“Şərq”çilər 20 yaşını qeyd edir... Hadisə

“Şərq”çilər 20 yaşını qeyd edir...

Akif Aşırlı: "Arzularımızın böyük bir qismi həyata keçib"


Noyabr ayının 1-i "Şərq" qəzetinin 20 yaşı tamam olur. "Şərq" Aqzərbaycan mətbuatında özünəməxsus yeri olan, ictimai fikrə təsir edən, daim maraqlı mövzulara toxunan qəzetdir. "Şərq"i fərqləndirən əsas xüsusuiyyətlərdən biri də onun milli məfkurəyə ciddi önəm verməsidir. Bu qəzet daim yeniliklər edən, önəmli layihələrə imza atan, cəmiyyətdə sevilən və maraqla qarşılanan mətbuat orqanıdır. "Şərqçilər"lə söhbətimizdə qəzetin keçdiyi 20 illik yola nəzər saldıq.
Qəzetin baş redaktoru Akif Aşırlı bildirdi ki, "Şərq"i hər zaman mətbuat içərisində sayılıb-seçilən və fərqli bir qəzet kimi görməyə çalışmışıq: "Hesab edirəm ki, arzularımızın böyük bir qismi həyata keçib. Ən azından bu gün "Şərq" ictimai rəyi formalaşdıran və ona təsir edən bir mətbuat orqanı kimi qəbul olunur. Bu gün bizim abunəçilərimiz var, gündəlik "Şərq"i oxuyan, izləyən kifayət qədər oxuyucu var. Bu oxucular üçün çalışmaq, Azərbaycan cəmiyyətinə xeyir vermək və jurnalist missiyasını həyata keçirmək imkanları bu gün varsa, bunu çox yüksək qiymətləndiririk".
"Bizim başqa qəzetlərdən fərqimiz ondan ibarətdir ki, müəllif yazıları həddən artıq çoxdur",- deyən Akif Aşırlı "digər qəzetlərdə mən müəllif yazılarına çox az rast gəlirəm",- deyə vurğuladı: "Hər bir hadisəyə, ümumi problemlərə baxışda da fərqlərimiz var. Biz çalışırıq ki, problemlərin çıxış yolunu qıcıq yaratmadan cəmiyyətə çatdıra bilək. Emosional və radikal baxışlardan uzaq, normal bir qəzetçilik tətbiq edirik. Əsasən, müxtəlifliyə fikir veririk. Jurnalistikada müxtəlifliyə önəm vermək üstünlük təşkil etməlidir. Problemi hamı fərqli görə bilər, amma "Şərq" iki fərqli peşəkarın məsələyə münasibətini vermək imkanına malikdir. Hesab edirəm ki, bu bizim üstünlüyümüzdür".
Onun sözlərinə görə, kollektiv 17 nəfərdən ibarətdir: "Bunların 9-u sırf yaradıcı heyət, yerdə qalan isə texniki heyətdir. Bilirsiniz ki, dövlət tərəfindən qəzetlərə müəyyən qədər maliyyə dəstəyi ayrılır. Bu maliyyə olmasa həm "Şərq" qəzeti, həm də digər qəzetlərin mövcudluğu sual altında idi".

"İndi qəzet oxutdurmaq elə də asan deyil"

"Şərq" qəzetinin redaktoru Anar Bayramoğlu bildirdi ki, ölkənin populyar, oxunan, üzdə olan 3-4 qəzetindən biri, "Şərq" qəzetinin 20 yaşı tamam olur: "Bu qəzetin Azərbaycan ictimai-siyasi, sosial, mədəni həyatında hansı rol oynadığını sadəcə onun tarixinə baxmaqla bilmək mümkündür. 20 il dayanmadan oxucuların görüşünə gəlməsi nəşr haqqında hər şeyi deyir. Bugünkü mətbuat bolluğunda, xüsusən də internet portalları çoxluğunda insanlara qəzet oxutdurmaq elə də asan deyil. Amma "Şərq" bu gün də öz oxucu auditoriyasını qoruyub-saxlamaqdadır. Bu da təbii ki, qəzetin kollektivinin, rəhbərliyinin peşəkarlığının nəticəsidir".
Onun sözlərinə görə, ən ümdə vəzifəsi oxuculara sağlam, qərəzsiz informasiya vermək olan "Şərq" kollektivinin və qəzetin əsas yükünü çiyinlərində daşıyan rəhbərliyin əməyinin nəticəsidir ki, 20 ildir bu mətbu orqan varlığını qoruyub saxlayır: "Az qala Azərbaycanın müstəqillik yaşı qədər ömrü olan "Şərq" həmişə dövlətçiliyimizin, milli dəyərlərimizin yanında dayanıb, heç zaman tutduğu yoldan sapmayıb. Mənim üçün isə "Şərq" bir dəyərdir, bir evdir. Azərbaycan mətbuatında azsaylı jurnalistlərdənəm ki, mətbuata ilk qədəm qoyduğum informasiya məkanı haradırsa, indi də oradayam. Və bu zaman kəsiyi 13 ildir. 13 ildir bu qəzetdə yazıramsa, demək ki, bura mənim üçün təkcə iş yeri deyil, həm də ikinci evimdir. Mən "Şərq"də jurnalist oldum, buranın rəhbərliyinin sayəsində yazı yazmağı öyrəndim, bu qəzet vasitəsi ilə tanındım. Sözün həqiqi mənasında "Şərq" bir məktəbdir. Özü də təkcə peşəkar jurnalistika məktəbi yox, həm də vicdanlı, ləyaqətli, əqidəli vətəndaş yetişdirmə məktəbidir".

