Kəlbəcərli girovun oğlu səfirə etiraz edib Hadisə

Kəlbəcərli girovun oğlu səfirə etiraz edib

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin fikirlərinə münasibət bildirib.
K.Əsgərov deyib ki, atası Kəlbəcərə gedərkən üzərində silah olmayıb.
"Səfərin atamın ermənilər tərəfindən girov götürülən zaman üzərində silahın olması haqqında dediyi fikirlər tamamilə yanlışdır. Rusiyanın səfiri bilməlidir ki, atamın üzərində silah olmayıb. Atam öz vətəninə, torpağına gedərəkən girov götürülüb. Bundan sonra iddia edərlər ki, guya atam girov götürülən zaman tankın içidə olub. Onlardan hər şey gözləmək olar".
Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bir neçə gün əvvəl verdiyi müsahibədə bildirib ki, D.Əsgərov girov götürülən zaman üzərində silah olub.
"Əsgərov oraya necə gedib çıxıb? Təmas xəttini necə keçib? Əslində onun başına nə iş gəlib? Nəyə görə silahlı olub? Biz situasiyanı tam dərk edə bilməmişik. Baxın, Əsgərovun Lapşindən fərqi budur. Ancaq bu o demək deyil ki, Rusiya Əsgərovdan üz döndərir".
Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma "məhkəmə"nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.