın azadlıq mübarizəsi üçün müstəqil olaraq yollar axtarırdı. Axundzadə bilirdi ki, onun öz dövründə işləyib hazırladığı "Əlifba layihəsi islahatı" vaxt gələcək ki, nəsillər tərəfindən həyata keçirələcək. Bu layihənin onun zamanında baş tutmaması konsepsiya uğursuzluğundan daha çox ictimai-maarifçilik fikrinin, siyasi-ideoloji mühitin ona hazır olmamasından irəli gəlirdi. Axundzadə özü yaşadığı dövrdə maarifçilik, bədii, ictimai-fəlsəfi fikir sahəsində yeganə konseptual və modern düşünən təfəkkür daşıyıcısı idi. Onun bu öncüllüyünü sonrakı gedişat və proseslərin özü də sübut edirdi. Axundzadənin belə bir fikirdə bulunması heç də boş yerdən qaynaqlanmırdı. Çünki o, qabaqcıl rus və Qərb ictimai-fəlsəfi fikrinin nümayəndələri Belinski, Qoqol, Qriboyedov, Monteskye, Volter və b. əsərlərini yetərincə mütaliə edib öyrənmişdi. Ictimai-siyasi mübarizənin aparılma istiqamətlərini də yaxşı bilirdi. Ancaq əlverişli zaman məsələsi həmin dövrdə hələ də problem olaraq qalırdı.
XIX əsrin ortalarında "Müsyo Jordan..." komediyasının onun qələmindən çıxması, Azərbaycan gerçəkliyini elə mükəmməl mənzərələrlə əks etdirməsi, həmin dövrə qədər bu janrın kanonlarından xəbərsiz olan ədəbiyyata səriştəli süjet, kompozisiya və bədii aləm bəxş etməsi də o vaxtlar bizim mühitdə inandırıcı, gerçək görünmürdü. Lakin onları da ictimai-fəlsəfi, bədii-estetik fikrimizə M.F.Axundzadə gətirmişdi. Bu, həmin dövr üçün doğrudan da partlayış idi. Lakin eyni zamanda həmin ziddiyyətli dövrlərdə cəmiyyətlə yazıçı-dramaturq arasında anlaşılmazlıqların davam etməsi də qaçılmaz idi. Ölkədə mövcud olan avamlıq, fanatizm, xalqın tərəqqiyə tuşlanan yolunda olduqca mühüm sədd kimi onun təfəkkürünü qandallayırdı. Amma bütün bunlar onu məsləkindən çəkindirə də bilməzdi. O, müxtəlif qüvvələr tərəfindən istər xalqın özünün içində, istərsə də qeyri-yerlərdə (İranda, Türkiyədə) təpkilərə məruz qalsa da, istəyini həyata keçirməkdə israrlıydı. Bütün bunlar nə qədər təbii görünsə də, Axundzadə təfəkkürünün zənginliyi və dərinliyi insanlar tərəfindən onun şarlatanlığı kimi dərk olunurdu.
Axundzadə ərəb əlifbasında hər bir səsin bir neçə şəklinin olduğunu, müxtəlif mövqelərdə müxtəlif qrafik təsvirlərlə verildiyini və bunun çətinliklərini də yaxşı bilirdi. Xalqın təhsilə yiyələnməsində bu əlifbanın yaratdığı sədləri də görürdü. Bax, elə bunlara görə də Axundzadənin hədəfləri qəti şəkildə ortada dayanırdı. Onilliklər keçdi. Nəticədə onun əlifba islahatının sosial-ictimai xarakterli olduğu sübuta yetirildi. Əvvəllər o, yalnız bəzi hərflərin şəklinin sadələşdirilməsi fikrinə meydan versə də, fanatiklər və mürtəce düşüncə sahibləri bunu dinin özünə əlatma kimi qiymətləndirir və hər vəchlə ona qarşı çıxma kimi dəyərləndirirdilər. Axundzadə geriliyin, nadanlığın başlıca səbəblərindən biri kimi əlifba çətinliyini düzgün dərk edirdi. Tiflis kimi mədəni mərkəzdə rus, gürcü və ermənilərlə özümüzü müqayisə edərkən geriliyimiz onun vicdanını rahat buraxmırdı. Təəssüf ki, Axundzadə öz ideyalarının həyata keçirilməsində tək idi. Elə buna görə də tərtib etdiyi layihələrə əlavələr edir, yeniləri üzərində düşünür, öz içində yollar arayırdı. Daxilindəki ziddiyyətlər və çəkişmələr də əbəs yerə yaranmırdı. Axı o, xalqın taleyüklü məsələsi üzərində düşünürdü. Çar hökümətindən öz əlifba layihəsini İrana göndərmək üçün xahiş edəndə o, bu islahatın mahiyyətini açıqlayarkən ərəb əlifbasının öyrənilməsi üçün illər tələb olunduğu halda bunun yeni əlifbanın köməyi ilə bir ayda öhdəsindən gəlməyin mümkünlüyünü də vurğulamışdı.
Axundzadənin ümidləri doğrulmadı. İran belə çağırışa tam etinasızlıq nümayiş etdirdi. Buna görə o, Rusiya missiyasının İstanbuldakı rəhbəri A.Butenevə analoji xahişlə müraciət etdi. Türkiyədə də müsbət münasibətlə qarşılamayan Axundzadə dünya alimlərinə müraciət etməyi gərəkli hesab etdi. Peterburq, Paris, Almaniya, Avstriya alimlərindən heç kim ona bu islahatın həyata keçirilməsində köməkçi olmadı. Nə Qafqaz canişini M.S.Vorontsov, nə çar məmurları onun bu təşəbbüsünə maraq göstərmədilər. Əlacı kəsilib Qafqazşünaslar B.Dorn və Brosse müraciət etdikdə Dorn layihəni dəstəkləsə də, onun həyata keçirilməsində xeyli çətinliklərin ortaya çıxacağını söylədi. Axundzadə bundan həvəslənərək İstanbula yollanıb, orada yüksək şəkildə qarşılansa da, əslində bunun arxasında onun mütərəqqi ideyalarına qarşı bir düşməncilik də dayandığını hiss edirdi. Mütərəqqi fikirli ziyalılar, xüsusən Namiq Kamal və başqaları yazı islahatı aparılmasını müdafiə etsələr də, mürtəce ruhlu ruhanilər Axundzadəni qaralayırdılar.
Arif Əmrahoğlu monoqrafiyasının lap ilk səhifələrindən mifoloji dünyadan danışır. Bu mifoloji aləm birinci halda "Aldanmış kəvakib" povestinin materialına bağlanırsa, ikinci halda müəllif məsələni yeni müstəvidə nəzərdən keçirməyə, daha doğrusu, "Hekayəti-molla İbrahimxəlil kimyagər" komediyasının mifoloji motivləri konteksinə keçirir. A.Əmrahoğlu "Aldanmış kəvakib"i təhlil edərkən haqlı olaraq qeyd edir ki, bu povest bütövlükdə Azərbaycan mifologiyasının, mifoloji təfəkkürün üzərində qurulub. Povestdəki hadisələr nə qədər qeyri-inandırıcı görünsə də, xalqın fakt, sənət tarixi ilə yox, təfəkkür, mədəniyyət tarixi mifologiyası ilə bağlı olduğu üçün maraqlıdır. Burada iki mifoloji motivin diqqəti cəlb etməsi – ölüb-dirilmə motivi, ölümün aldadılması motivi (Qorqud Atadan gələn motivlə səsləşmə) və s. maraqlı mülahizələr zəminində araya gəlir. Mifoloji motiv problemini Arif monoqrafiyasının "Komediya və mifologiya" bölməsində də davam etdirir. "Onun (Axundzadənin) dramaturgiyası və nəsri Avropa libaslı Azərbaycan həyatı və təfəkkürüdür... görkəmli sənətkarın hər bir əsərinin həm birinci qatında, həm də ikinci qatında Azərbaycan xalqının təfəkkür, mədəniyyət, incəsənət, şifahi və yazılı ədəbiyyat tarixinin əsrləri qocaldan ənənəsi və faktları durur. Bax, elə "əsrləri qocaldan ənənə" də mifoloji motivlərdə mühüm yer tutur... İnsan bilmədən, bəlkə də istəmədən mifik təfəkkürün ya bütövlükdə özü, ya da arxaik rudimentləri ilə yaşayıb" - deyə təsdiqləyir.
Arif Əmrahoğlunun M.F.Axundzadə haqqında çağdaş ədəbi tənqidi fikrimizə təqdim etdiyi bu monoqrafiya həcmcə o qədər böyük olmasa da, diqqət mərkəzinə qoyulmuş problemlər kifayət qədər sanballı, orijinal və özünəməxsus olmaqla tənqidçinin özünün mənəvi potensiyasının, dünyasının öz ilğımları, öz şüarları kimi bərq vurmaqla, təfəkkürlü insanların nəzərini cəlb etməkdədir.


Nizami Tağısoy professor