“Azərbaycan İslam dünyasında nüfuzuna və mövqeyinə görə xüsusi seçilir” Siyasət

“Azərbaycan İslam dünyasında nüfuzuna və mövqeyinə görə xüsusi seçilir”

“Bu gün bir həqiqətdir ki, Azərbaycan İslam dünyasında nüfuzuna və mövqeyinə görə xüsusi seçilir. İslam dünyasında Azərbaycana xüsusi önəm verilir və ölkəmizə böyük hörmətlə yanaşılır. Bu isə təsadüfi deyil. Bu yanaşma Ulu Öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin, Azərbaycanın hər zaman barışdırıcı, sülhpərvər və birləşdirici mövqe tutmasının nəticəsidir”.

Bunu xalqcebhes.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.

O qeyd edib ki, Azərbaycan İslam aləmində baş verən proseslərə heç vaxt laqeyd qalmayıb, bu məsələlərə xüsusi həssaslıqla yanaşıb: “Eyni zamanda, dünyada baş verən proseslər fonunda İslam aləminin haqsız yerə hədəfə alınması, müsəlman ölkələrinə qarşı ədalətsiz münasibət göstərilməsi məsələlərində də Azərbaycan öz haqq səsini ortaya qoyub. Ölkəmiz təmsil olunduğu beynəlxalq təşkilatlarda müsəlman aləminin hüquqlarının müdafiəsi məsələsində də hər zaman öncül mövqe nümayiş etdirib. Bütün bunlarla yanaşı, Azərbaycanın barışdırıcı rolunun və mövqeyinin İslam dünyası üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd etmək lazımdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan artıq bir müddətdir Qərblə İslam dünyası arasında etibarlı körpü rolunu oynayır, tərəflər arasında münasibətlərin normallaşmasına və qarşılıqlı anlaşmanın güclənməsinə öz töhfəsini verir”.

Siyasi şərhçi bildirib ki, Azərbaycanın digər mühüm xüsusiyyəti isə onun həm Türk dünyasında, həm də İslam dünyasında tutduğu mövqedir: “Bu məqam Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən çıxışında da xüsusi vurğulandı. Cənab Prezident Türk Dövlətləri Təşkilatının Cənubi Qafqazdakı yeganə üzvünün Azərbaycan olduğuna diqqət çəkərək Türk-İslam birliyinin əhəmiyyətini də qeyd etdi”.

N.Azəri deyib ki, Prezidentin bu fikrini, əslində, formalaşmaqda olan yeni dünya nizamına hazırlıq baxımından növbəti mühüm çağırış kimi dəyərləndirmək olar: “Bir müddət əvvəl Prezident İlham Əliyev köhnə dünya nizamının artıq pozulduğunu və yeni dünya nizamının formalaşdığını qeyd edərək, bu yeni düzəndə Türk Dövlətləri Təşkilatının qlobal aktorlardan biri olmasının vacibliyini vurğulamışdı. Sentyabrın 15-də isə Prezident bu fikrini daha da genişləndirərək Türk dünyası ilə İslam aləminin birlikdə dünyada aparıcı mövqe tutması üçün birgə addımların atılmasının vacibliyini ortaya qoydu. Eyni zamanda, Azərbaycanın bu məsələdə öncül rol oynaya biləcəyini və artıq bu istiqamətdə mühüm addımlar atdığını diqqətə çatdırdı. Bir məqamı da xüsusi qeyd etmək lazımdır. Azərbaycan hazırda Orta Asiya+ formatında uğurla təmsil olunur. Bu formatda təmsil olunan Orta Asiya ölkələrinin hamısı müsəlman ölkələridir və onların dördü Türk Dövlətləri Təşkilatının üzvüdür. Azərbaycan da Cənubi Qafqazın müsəlman və türk dövləti kimi bu prosesə qoşulub”.

“Deməli, Prezident İlham Əliyevin sentyabrın 15-də səsləndirdiyi fikirlərin mahiyyətinə gəldikdə görürük ki, Azərbaycan bu gün Türk-İslam aləmində uğurla birləşdirici rol oynamaqla yanaşı, gələcək dünya nizamında Türk-İslam aləminin aparıcı aktorlardan birinə çevrilməsi üçün üzərinə düşən vəzifələri də yerinə yetirir və bu istiqamətdə fəaliyyətini genişləndirir. Ümumilikdə, Prezident İlham Əliyevin din xadimləri ilə görüşdə yalnız bu mövzu ilə bağlı deyil, digər məsələlərlə bağlı səsləndirdiyi çağırış və fikirlər də yaxın və uzaq gələcəyə hesablanmış mesajlardır. Hesab edirəm ki, istər Türk dünyası, istərsə də İslam aləmi bu çağırışlardan özləri üçün mühüm nəticələr çıxarmalıdır” - deyə siyasi şərhçi sonda vurğulayıb.

Röya İsrafilova