“Uşaqlar arasında intihar halları artıb” Hadisə

“Uşaqlar arasında intihar halları artıb”

Martın 6-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. İclasda hazırlanmış "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Aqiyyə Naxçıvanlı bildirib ki, qanun layihəsi Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanda uşaqların hüquqlarını və azadlıqlarını, uşaqların sağlamlığının inkişafının qorunması, onların mənəviyyatına, psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının digər hüquqi və fiziki şəxslərin vəzifələrini müyyən edir. Layihə 5 fəsil və 23 maddədən ibarətdir. Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq layihədə hüquqların pozulmasına görə məsuliyyət də öz əksini tapıb. Layihədə informasiya məhsulları və bu məhsulları qəbul edən şəxslərin yaş qrupları təsnifatlandırılır. Layihədə informasiya məhsullarının dövriyyəsinə aid ümumi tələblər, informasiya məhsulunun nişanı, infromasiya məhsulunun televiziya və radio yayımı vasitəsilə yayımlanmasına görə tələblər, məlumatın informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə yayılmasının xüsusiyyətləri, uşaqlar üçün qadağan olunmuş informasiya məhsullarının dövriyyəsinə əlavə tələblər əksini tapıb.Komitə sədri əlavə edib ki, heç kim bilmir ki, uşaqlar internet klublarda nəyə baxır. Elə ailələr var ki, kompüterdən anlayışı yoxdur, uşağa necə nəzarət edə bilər? O, uşaqların bu fəaliyyəti ilə maraqlanmaq lazım olduğunu vurğulayıb: "Uşaqların internet klublara getməsi nəzarət altında saxlanılmalıdır. Uşaq internet kluba gedir, pulunu ödəyir, istədiklərinə baxır. Bunun üçün maarifləndirmə işləri aparmaq lazımdır. Telekanllarda maarifləndirici verilişlər hazırlanmalıdır. Çünki bu zərərli işlər uşaqların sağlamlığına və inkişafına ziyan vurur". Millət vəkili Ağacan Abiyev telekanallarda yayımlanan verilişlərlə bağlı narahatlığını ifadə edib: "Bəzi verilişlər "12+", "18+" işarələri ilə yayımlanır. Bunun mənasını isə valideynlər bilmir. Proqramlar üzərində yaş kateqoriyası üzrə işarələnmə aparılmalıdır. Çünki bəzi valideynlər bu işarələnmənin mahiyyətini başa düşmürlər. Ona görə də telekanallar 5 manat artıq xərcləməli, onun izahı xüsusi titrlərlə qeyd edilməlidir". Komitənin üzvü Dilarə Cəbrayılova isə KİV-lərin uşaqlarla bağlı bəzi məlumatların yayılmasında çox diqqətli olmasını vacib sayıb: "Son vaxtlar uşaqlar arasında intihar halları artıb. Lakin xəbər saytları durmadan intihar halları barədə məlumatlar verirlər. Bəzi informasiyalar isə uşaqlarda narkotikaya meyl yaradır. Bəzən hansısa TV-də uşağın üzünü örtməklə onun haqqında elə geniş məlumatlar verirlər ki, onun ailəsi həmin uşağa görə yaşayış yerini dəyişməyə məcbur olur. Buna görə də belə məsələlərlə bağlı çox diqqətli olmaq lazımdır". İclasda layihənin rəy və təkliflər nəzərə alınmaqla, yenidən komitədə müzakirəyə çıxarılması qərara alınıb.