Çovdarovun dövlətə vurduğu ziyanın məbləği açıqlanıb Hadisə

Çovdarovun dövlətə vurduğu ziyanın məbləği açıqlanıb

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin törədikləri cinayət əməli nəticəsində dövlətə vurduqları ziyanın məbləği açıqlanıb.
Məlumata görə, onlar Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları" adlı hüquqi aktın tələblərini qəsdən pozublar.
2013-2015-ci illər ərzində 920000 manat, 455000 ABŞ dolları və 790000 avro məbləğində dövlət büdcə vəsaitlərini tərtib olunan raport və vəkalətnamələr əsasında əməliyyat-axtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-in Maliyyə İdarəsinin kassasından götürüb, əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan əməliyyat-axtarış tədbirlərinin icrasına və faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş vətəndaşların və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətəuyğun olmayan hesabatlar, arayışlar tərtib ediblər.
Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin II İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Əliyev izahatında bildirib ki, Akif Çovdarovun verdiyi vəkalətnamələr əsasında Maliyyə İdarəsinin kassasından götürdüyü ümumilikdə 890000 manat, 405000 ABŞ dolları, 790000 avro məbləğində pul vəsaitini nağd şəkildə heç bir sənədləşmə aparmadan Akif Çovdarova verib.
O, izahatında qeyd edib ki, Akif Çovdarovun göstərişi əsasında birdəfəlik pul vəsaitləri ilə mükafatlandırılmaları üçün barələrində müvafiq raportlar yazdığı şəxslərin heç birini tanımır. Həmin raportlar Akif Çovdarov tərəfindən nazirə məruzə edildikdən sonra 2014-cü ildə məhv edilib.
Həmin strukturun I İdarəsinin hazırda həbsdə olan rəisi Səlim Məmmədov isə izahatında qeyd edib ki, müvəqqəti cəlb olunmuş bir nəfər tanımadığı, heç bir əməliyyat məlumatı almadığı vətəndaşın mükafatlandırılması üçün Akif Çovdarovun verdiyi vəkalətnamə əsasında Maliyyə İdarəsinin kassasından götürdüyü ümumilikdə 50000 ABŞ dolları məbləğində pul vəsaitini nağd şəkildə heç bir sənədləşmə aparılmadan Akif Çovdarova verib.
O, həmin pulun kimə verilməsindən məlumatı olmasa da, Akif Çovdarovun göstərişi əsasında pulun müvəqqəti cəlb olunmuş bir nəfərə verilməsi barədə həqiqətəuyğun olmayan hesabat sənədi yazaraq Maliyyə İdarəsinə göndərib.
İstintaq zamanı müəyyən edilib ki, ümumilikdə 2917300 manata bərabər külli miqdarda pul vəsaiti qulluq mövqeyindən istifadə edilməklə vəzifə saxtakarlığı ilə mənimsənilib.
İttiham aktında qeyd olunub ki, Akif Çovdarov istintaqa məlum olmayan mənbədən soyuq silah hesab edilən dəyənəkləri qanunsuz əldə edərək yaşadığı evdə saxlayıb.
Akif Çovdarov və iş üzrə təqsirləndirilən digər şəxslər "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunun əməliyyat-axtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçiriblər.