Telejurnalistikamızın “Generalissimusu” Hadisə

Telejurnalistikamızın “Generalissimusu”

Bu gün müsəlmanların iki müqəddəs bayramından biri- Ramazan bayramıdır. Səkkiz milyarda yaxın əhalisi olan Yer kürəsində bu bayramı təxminən iki milyard adam təntənə ilə qeyd edir. Belə bir gündə xoş söz demək, ürəkləri şad etmək ən gözəl əməllərdən sayılır...

Bu bayram günündə sizə hamının tanıdığı Mir Şahin Ağayevin heç kimin bilmədiyi əməllərindən söhbət açmaq istəyirəm. Gəlin əvvəlcə onun ömür yoluna işıq tutaq. 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində sadə bir ailədə- el-obanın tanınmış ruhanilərindən biri- Hacı Mir Dilavər ağanın ocağında, çoxuşaqlı bir ailədə dünyaya gəlib. Mir Dilavər ağa bu gün yataqda xəstə yatsa da, onun ziyarətinə gələnlərin, xeyir-duasını almaq istəyənlərin sayı hələ də tükənməyib. Anası isə ağzı dualı, inanclı bir xanımdır...

Mir Şahin Ağayev Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) baş redaktoru, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti vəzifələrində çalışıb. Eyni zamanda 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti olub. 2018-ci ildə "Real Təhlil və İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətini yaradaraq MMC-nin, o cümlədən onun nəzdində olan Real Televiziyasının rəhbəridir...

Hər bir dövləti tərənnüm edən simvollar var- gerb, bayraq, himn və prezident. Bütün bunlar hər bir dövlətin vətəndaşları üçün toxunulmaz və müqəddəs sayılır.

Ondan ötəri də, dövlətə kimin rəhbərlik etdiyi yox, prezident postu digər simvollar kimi toxunulmaz və müqəddəsdir. O, öz ölkəsinin gerbini, bayrağını, himnini sevdiyi qədər prezidentini də sevir. Bir vətəndaş kimi dövlətinə qarşı çıxanların qabağında sipər olmağa həmişə hazırdır...

Deyir ki,- “Azərbaycan dövlətindən çörək yeyən hər kəs bu dövləti qorumağa borcludur. Dövləti qorumaq yalnız səngərdə dayanan əsgərin üzərinə düşmür. Mənim üçün təmas xəttində atəşkəsi pozaraq kiminsə ölümünə bais olan, erməni silahlı qüvvəsinə məxsus əsgərin gülləsi ilə xaricdə oturub Azərbaycan dövlətinə qarşı çıxan hansısa provokatorun, avantüristin, söz terrorçusunun hərəkəti eynidir. Mən onlarla mübarizə aparıram və aparmağa da davam edəcəyəm. Niyə? Bilirsiniz, riyakarlıq pis şeydir. Bu gün Azərbaycan vətəndaşlarının bir çoxu duz-çörəklə dövlət arasında ilişib qalıb. Guya özlərinə abır-həya aurası yaradıblar. Heç demə, bunlar abırlıdırlar. Bapbalaca ortaqlarında ana, bacı, ata, övlad, qız-gəlin əxlaqı qoruyurlar və bu adamların qoruduğu anklav qeyrət hüdudunda kişidirlər, əjdahadırlar. Bravo. Bu laqeyd mövqeyi tutan insanların heç biri kişi deyil. Dünyada ən ağır cinayət laqeydlikdir. Cəmiyyətimizdə mən bu laqeydliyi görəndə dəli oluram. Bunun üçün toplantı keçirmək, efirə çıxmaq lazım deyil, siz öz “Facebook” səhifənizdə mübarizə aparmalısınız. Bir nəfər çıxıb “Facebook”da o biri əbləhin boğazını üzməlidir. Bunlar olmadıqca bu adamlar hesab edəcəklər ki, Mirşahin təkdir.”

Çox uğurlu insandır. Əgər təyyarəçi olsaydı belə, inanın ki, kosmosa qalxan ilk azərbaycanlı kosmanavt da, o, olacaqdı. Allah ondan heç nəyi əsirgəməyib- bacarıq, əzmkarlıq, istedad, iradə, yorulmadan çalışmaq, kreativlik, inadkarlıq onun həyat tərzini nizamlayan xüsusiyyətlərdəndir. Heç də təsadüfi deyil ki, on milyonluq Azərbaycanda ən istedadlı telejurnalist kimi qəbul olunur...

