Səfəvilərin hakimiyyət orqanları arasında dəqiq səlahiyyət bölgüsü var idi Hadisə

Səfəvilərin hakimiyyət orqanları arasında dəqiq səlahiyyət bölgüsü var idi

"Təzkirət əl-müluk"da göstərilir ki, alicah vaqiyənəvis "canqi" əmirlərindən olub, başqa ölkə hökmdarlarından Şaha göndərilən məktublara cavabları tərtib edirdi. Şahın nəzarəti altında olan əsas dəftərə mənsəb, mülazimlik, həmesale, tiyul haqqında daxil olan fərmanları, Şahın şifahi olaraq elan etdiyi fərmanları və baş vəzirin təliqələri, yaxud böyük əmirlərin "ali əmr üzrə" qeydləri əsasında bütün fərmanları vaqiənəvis tərtib edərək yazıb hazırlayırdı. Fərmanlara qara mürəkkəbli tuğra çəkmək ancaq vaqiyənəvisə məxsus bir vəzifə olub başqasına dəxli yox idi. Engelbert Kempfer yazırdı ki, vaqiyənəvis dövlət şurası məclislərində Şahın sol tərəfində əyləşir və onun hökmlərini, fərmanlarını, əcnəbi ölkələrlə göndərilən məktubları, əcnəbi ölkə elçilərinin şaha gətirdikləri məktubları və onlara cavabları xüsusi dəftərə yazırdı.
Bütün bunlar vaqiyənəvisin vəzifə borcu olub, onun hüquq və səlahiyyətlərinin gerçək göstəriciləridir. Məmaliki məhrusədən Şaha hakimlər tərəfindən göndərilən ərizə və məlumatların hamısını Şah vaqiyənəvisə göndərirdi ki, o bunları ümumi və xüsusi məclislərdə oxuyur, sonra onlara cavab yazırdı. Bu məktublardan hər hansına görə əgər fərman yazılması lazım olduqda onu vaqiyənəvisin qaralaması üzrə xüsusi mirzələr yazıb hazırlayırdılar. Göndərilən məlumatların hər birinin cavabını, hər məlumatın altında şahın əmri nə cür verilərsə, vaqiyənəvislər öz xətlərilə o qaydada yazır və onları dəftərlərinə də köçürürdülər.
Vaqiyənəvislərə tabe olan işçilərin sayı on nəfərdən ibarət idi. Belə ki, rəqəmnəvislər (fərmanları yazanlar) və fərmanların qeyd olunduğu dəftərlərə baxanlar yeddi nəfər olub, onlardan bir nəfəri ali dövlət şurasının fərmanlarını dəftərə yazır və üç nəfəri qayda üzrə ona kömək edir və qeyd olunan bu dörd nəfərdən iki mirzə qalan üç mirzə ilə birlikdə, həm də fərmanlar yazılan dəftərlərə baxırdılar. Yenə də bu yeddi nəfərdən iki nəfər – dəftərə qeyd olunan mətn əsasında çıxarış, yəni hər hansı bir yerə göndərilən fərmanı yazıb hazırlayırdılar. Qalan üç nəfərdən ikisi xidmətçi və bir nəfəri isə məktubları yazırdı.
Hər il İsfahan vergilərindən vaqiyənəvisin işçilərinin məvacibi üçün "kağız pulu" adı ilə 30 tümən ayrılıb onlara verilirdi. Hərgah, vaqiyənəvislər özü və ya başqa bir şəxs üçün bir şey xahiş etmək istədikdə, heç bir çətinliklə qarşılaşmadan onu xüsusi və ümumi məclislərdə Şaha çatdıra bilirdilər. Bütün ərizələrin Şahın hüzurunda oxunub ona çatdırılması və ona cavab yazmaq işi, məclisnəvisdən başqa heç bir kəsə aid deyildi. Buna görə də vaqiyənəvislərə məclisnəvis də deyərdilər. Qələm sahiblərindən qulluq dərəcəsi və şaha yaxınlığına görə baş vəzirdən başqa vaqiyənəvisdən irəlidə kimsə yoxdu. Qədim zamanlardan başlayaraq, həmişə vaqiyənəvislər şahların qulluğunda xüsusi və ümumi məclislərdə iştirak edərdilər.
F.Sümərin yazdığı kimi Səfəvi inşa divanında yalnız farsca deyil, lazım olan zaman türkcə qələmə alındığına və bu ənənənin dövlətin sonuna qədər davam etdiyinə görə vaqiyənəvis, münşi əl-məmalik və mirzələrin çoxu sözsüz ki, türk bilim adamları olmuşdu. I Şah Təhmasib dövründə inşa divanına bir müddət Əmir Zəkəriyyə Təbrizi Köcəcinin qohumlarından Məhəmməd bəy Təbrizi Göcəci rəhbərlik etmişdi. Məhəmməd bəyin qohumu Əli bəyin oğlu Mirzə Məhəmməd də inşa divanında işləmişdi.
I Şah Səfinin sədr təyin etdiyi Mirzə Məhəmməd I Şah Abbasın zamanında vaqiyənəvis olmuşdu. I Şah Səfi hakimiyyətə keçdikdə vaqiyənəvis vəzifəsində Hatəm bəy Ordubadinin oğlu Talıb xan işləyirdi (1621-1632). I Şah Səfi onu 1632-ci ildə vaqiyənəvis vəzifəsindən azad edib, baş vəzir vəzifəsinə təyin etmişdi. Talıb xandan sonra yenə bu vəzifəyə irəli çəkilən Mirzə Məhəmməd vəfat etmiş və vaqiyənəvis mustofi-ye bəqaya həm də dəftərxana naziri Mirzə Məsim olur. "Zeyl-i tarix-I alamara-yi Abbasi" də mərhum Hatəm bəy Ordubadinin qardaşı Mirzə Əbdülhüseyn Ədhəm bəy Ordubadinin münşi əl-məmalik olduğu və I Şah Səfinin hakimiyyətinin sonuna qədər inşa divanına başçılıq etdiyi qeyd edilir. Səfəvi dövlətinin ərazisinin divan və xassəyə bölünməsinə müvafiq olaraq onları idarə etmək üçün iki divan fəaliyyət göstərirdi.
"Divani əl-məmalik" (dövlət vilayətləri divanı) dövlətə məxsus torpaqların maliyyə işləri, "divani xassə" (Şah vilayətləri divanı) şaha məxsus mülkiyyətin maliyyə işləri idarəsi idi. Dövlətin maliyyə məsələləri üzrə geniş səlahiyyətlərə malik olan mustoufi əl-məmalik məmaliki məhrusədən alınan bütün dövlət vergilərini dəftərdə qeyd etdikdən sonra vilayətlərə göndərirdi və yerlərdəki qulluq adamları onun qeydlərinə əməl etməli, vergiləri artırıb-azaltmadan göstərilən həcmdə yığıb ödəməli idilər.
Tavernye yazır ki, mustoufi əl-məmalikin dəftərxanasında dövlət məmurlarına xəzinədən nəqd verilən məvaciblər, o cümlədən onlara yerlərdən tiyul, həmesale, yeksale adı ilə ödənilən maaşın ümumi məbləğinin qeydiyyatı aparılırdı. Bu hesabdarlıq əməliyyatı övlətin mali məsələləri ilə məşğul olan başqa idarələrlə əlaqəli şəkildə yerinə yetirilirdi. Məmləkətin mərkəzi və yerli idarələrində çalışan qulluqçuların siyahısı və onların məvacib cədvəlləri bu dəftərxanada qeydiyyata alınmaqla onun möhürü ilə təsdiq olunurdu.
Divan əmlakının pul mədaxilini qeydiyyata alan zabitənəvis və ödəniş idarəsinin başçısı olan sahib-i tocih də ona tabe idi. Tavernye yazırdı ki, mühasibat divanının çoxsaylı icraçı məmurlarının hamısı qələm əhlidirlər. Bütün qeydiyyat dəftərləri onların əlindən keçir; xüsusilə, məmləkətin divan əmlakı və Şah xalisələrinin gəlirləri yazılan sənədlər İsfahanın mühasibat divanındakı dəftərxanada qeydiyyata alınır. Bütün xərclərin də hamısı orada qeyd olunurdu.
Ərbabı adlanan digər əmlaklardan da hər il Şaha müəyyən illik haqq verilirdi. Bu o əmlaklardır ki, onlardan vilayətlərin hakimləri çoxlu gəlir əldə edirlər. Mustoufi əl-məmalik və mustoufilər bütün xalisə, ərbabi əmlakının mühasibat işi üzrə dəftərdarlıqda ən yüksək məqamlı məsul işçilərdir. Şahın bütün gəlirinin hesabı, əmlak icarəsi, sürsat anbarları, qoşunun təchizatı, idarə məmurlarının xərclərini onlar qeydiyyata alırdılar. Başqa bir növ mühasib də var idi ki, ona "moquf" deyirdilər ki, o, vəqf əmlakının hesabını aparırdı.
Nazir adlanan məmurun isə mustoufi əl-məmalik və mustoufilərin işini təftiş etməyə icazəsi vardı. Və bütün məxaric sənədlərinə onun adına olan möhür vurulmalı idi. Burada sözsüz ki, mənbələrdə şahın naib adı ilə verilən dövlət məmuru nəzərdə tutulur. Seyid Hüseyn Astrabadi Maqsud bəyin I Şah Abbasın naibi və nazir olduğunu yazmışdı ki, bu fikrimizin doğru olmasını göstərir. Dəftərxana darğası vəzifə borcu və səlahiyyətinə görə maliyyə müqəssirlərini yoxlayıb şahın, yaxud dövlətin əmlakını oğurlayanları, rəiyyətdən vergini çox alanları cəzalandırırdı.
