“AzerGold” QSC tərəfindən icra edilən layihə uğurla sona çatıb Hadisə

“AzerGold” QSC tərəfindən icra edilən layihə uğurla sona çatıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi uğurla icra edilib.

Sentyabrın 11-də Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) layihədə iştirak etmiş kartofçuluq təsərrüfatı sahiblərinin təltifolunma mərasimi keçirilib.

Tədbirdə “AzerGold” QSC, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daşkəsən Rayon İcra Hakimiyyəti, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun rəsmi nümayəndələri, eləcə də layihəyə cəlb edilmiş mütəxəssis və kartofçu fermerlər iştirak ediblər.

Tədbirdə layihənin “AzerGold” QSC tərəfindən korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Daşkəsəndə ənənəvi kənd təsərrüfatı sahələrindən hesab edilən kartofçuluğun inkişaf etdirilməsi, sahibkarlıq növü kimi təşviqi və dəmyə üsulu ilə kartof istehsalının artırılmasına töhfə vermək məqsədilə icra edildiyi bildirilib. Layihəyə “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə qeydiyyatda olan, əkinə yararlı minimum 1 hektar torpaq sahəsinə malik Quşçu və Zəylik kənd sakinləri – 10 nəfər fermer cəlb edildiyi diqqətə çatdırılıb.

Layihə çərçivəsində fermerlərə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən nəzəri və praktiki təlimlərin keçirildiyi, həmçinin 10 hektar sahəyə yerli iqlim şəraitinə uyğun “Telman”, “Əmiri 600” toxumlarının səpildiyi, müvafiq aqro-texniki qulluğun göstərildiyi və cari mövsümdə havanın qeyri-sabit keçməsinə baxmayaraq, 100 tona yaxın məhsulun əldə edildiyi qeyd olunub. Məlumat verilib ki, layihə çərçivəsində yığılmış məhsulun 85%-i fermerlərə təqdim edilib. Məhsulun 15%-i isə Daşkəsən rayonunda yaşayan aztəminatlı ailələr arasında bölüşdürülüb.

Vurğulanıb ki, strateji məhsul sahələrindən hesab olunan kartofçuluq təsərrüfatının inkişaf etdirilməsi dövlət səviyyəsində daim diqqətdə saxlanılır, bu sahə üçün əlverişli bölgələrdə bu cür stimullaşdırıcı layihələrin icrası ümumi işə əlavə töhfələr verir.

Tədbirin sonunda təlim və praktiki məşğələləri uğurla tamamlayan kartofçu fermerlər sertifikatlarla təltif ediliblər.

Cavid