“Bir vaxtlar deyirdilər ki, televiziyaya milyonlar baxır. Gəlin araşdıraq, televiziyaya bu gün milyonlarmı baxır? İndi hər kəs televizordan çox, əlindəki telefona baxır, hər şeyi oradan izləyir. Mən özümə əsgər demişəm. Döyüş üçün nə qədər açıq idimsə, söyüş üçün də bir o qədər açığam. Mən nəyin qurbanı olduğumu bilirəm. Bilirsiniz, mənə nə qədər zənglər olur? Deyirlər ki, çox sağ olun, Mirşahin müəllim, ürəyimdən keçən sözləri dediniz. Sənin ürəyindən keçəni mən niyə deməliyəm? Sənin ürəyindən keçəni deməyə dilin yoxdur? Niyə sən öz sözünü demirsən? Mən Azərbaycan dövlətini vətəndaş olaraq sevirəm. ANS olanda da sevirdim, bağlananda da sevirdim. Bizim kanalımız yenə var, yenə sevirəm. Sabah bağlanacaq, yenə sevəcəm. Mən bunu minnət üçün demirəm. Bu gün Azərbaycan dövlətinin üzərinə dil qaldıranlar sabah əl qaldıracaqlar. Mənim leksikonum 1991-ci ildə necə olubsa, bu gün də o cürdür. Bəli, mənim sərt ritorikam var, Azərbaycan dilini pis bilmirəm. Əgər mən bu gün xırda pula “sikkə” deyirəmsə, burda söyüş yoxdur. Əgər mən “ay kötük uşağı” deyirəmsə, bu o demək deyil ki, mən “köpək uşağı” deyirəm. Heç kəs də məni günahlandıra bilməz ki, söyüşlə, təhqirlə danışıram. Bu gün Mirşahini öyrətmək, Mirşahinə haradasa, nəyisə korrektə eləməyə məcbur etməyə ehtiyac yoxdur. Susan adamların üzərinə getmək lazımdır ki, sən dilini hara soxmusan? Bax, bu adamlar Azərbaycanda ziyalıvari bir obraz yaradıblar. Qalstukları var, qarın da buraxıblar. Tüpürmək belə istəmirəm onların görkəminə. O adamlar haqqında danışanda mənim ağlımda düşmən obrazı yaranır. O adamlar Azərbaycan dövlətinin düşmənidirlər və Azərbaycandan kənardakılardan qat-qat ağır düşməndirlər. Televiziyada belə şeyləri eləmək olmaz deyənlərin qabağına mən kontur arqument qoyuram ki, bu gün elə televiziyada belə şeyləri eləmək lazımdır. Ona görə eləmək lazımdır ki, bu televiziyanın işidir.”- söyləyir.

O, sıravi pepartiyor olanda da, ANS-də, lap elə Real Tv-də işləyəndə də həmişə dövlətin maraqlarına xidmət edib, xüsusi istedadı ilə fərqlənib. Sevilib, alqışlanıb, amma onun bu uğurlarını həzm edə bilməyənlər də az deyil. Onu gözdən salmağa, işgüzarlığı ilə qazandığı nüfuzu heçə endirməyə çalışan bədxahları da var. Necə deyərlər, hər sözünə qulp qoyub ona qarşı söyüş kompaniyası təşkil edirlər. Amma unudurlar ki, illər ötəcək, bir gün onu söyən adamlar unudulanda, Mir Şahin Ağayev jurnalistika dərsliklərində tələbələrə nümunə göstəriləcək...

Deyir ki,- “Mən jurnalistəm, işim-gücüm ancaq xəbərlə işləməkdir. Biz aş dəmləmirik, yarpaq dolması hazırlamırıq, bizimki "fast fud"dur. Xəbər var, verəcəyik. Biz öz işimizi yalnız xəbərlə məhdudlaşdıracağıq. Qoy insanlarımız, tamaşaçılarımız bilsinlər ki, ən keyfiyyətli xəbəri haradan almaq olar. Gəlin, açıq danışaq. Bu gün Azərbaycanda dərman almağa gedən adamlara haranı tövsiyə edirlər? Filan yerdə “alman aptek”i var, gedin oradan alın deyirlər. Biz xəbərlərin “alman aptek”i olacağıq. Əsas məqsədimiz Azərbaycan vətəndaşlarının xəbər tələbatını ödəməkdir, bunu bacardığımız kimi edəcəyik...”

Yaxşı insandır, xeyirxah əməlləri az olmayıb. Bir neçə il bundan əvvəl, beynəlxalq yarışda iştirak etməkdən ötrü, bir neçə idmançı xaricə getməliydi. Təyyarəyə bilet almağa maddi vəsaitləri olmadığından məsləhət üçün yanıma gəlmişdilər. Mir Şahinə telefon açıb gənclərə kömək etməsini xahiş etdim. Həmin idmançılar qızıl medalla geri dönəndə Mir Şahinin sevincinin həddi-hüdudu yox idi. Ata-baba yurdu Perimbel kəndinə asfalt yolun çəkilməsində də onun müstəsna xidməti olub...

“Bir təşəbbüs nəticəsində cənab Prezidentin tapşırığı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin rəhbəri Saleh Məmmədovun işə qarışması, birbaşa nəzarəti altında Yardımlıdan Perinbelə fantastik addım atıldı, asfalt yol çəkildi”- söyləyir...

Bəli, bu gün müsəlmanların müqəddəs Ramazan bayramıdır. Səkkiz milyarda yaxın əhalisi olan Yer kürəsində bu bayramı təxminən iki milyard adam təntənə ilə qeyd edir. Belə bir gündə xoş söz demək, ürəkləri şad etmək ən gözəl əməllərdən sayılır. Xülasə, obrazlı desək, Azərbaycan jurnalistikasının “generalları” var, amma Mir Şahin Ağayev telejurnalistikamızın “Generalissimusudur”...

Elman Eldaroğlu