Xalqın qəzeti

Qəzetin əməkdaşı Ayyət Əhməd ""Şərq" mənim üçün böyük bir təhsil ocağı, universal ali məktəb və zəngin bir akademiyadır". – deyə bildirdi: "Mən hər zaman, hər yerdə söyləmişəm ki, bakalavr və magistr ali təhsilimi Azərbaycan Dillər Universitetində (ADU) alsam da, tam ali təhsilimi "Şərq" də almaqda davam edirəm. Əlbəttə, "Şərq" çox çətin, ağrılı, taleyüklü və keşməkeşli yollardan keçib. Dəfələrlə məhkəmələrə çəkilib, bağlanma təhlükəsi ilə üzləşib. Buna rəğmən məlum sınaqlardan üzü ağ çıxaraq ayaqda qalmağı bacarıb. Ona görə ki, "Şərq" xalqın qəzetidir. Çox olub ki, hansısa bir sadə, siravi vətəndaşımızın "Şərq" vasitəsilə qaldırdığı məsələyə aidiyyatı qurumlardan dərhal reaksiyalar gəlib və həmin problem yerindəcə həllini tapıb. "Şərq" vətənpərvərliyi, obyektivliyi, məhsuldarlığı, kreativliyi, konstruktivliyi, qərəzsizliyi, liberallığı, demokratikliyi, yüksək nüfuzu, ictimai çəkisi, ictimai təsiri və nəhayət öz dəsti- xətti ilə seçilən bir media quruluşdur. Milli maraqlarımızın, milli dövlətçilik ənənələrimizin, Azərbaycançılıq ideyasının və milli təhlükəsizliyimizin qorunması "Şərq" qəzeti üçün prioritet rolunu oynayıb".
Onun fikrincə, indiki mətbu orqanların bolluğu dönəmində "Şərq"i digər media qurumlarından fərqləndirən də məhz bu orjinallığıdır: "Şərq" ənənələri olan bir qəzetdir. "Şərq" Azərbaycan mətbuatında çoxsaylı ilklərə imza atan mətbu orqandır. "Şərq" bol bəhrəli qocaman bir ağacdır. "Şərq" həm də bəhrə verdikcə , başını aşağı dikən ağacdır. Bu gün "Şərq"in qol- budaqları olan eks- şərqçilər ölkəmizdə və eyni zamanda ölkə hüdudlarından kənarda ən müxtəlif vəzifələrdə çalışırlar. "Şərq" ölkəmizə, cəmiyyətimizə onlarla-yüzlərlə azman qələm ustası, ziyalı bəxş edib. Çünki "Şərq" yalnız qəzetçiliyi deyil, siyasət, psixologiya, hüquq, iqtisadiyyat, ədəbiyyat, mədəniyyət və s kimi sahələri də təlqin edir. Qeyd etdiyim kimi bu ağacın kökünə çox baltalar saplanıb, amma yıxılmayıb. Ona görə ki, bu ağacın mayası və ruhu sağlamdır. Bu ağac biz gənc kadrları yetişdirməklə bu gün də öz pöhrəsini verməkdədir. Allah bu ağacın kölgəsini ölkəmizin, insanlarımızın üzərindən əskik etməsin. Əlbəttə, "Şərq"-in və şərqçilərin bu nailiyyətlərində baş redaktorumuz, dəyərli ziyalımız, hər zaman ədalətli, demokratik, humanist düşüncəsi, qərarları ilə fərqlənən Akif Aşırlının və baş redaktorun birinci müavini Yusif Nəzərlinin müstəsna, danılmaz xidmətləri var. "Şərq" yaşasın ki, biz də yaşayaq... İgid yaşın mübarək, "Şərq"!"
Qəzetin əməkdaşı Şəymən Bayramova dedi ki, 7 ildir "Şərq"də çalışır: "Şərq" az qala mənim yaşıdım olduğu üçün qəzetin keçdiyi yolla, tarixi ilə bağlı danışmağım bir o qədər də doğru olmaz. Hesab edirəm ki, bu səlahiyyət qəzetin yaranmasında və bir mətbu orqan olaraq formalaşmasında əməyi keçən həmkarlarımın üzərinə düşür. Öz adımdan onu deyə bilərəm ki, "Şərq" mənim üçün adi bir qəzet deyil. Elə müsahiblərimlə söhbət zamanı özümü təqdim edəndə də "Şərq" qəzetinin yox, "Şərq"in əməkdaşı kimi tanıdıram. "Şərq" oxucular, ictimaiyyət üzvləri üçün sadəcə qəzet oa bilər. Mənsə, "Şərq"i doğma evim, mehriban ailəm, məktəbim kimi görürəm. "Şərq"ə gələndə cəmi 17 yaşım vardı. Bunu xatırlatmaqda məqsədim odur ki, mən burda sadəcə jurnalistikanın sirrlərini yox, elə həyatın özünü öyrənmişəm. Elə buna görə də özümü "Şərq"ə borclu hesab edirəm. Əgər bu gün mən bir jurnalist olaraq özümü doğrulda bilmişəmsə, buna "Şərq" sayəsində nail olmuşam. Arzu edirəm ki, Azərbaycan mətbuatında yüksək zirvədə olan bir qəzet kimi "Şərq"in uğurları davam etsin. Üzərimdə haqqı olan bütün "Şərq"çilərə təşəkkür edirəm!".
Qəzetin digər əməkdaşı Yeganə Bayramova isə Şərq ailəsinə yeni qatılıb: "Şərq ailəsinə yeni gəlmişəm. Artıq 3 aydı ki burada işliyirəm. Redaksiyamızın bütün kollektivini təbrik edirəm. Bu kollektivdə çox şeylər öyrəndim və öyrənməyə də davam edirəm. İnşAllah 50,100 yaşımızı qeyd edək. Kollektivimizin bütün üzvlərinə işlərində uğurlar arzu edirəm. Hər zaman belə mehriban olaq...".