Məvaciblərin, cirələrin, səltənət nümayəndələrinin miniklərinin yeminin verilməsi, köçürülməsi dəftərxanada icra olunurdu. Onların hər biri öz nökərini göndərib "həvalə"sini "həvalə" verilən məhəldən alırdı. Hər kənddə, qəsəbədə "rəis" adlanan bir nəfər var idi ki, o, həmin məhəllin rəiyyətinin hamısının böyüyü olduğuna görə məmurlar, nökərlər vergini, həvaləni alanda ona müraciət edirdilər. Dəftərxanada olan oğurluqlar, mənimsəmələr saray məmurları və vəzifə sahiblərinin məvacibləri hesabına icra olunurdu. Şah Abbas Kəbirin hakimiyyətinin sonlarında və I Şah Səfinin hakimiyyətinin əvvəllərində qonşularla çox vaxt müharibə olduğundan ordunun əsgərə böyük ehtiyacı olmuşdu. Elə buna görə də onların məvacibləri və cirələri tam və bütöv şəkildə, nizamla çatdırılmışdı.
Bütün mülazimlərin qulluq fərmanı və onların maaşlarına aid əmrlər divan, xassə və ərbab-i təhavil dəftərindən keçib-keçməməsindən asılı olmayaraq onlara mustoufi əl-məmalikin möhürü vurulmalı idi. Burada yalnız şah əmlakı idarəsinin qulluq fərmanları, maaflar müstəsna hüquqa malik olub, mustoufi əl-məmalikin qeydiyyatına düşməyə bilərdilər. Divan dəftərxanası qulluqçularından müqəssir olanların məsuliyyətə cəlb edilməsi də alicah mustoufi əl-məmalikin vəzifə səlahiyyətinə aid idi. Məmaliki məhrusənin kiçik mustoufiləri onun razılığı ilə işə götürülürdü. Onların hamısı əslində ali divanın mülazimləri idilər. Mustoufi əl-məmalikin xidmətində fərman üzrə divan mülazimi olan sahib-rəqəmlərdən ibarət beş nəfər işçi vardı.
Onların işi qulluqçuların maaşı, həmesaləsi, tiyul, maaflıqlar, soyurqallara aid hökm və fərmanlara və dəftərxanaya girib çıxan yazılı sənədləri yoxlayıb düzəltmək, qanuna uyğun olanlarını mustoufi əlməmalikə möhür və imza üçün təqdim etmək, qanuna uyğun olmayanlar barəsində dəftərxana tərəfindən cavab yazıb sahiblərinə qaytarmaqdan ibarət idi. Mustoufi əl-məmalikin xüsusi idarə dəftərxanası da vardı ki, bu dəftərxana onun özünə aid idi. Belə ki, o məxariclə əlaqədar başqa idarələrin işi barədə dəqiq məlumat əldə etmək üçün mənsəb, mülazimlik fərmanlarını, həmesale, barat, mükafat, soyurqal, maaflıq və dəftərxananın alıb verəcəyi başqa pulların hökmlərini öz dəftərxanasında da qeydiyyata aldırırdı. Bu dəftərxananın işçilərinin sayı dörd nəfərdən ibarət idi.
Dövrün mənbələrində mustoufi əl-məmaliklə bağlı məlumatlar təhlil edilərkən aydın olur ki, maliyyə divanına məmurlar qəbul edilərkən mənsubiyyətləri deyil, ilk növbədə onların yazı qabiliyyəti, hesabı və elm-i siyaqı bilməsi nəzərə alınırdı. Elə buna görə də onların arasında imperatorluğun tərkibinə daxil olan bir çox bölgələrdən nümayəndələrə təsadüf edilir. Ancaq mənbələrdə onların bir çoxu haqqında ətraflı məlumat olmadığına görə, doğulduqları yer əsas götürülsə də belə, mənsubiyyətlərinin təyin edilməsi olduqca çətindir. Bu divanda da qızılbaşlara yaxın, yaxud onlarla bağlı olan seyidlərin vəzifəyə təyinatına rast gəlirik. I Şah Təhmasib dövründə mustofi əl-məmalik vəzifəsində olmuş Mir Qiyasəddin Mahmud Şəhristani, Məhəmməd Xudabəndənin hakimiyyəti vaxtı yenə də qeyd edilən vəzifədə bir müddət işləyən və baş vəzir Salman Cabiri tərəfindən təzyiqlərə məruz qalan Mirşah Qazi İsfahani seyid idilər.
Qaynaqlarda yüksək elmi əhəmiyyətə malik məlumatların təhlili əsasında əldə edilən nəticəyə görə demək olar ki, Səfəvilərin yaratdığı inzibati-bürokratik aparatın mürəkkəb bir quruluşa malik olması ilə yanaşı, bu quruluş hakimiyyət orqanları arasında dəqiq səlahiyyət bölgüsü qaydalarını da özündə əks etdirirdi.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor