Ombudsman ictimai müzakirələr keçirib Hadisə

Ombudsman ictimai müzakirələr keçirib

Elmira Süleymanova: "Geniş fəaliyyətin həyata keçirilməsi təmin olunacaq"


Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi hüquqi islahatların yeni mərhələsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 fevral 2017-ci il tarixdə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi" barədə Sərəncam imzalayıb. Həmin sərəncamın icrası çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən ictimai müzakirələr keçirilib.
Bu barədə "Xalq Cəbhəsi"nə Ombudsmanın mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə deputatlar, məhkəmələrin hakimləri, aidiyyəti dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin və KİV-in nümayəndələri iştirak ediblər.
Ombudsman martın 2-nin əlamətdar bir gün olduğunu, 25 il əvvəl həmin tarixdə Azərbaycanın BMT-yə üzv seçildiyini, bu nüfuzlu qurumla respublikamızın səmərəli əməkdaşlıq əlaqələri barədə məlumat vermişdir. O, İnsan hüquqları üzrə Ümumi Bəyannamənin dünyaya bərabərlik, sülh və inkişaf naminə ayrı-seçkiliyin yolverilməzliyi prinsipini bəyan etdiyini söyləyib.
Qeyd olunub ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, sosial və iqtisadi sahədə islahatların həyata keçirilməsi, insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin qəbul olunması insan hüquqlarının müdafiəsində yeni, səmərəli təcrübə formalaşdırmışdır. Zaman keçdikcə hər yeni inkişaf mərhələsi insan hüquqlarının təmin olunması sahəsində yeni məqsədlər və prioritetlər doğurur ki, bu da yeni islahatların zəruriliyini gündəmə gətirir.
Bu baxımdan 10 fevral 2017-ci il tarixdə ölkə Prezidenti tərəfindən imzalanmış adıçəkilən Sərəncam da insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ oldu, mahiyyətcə hərtərəfli olmaqla, özündə insan hüquq və azadlıqlarının əsas prinsiplərini, azadlıq hüququnun təmini baxımından isə strateji, yeni və kompleks yanaşmaları, əsaslı dəyişiklik və əməkdaşlığı özündə ehtiva edir.
Həyata keçirilən hüquqi islahatlar insan hüquqlarının genişləndirilməsi baxımından həbs və ya məhkum olunmuş şəxslərin hüquqlarını əhatə etməklə dövlətin sosial məsuliyyətliliyini daha da artırır. Cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxsin azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud çətinliklər və zərurət məlum Sərəncam əsasında önə çəkilməklə yanaşı, icrası da dövlətin siyasətinin tərkib elementinə çevrilir.
Ombudsman cəza icra sahəsində humanizm prinsipinin daim dövlət başçısının fəaliyyətində açıq-aşkar özünü biruzə verdiyini, mütəmadi olaraq əfv sərəncamlarının verildiyini, amnistiya aktlarının qəbul olunduğunu, qanunvericiliyə edilən dəyişikliklərlə bağlı təşəbbüslərin bu yanaşmanın əsas göstəricilərindən olduğunu qeyd edib.
Bildirilib ki, Müvəkkilin Milli Preventiv Mexanizm mandatı çərçivəsində də Sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrasına məsul dövlət orqanları ilə müvafiq istiqamətlər üzrə əməkdaşlıq edilməklə, geniş fəaliyyətin həyata keçirilməsi təmin olunacaq. Burada qarşıda duran vəzifə Sərəncamın icrası çərçivəsində dövlət qurumları tərəfindən düzgün koordinasiya və yanaşmalar əsasında əməkdaşlığın qurulması olması ilə yanaşı, həyata keçirilən tədbirlərin icrasında ictimai nəzarətin də təşkili olduqca vacib amillərdən olduğundan, uğurlu islahatlar naminə bütün imkanlar bu işə sərf ediləcək.