
“Prezident İlham Əliyevin dini liderlərin və beynəlxalq təşkilatların nümayəndələrindən ibarət konfrans iştirakçılarını qəbul edərkən keçmiş Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş verən faciələrə nəzər salması bu işğalın yalnız bir xalqa, bir bölgəyə deyil, bütövlükdə müsəlman dünyasına mənəvi zərər vurduğunu bir daha sübut edir. Çünki İslam dininə aid olan məscidlərin və digər tarixi abidələrin dağıdılması, təhqir edilməsi, milliyyətindən, dilindən asılı olmayaraq bütün müsəlmanların mənəvi terrorra məruz qalması deməkdir. Onu da deyim ki, işğal dövründə ermənilər 900-dən artıq qəbristanlığı da məhv edib. Bu cür cinayətləri isə yalnız ermənilər törədə bilər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla deyib.
M.Abdulla söyləyib ki, işğal dövründə Azərbaycanda 65 məscidin və yüzlərlə qəbristanlığın dağıdılması, hətta baş daşlarının talan edilərək oğurlanması yalnız türk dövlətlərindən konfransa gəlmiş dini liderlərin deyil, bütün müsəlman aləmində qəzəb doğuracaq vandalizm aktıdır: “Erməni işğalçıları yalnız məscidləri deyil, eyni zamanda, kilsələri də təhqir ediblər. Çünki Qarabağda və Şərqi Zəngəzurda mövcud olan kilsələr qədim Alban məbədləridir və onların ermənilərə heç bir aidiyyatı yoxdur. Azərbaycan ordusunun öz ərazilərini işğaldan azad etməsindən sonra erməni əsgərlərin Alban kilsələrindən silah anbarı kimi istifadə etdiyi, divarlara öz adlarını yazdığı məlum oldu. Yəni erməni faşizmi üçün heç bir mənəvi dəyər yoxdur. Bu həqiqəti isə bütün dünya bilməlidir. Lakin Azərbaycana qarşı törədilən cinayətlər bununla yekunlaşmayıb. Azərbaycanlılar soyqırıma, etnik təmizləməyə, kütləvi qətliyamlara və işgəncələrə məruz qalıb. Ona görə də Azərbaycan Prezidenti haqlı olaraq bunların heç vaxt unudulmayacağını bəyan etdi. Biz Xocalı soyqırımını, Qaradağlıda, Kəlbəcərdə dinc əhaliyə qarşı törədilmiş kütləvi qətlləri təbii ki, unuda bilmərik”.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistanla sülh müqaviləsinin imzalanması çox yaxın keçmişimizdə baş verən faciələri unutmağa əsas vermir: “Bu cinayətləri törədənlərin bəziləri bu gün sağdır və hətta Ermənistanda hakimiyyətə gəlməyə çalışır. Ona görə də biz sülhə hazır olduğumuz qədər təhlükənin yaxında olduğunun da fərqində olmalıyıq. 30 ilə yaxın bir müddətdə ermənilər rüşvət hesabına ələ aldıqları lobbi qruplarının köməyi ilə sülh danışıqlarında vasitəsilik edən ABŞ, Fransa, Rusiyanı Azərbaycana təzyiq göstərməyə, işğalın nəticələri ilə barışmağa vadar etmək istəyirdilər. Lakin Azərbaycan 2020-ci ildə özünün siyasi iradəsi hesabına torpaqlarını azad edə bildi və 2023-cü iləd büövlükdə erməni separatizminə son qoydu. Təəssüflər olsun ki, bu gün də Fransa parlamentində, eyni zamanda, Avropa Şurası, Avropa Parlamenti kimi qurumlarda Azərbaycana qarşı təzyiq məqsədilə ermənipərəst qətnamələr qəbul edilir. Lakin bu qətnamələr Azərbaycan üçün məcburi öhdəlik yarada bilməz”.
O sonda vurğulayıb ki, 44 günlük Vətən müharibəsi və onun nəticələri Azərbaycan dövlətinin siyasi reallıqları başqalarının diqtəsi ilə deyil, özünün yaratdığını göstərdi: “Azərbaycanda akkreditə olunmuş diplomatların Qarabağa və Şərqi Zəngəzura son səfəri isə beynəlxalq ictimaiyyətin yeni geosiyasi konyukturu qəbul etdiyini sübut etdi”.
Röya İsrafilova