“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə kinfrans keçirilib Hadisə

“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə kinfrans keçirilib

Məruzəçilər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu təsdiqləyiblər

Oktyabrın 19-da Bern Universitetində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə elmi konfrans keçirilib.
Azərbaycanın İsveçrədəki səfirliyindən verilən xəbərə görə, professor Deniz Brül-Mozerin moderatorluğu ilə keçirilmiş konfransda Boxum Sülh və Hərbi Münaqişə üzrə Beynəlxalq Hüquq İnstitutunun professoru Hans-Yoahim Hayntse, İstanbul Koç Universitetinin Qlobal Ümumi Hüquq Mərkəzindən dr. Valentina Azarova, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində sözügedən iş üzrə üçüncü tərəf qismində Azərbaycanın maraqlarını təmsil edən Avstriyanın "Lansky, Ganzger und Partner" hüquq şirkətinin rəhbəri dr. Qabriel Lanski, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və "Mergen Consulting" şirkətinin rəhbəri Rəhmi Doğan məruzə ilə çıxış ediblər.
Məruzəçilər öncə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və hüquqi aspektlərinə diqqəti cəlb edib, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin öz müqəddəratlarını nə üçün məhz Azərbaycan daxilində təyin etməli olduqlarına dair fikirlərini bölüşüb, daha sonra konkret məhkəmə işi üzrə tərəflərin təqdim etdiyi dəlilləri və onlara məhkəmənin verdiyi qiyməti, nəhayət, bununla bağlı çıxardığı qərarı təhlil ediblər. Bir daha vurğulanıb ki, məhkəmə təcavüz aktını bilavasitə dəyərləndirmək niyyətində olmasa da, münaqişənin tərəfi kimi ən başlanğıcdan məhz Ermənistanın olduğunu öz qənaətləri ilə təsbit edib. Bundan irəli gələrək, məruzəçilər Ermənistan-Azərbaycan münaqişəsində məhz hərbi işğal faktının baş verdiyini, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu təsdiqləyiblər.
İsveçrənin elmi və siyasi dairələrinin, o cümlədən federal hakimiyyət qurumlarının, Berndə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin, eləcə də İsveçrə universitetlərinin tələbələrinin qatıldığı konfrans interaktiv şəkildə davam edib.