"Prezidentin fikirləri Azərbaycanın dövlət siyasətinin düzgün istiqamətini nümayiş etdirir" Siyasət

"Prezidentin fikirləri Azərbaycanın dövlət siyasətinin düzgün istiqamətini nümayiş etdirir"

“Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi fikirlər Azərbaycanın strateji maraqlarını ifadə edən mühüm mesajlardır”.

Bu fikirləri millət vəkili Fazil Mustafa “xalqcebhesi.az”a açıqlaması zamanı söyləyib.
Deputatın sözlərinə görə, Prezident Azərbaycanın dostlarını və ona göstərilən dəstəyi unutmayan dövlət olduğunu bir daha nümayiş etdirib:

“Prezident heç nəyi unutmur. İslam Əməkdaşlıq Təşkilatının illər boyu Azərbaycana verdiyi dəstəyi, işğalçılığa qarşı qəbul etdiyi qətnamələri qeyd edir. UNESCO-nun, ISESCO-nun Azərbaycana yönəlik müsbət fəaliyyətlərinin hamısını xatırladır və göstərir ki, Azərbaycan yaxşılığı da, pisliyi də unutmur. Prezidentin erməni vandalizmi ilə bağlı səsləndirdiyi fikirlərdə mühüm tarixi mesaj var. Tarixdə yaxşı əməllərlə yanaşı, törədilən pisliklərin də nəticələri qalır və xalqlar sonradan bunun ağır bədəlini ödəyə bilirlər. Erməni vandalizmi ilə bağlı da fikrini söyləyərkən, əslində bunu anlatmağa çalışır ki, tarixdə ancaq yaxşılıqlar qalır. Pisliklərin bədəlini xalqlar sonra çox ağır ödəyirlər. Azərbaycana qarşı edilən pisliklər nəhayət zaman baxımından həmin cəmiyyətləri, dövlətləri özlərini çətin vəziyyətdə qoydu. Halbuki onlar bununla fəxr edirdilər. Torpağı tutmuşuq, hər şeyi dağıtmışıq, məscidləri bağlamışıq, məhv etmişik, donuz saxlamışıq…Amma bunların hamısı bitdi”.

Deputat vurğulayıb ki, Azərbaycan özünün dini və mədəni irsə münasibəti ilə fərqli nümunə ortaya qoyur: “Ölkə ərazisində müxtəlif dini konfessiyalara məxsus ibadət yerlərinin bərpası və qorunması həyata keçirilir. Azərbaycan ərazisində kilsələri, məscidləri eyni vaxtda, paralel şəkildə təmir etdirir, bərpa etdirir. Kiminsə inanc yerlərinə toxunmur. Bu önəmlidir”.

Fazil Mustafa hesab edir ki, Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi fikirlər Azərbaycanın həm tarixi yaddaşa, həm də dini və mədəni müxtəlifliyə münasibətini nümayiş etdirir: “Prezidentin bu görüşdə açıqladığı fikirlər Azərbaycanın həm də dövlət siyasətinin düzgün istiqamətdə aparıldığının bir nümunəsi olaraq ortaya çıxır”.

Günel Elxan