"Bu gün müsəlman dünyasının ürəyi Azərbaycanla döyünür" Siyasət

"Bu gün müsəlman dünyasının ürəyi Azərbaycanla döyünür"

“Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının növbəti toplantısının Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır”.

Bu fikirləri millət vəkili Ceyhun Məmmədov “xalqcəbhəsi.az”a açıqlaması zamanı söyləyib.

O bildirib ki, son günlər Azərbaycanda keçirilən beynəlxalq görüşlər ölkənin müxtəlif dini və siyasi platformalarda rolunu daha da artırır:
“Bu gün müsəlman dünyasının ürəyi Azərbaycanla döyünür. Bir neçə gündür ölkəmizdə çox mühüm görüşlər keçirilir. Cənab Prezident davamlı olaraq ölkəmizə gələn qonaqlarla görüşlər keçirir və fikir mübadiləsi aparır. Bugünkü görüş də çox önəmli idi. Çünki burada dünyanın müxtəlif ölkələrindən, xüsusilə türk dövlətlərindən çoxlu sayda din xadimi iştirak edirdi”.

C.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi mərhələ və Qarabağ münaqişəsi ilə bağlı mühüm mesajlar ehtiva edir: “Azərbaycan uzun illər ərzində işğalla barışmağa və torpaqlarını azad etməyin mümkün olmadığına dair təzyiqlərlə üzləşib. Azərbaycanın ərazi bütövlüyünün bərpası xalqın birliyi, hərbçilərin şücaəti və Prezidentin siyasəti nəticəsində mümkün olub. Azərbaycan xalqı bu ədalətsizliyi, bu qərəzi, bu ikili standartı heç zaman unutmayacaq. Bu qələbənin müəllifi Azərbaycan xalqıdır, qəhrəman Vətən övladlarının şücaəti, xalqımızın birliyi və cənab Prezidentin siyasətidir. Belə tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin Türk dünyası və Qafqaz xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə də xidmət edir. O, bu prosesdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin rolunu da xüsusi qeyd edib”.

Deputat bildirib ki, Azərbaycan müxtəlif dinlərin və məzhəblərin nümayəndələrinin bir araya gəldiyi beynəlxalq platformaya çevrilib:

“Bugünkü tədbir həm də Türk dövlətləri ilə Qafqaz xalqları arasında bir körpü idi, əlaqələrin daha da möhkəmləndirilməsi idi. Bir sözlə, bu, bir qardaşlıq nümunəsidir və bu qardaşlığın qorunması bizim üçün çox önəmlidir”.

C.Məmmədov din xadimlərinin işğaldan azad edilmiş ərazilərə səfərinin də xüsusi əhəmiyyət daşıdığını bildirib: “Bu səfərlər zamanı qonaqlar həm Ermənistanın işğal dövründə törətdiyi dağıntıların nəticələri, həm də Azərbaycanın həmin ərazilərdə apardığı bərpa və quruculuq işləri ilə tanış olacaqlar.
İşğal dövründə Azərbaycanın dini və mədəni irsinə ciddi ziyan vurulub.
Ermənistan Azərbaycan xalqını alçaltmaq və müsəlman dünyasını aşağılamaq üçün bu siyasəti həyata keçirmişdi. Zəngilanda, Ağdamda, Füzulidə və digər ərazilərimizdə dini və tarixi abidələrimizə qarşı vandalizm törədilib. Bu, təsadüfi hadisə deyildi”.

C.Məmmədovun sözlərinə görə, Azərbaycan azad edilmiş ərazilərdə məscidlərin və digər dini-mədəni abidələrin bərpasına xüsusi diqqət yetirir: “Zəngilan və Ağdam məscidləri bərpa olunub, Şuşada dini və mədəni irsin qorunması istiqamətində işlər davam etdirilir, digər ərazilərdə də yeni məscidlər inşa olunur.
Azərbaycanın yanaşması yalnız müsəlman dini abidələrinin bərpası ilə məhdudlaşmır.
Azərbaycan heç kimin kilsəsini dağıtmayıb, heç kimin ibadət yerinə hücum etməyib. Şuşanın mərkəzində xristian abidəsi, kilsə dövlətimiz tərəfindən bərpa olunur. Bu, Azərbaycanın dini və milli-mənəvi dəyərlərə münasibətini göstərir”.

C.Məmmədov hesab edir ki, din xadimlərinin Qarabağa səfəri beynəlxalq ictimaiyyətə regionda baş verənləri yerində görmək baxımından əhəmiyyətlidir. Dini və mədəni abidələrin dağıdılması yalnız bir xalqın deyil, bütövlükdə dünya mədəni irsinin itkisidir.
Şuşada və digər ərazilərdə məscidləri dağıdanlar dünya mədəniyyətinə ziyan vururlar. Belə hallarda susmaq olmaz. Çünki susmaq həm də tarixə, dini və mədəni dəyərlərə qarşı laqeyd münasibət deməkdir”.

C.Məmmədov əlavə edib ki, Azərbaycan öz nümunəsi ilə dini və mədəni irsin qorunmasının mümkün olduğunu göstərib: “Ölkənin müxtəlif dinlərə və məzhəblərə münasibəti Azərbaycan dövlətinin multikultural və tolerant yanaşmasının göstəricisidir”.

Günel Elxan