Varlanmaq xəstəliyi... Hadisə

Varlanmaq xəstəliyi...

Arzu Şirinova

Bəzi məmur övladlarının özbaşnalığından, qudurğanlığından mətbuat çox yazıb, siz də çox oxumusunuz. Hansı birini deyim, onların insanları alçatmağınımı, jurnalisti sifarişlə döydürmələrinimi, avtoşluq edib qəza törətməklərinimi və bu zaman bir ailənin faciəsinə səbəb olmalarınımı? Saymaqla qurtarmaz. Bunun da günahkarı həmin məmurların özləridir. Hiyəsi çox bəsitdir-bütün problemlərini və həyatda nələrə sahibdirlərsə hamısının pulun gücünə həll edilməsi. Əvvəldən başlayaq. Təbii ki, bəzi məmurlar övladlarını yüksək məbləğdə dayə tutaraq saxlatdırır. Bəli saxlatdırır. Çünki məmur arvadlarının əksəriyyəti bunu həm də elit təbəqənin seçdiyi bir yol olaraq görürlər və digərindən fərqlənməmək üçün həmin yolla gedirlər. Var-dövlət içində bəslənən övlada da dayənin hansı səviyyədə baxa biləcəyi zatən bəllidir-bütün istəklər sorğusuz-sualsız yerinə yetirilir. Bəli, həmin məmur övladlarının orta məktəb illəri başlayır. Hər kəsdən fərqlənən bu övladlar xüsusi maşınlarla məktəbə gətirilib aparılır. Məktəbdə müəllimlərin onlara artıq-əskik söz demək, dərsə hazır olmalarını tələb eləmək ixtiyarları belə yoxdur. Çünki bilirlər ki, sonra başları ağrıya bilər. İşləri ilə vidalaşa bilmək kimi qorxunu da yaşayarlar. Ona görə də hər kəsdən seçilən məmur övladlarının başları sığallana-sığallana orta məktəbi bitirməsi, eyni zamanda, həmin müəllimin qurtuluşu sayılır. Bu tip övladların ali məktəbə daxil olmaq məsələsi onlar orta məktəbin sonuncu sinifində oxuyanda belə həllini tapır. Ya ölkədə, ya da xaricdə, fərqi yoxdur. Əlqərəz, bunlar sürünə-sürünə də olsa "ali təhsili" başa vururaraq diplom alırlar. Bu illər ərzində onların iş yerləri belə hazır olur. Elə ki, məlum iş yerlərinə təyin olunurlar dönürlər şiri nərə. Heç bir çətinlik görmədən qazandıqlarını birə beş artırmaq üçün bütün iyrəncliklərə gedirlər. Yəni belə demək mümkünsə atalarına beş təpik vururlar. Qudurğanlıqları o həddə çatır ki, mənsub olduqları xalqı hər addımlarında aşağılamaqdan, alçatmaqdan həzz alırlar. Sözsüz ki, onların belə həzzləri uzun sürmür. Və bir gün bütün elədiklərinin qarşılığını alırlar. Bu alınan qarşılıq müxtəlif yollarla ola bilər. Var-dövlət əldən gedər, vəzifədən uzaqlaşarsan. Vay o gündən ki, olunan pis əməllər Ulu Tanrı tərəfindən bədəllə ödənilməsin. Bax bu zaman illər uzunu xalqın boğazından kəsilərək yığılan var-dövlət kara gəlməyəcək...
...Bu günlərdə dostlardan biri maraqlı söhbət elədi. Deyir ki, müdirinin təqaüdə çıxmaq yaşı yaxınlaşır. Ancaq təqaüdə getmək fikrində deyil. Müdir yaxın ətrafı ilə söhbətində bildirib ki, onu işdən çıxarsalar nə edəcəyini, necə yaşayacağını bilmir. Halbuki, şəhərdə özünün 4-5 yerdə evi var, bağ evlərinin sayı bilinmir, çünki səfalı rayonların bir neçəsində villa tikdirib. Uşaqlarına da eyni istiqamətdə güzəran qurub. Yenə də gözü qonşuluqda yerləşən idarənin müdirinin qazandıqlarındadı. Hər gün onun qazandıqlarını dilə gətirməkdən özü bezməsə də, yaxın ətrafı artıq bezib...