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardini çoxsaylı müxtəlif təşkilatların nümayəndələrinin toplandığı, olduqca aktual mövzuya həsr olunmuş bu ictimai müzakirənin təşkilinə və dəvətə görə Ombudsmana minnətdarlığını bildirib, mövzu üzrə fikirlərini, xüsusilə uşaq hüquqları baxımından dünya təcrübəsi barədə ətraflı məlumat verib. O, Sərəncama əsasən, qanunla ziddiyətdə olan uşaqlara münasibətdə alternativ cəzaların, Probasiya xidmətinin yaradılmasının və digər mühüm müddəaların nəzərdə tutulduğunu yüksək dəyərləndirmiş, uşaq hüquqları sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Deputat Vüsal Hüseynov adıçəkilən Sərəncamın hüquq islahatlarının bir hissəsi olsa da, eyni zamanda yeni səhifə açdığını, qanunvericiliyin təkmilləşdirilməsi və institusional quruculuq sahəsində yeni vəzifələrin nəzərdə tutulduğunu bildirib. O, müvafiq müddəaları və tövsiyələri təhlil edərək, bunun dövlətin humanist siyasətinin daha bir göstəricisi olduğunu, habelə kadr potensialının daha gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Qrupunun rəhbəri Rəşid RumzadəMüvəkkilin Milli Preventiv Mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə keçirilən başçəkmələr, saxlanılma şəraiti və rəftar məsələləri ilə bağlı verilmiş tövsiyələr haqqında məlumat verib. O, Sərəncamdan irəli gələn məsələlər, probasiya xidməti, məhkumların əmək fəaliyyəti və islah olunması, həbs qətimkan tədbirlərinin tədbirlərinin tətbiqi problemləri, kriminal davranışların yaranma səbəblərinin öyrəlinməsi və qarşıasının alınması məsələlərinə toxunub.
"Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin sədri Rafiq Alışov Müvəkkilin təşkil etdiyi bu mühüm tədbiri dəstəklədiyini, inkişafa yönəlmiş Sərəncamın çox geniş sahəni əhatə etdiyini, probasiya xidmətinin Ədliyyə Nazirliyinin hüquqi bazasından daha çox sosial bazası olduğunu bildirmiş, habelə dövlət və QHT-lərin, vətəndaş cəmiyyətinin əməkdaşlığını önə çəkib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı mövzu ilə bağlı fikirlərini bildirib, Sərəncamın ölkə başçısının həyata keçirdiyi humanist siyasətin davamı olaraq cinayət təqibi və cəza təyini prosesində azadlıq hüququnun daha səmərəli müdafiəsi, cəzanın qarşısına qoyulmuş məqsədlərə çatmaqla cəzanın effektivliyinə nail olunması istiqamətində mühüm vəzifələr nəzərdə tutduğunu vurğulayıb.
Ali Məhkəmənin hakimi Fərman Kərimov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov, Baş Prokurorluğun nümayəndəsi Mahir Tağıyev, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin idarə rəisi Musa Hümbətov Sərəncamın icrasından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində təmsil etdikləri qurumların fəaliyyəti barədə ətraflı məlumat verib, fikirlərini bölüşüblər.
Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsi İmrəli Məmmədov, QHT-nin təmsilçisi Səadət Bənənyarlı və digərləri qarşıda duran vəzifələr, həllini gözləyən məsələlər və əməkdaşlıq istiqamətində fikir və mülahizələrini bildiriblər.
Ombudsman adı çəkilən ictimai müzakirəsinin qarşılıqlı əməkdaşlığın bir nümunəsi olduğunu söyləyərək, cəmiyyətin bütün qruplarını bu Sərəncamın icrasına cəlb etməyin, barışıq, münaqişələrin həlli olan mediasiya institutunun yaradılmasının, hüquqi maarifləndirmənin vacibliyini bildirib.
İctimai müzakirədə səmərəli fikir mübadiləsi, əməkdaşlığın gələcək perspektivləri üzrə müzakirələr aparılmışdır. İştirakçılar bu Sərəncamın imzalanmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmiş, bu sənədin dövlət idarəçilik sisteminin müasirləşdirilməsinə və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlərə, cəza siyasətinin humanistləşdirilməsinə mühüm tövhə verəcəyini vurğulanıb.
Dövlət qurumları və məhkəmə orqanlarının nümayəndələri, vətəndaş cəmiyyəti üzləri Sərəncamın icrası üzrə öz təkliflərini veriblər. Bu təklif və tövsiyələr müvafiq qaydada təhlil olunub tövsiyə kimi aidiyyəti təşkilatlara göndəriləcək.