"Şərq"çi olmaq...

Qəzetinin əməkdaşı İsmayıl Qocayev dedi ki, "Şərq"də olmaq, "Şərq"çi olmaq çox gözəl və bir o qədər məsuliyyətlidir: "Şərq" yarandığı gündən indiyə kimi fərqli olmağı bacarıb. Rəhbərlik və kollektiv özəl insanlardır. Əslində kollektiv sözü daha çox hansısa qurumlarda, idarələrdə çalışan, bir an öncə işini görüb evinə tələsən işçi qrupa aid edilir. "Şərq" isə bir ailədir və qəzetdə çalışanların hamısı bu ailənin dəyərli üzvləridir. Rəsmi kollektivlərdən fərqli olaraq, ailə üzvləri münasibətlərdə səmimi, istiqanlı olur, biri-birinə can yandırır, qayğı göstərirlər. Ona görə də "Şərq"in indiki və keçmiş əməkdaşları qəzetdən qopa bilmirlər, heç vaxt bu mətbu orqana biganə yanaşmırlar. 20 yaşlı "Şərq" qəzetinin 4 ili də mənim payıma düşüb. Qəzetdə çalışdığım müddətdə "Şərq"in həm işçilərinə, həm də ümumilikdə cəmiyyətə aşıladığı vətənpərvərlik, dövlətçilik və millətçilik dəyərlərini mənimsəməyə çalışmışam. Ümid edirəm, az da olsa buna nail olmuşam. Çalışacam ki, bundan sonra da "Şərq"in əməkdaşı titulunu şərəflə və vicdanla daşıyım".

Ən böyük uğur...

"Şərq" təsadüfən məktəb adlandırılımır. Vaxtilə bu qəzetdə çalışan, burada peşəkar jurnalistika fəaliyyətinə başlayan, indi isə başqa mətbuat orqanlarında fəaliyyət göstərən çoxsaylı tanınmış jurnalistlər var. Bunlardan biri də Firdovsi Fərzəliyevdir: "Şərq"in ən böyük uğuru, düşünürəm ki, onun hər zaman yaxşı kollektivə malik olmasıdır. Hadisələrə çevik reaksiya verən, gündəm formalaşdıran, analitik təfəkkürə sahib əməkdaşlar çalışıb zaman-zaman bu qəzetdə. Yaradıcı kollektivdə sərbəstliyin olması mütləqdir ki, bu atmosferi "Şərq"in rəhbərliyi hər zaman yaradıb. Səhər planlaşdırmalarında yalnız redaktorun diktə etdiyi mövzulara yox, həm də jurnalistlərin öz təşəbbüslərinə yer ayrılır, maraqlı müzakirələr aparılır, rəylər dartışılır ki, bu da jurnalistlərin müstəqil fikir adamı kimi formalaşmasında rol oynayır. Kollektivə yeni qoşulan gənc yazarların püxtələşməsində də bu müzakirələr müstəsna paya sahibdir. Bu baxımdan təsadüf deyil ki, "Şərq"in mətbəxindən çıxan jurnalist digər media orqanlarında çox rahatlıqla iş tapır. Bu gün ölkənin ictimai-siyasi həyatında bu qəzetdə yazmağı öyrənən, jurnalist kimi, vətəndaş kimi yetişən kifayət qədər şəxslər var. Yəni "Şərq" bu 20 ildə tək jurnalist yox, həm də vətəndaş yetişdirib. Düşünürəm ki, belə məktəbləri qorumaq, yaşatmaq lazımdır. Çünki bundan bütün cəmiyyət qazanar".

Əli Zülfüqaroğlu