

“Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə qardaş Azərbaycan xalqını və media nümayəndələrini ürəkdən təbrik edirəm”.
Türkiyə səfirliyindən APA-ya verilən xəbərə görə, bunu Naxçıvanda keçirilən “MEDİAFEST-2025”ə videomüraciətində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun bildirib.
“Azərbaycan mətbuatı 150 illik tarixi ilə yalnız xəbər çatdırmaqla kifayətlənməyib, eyni zamanda, xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub. Dezinformasiyanın ən yüksək həddə çatdığı bir dövrdə, dəqiq məlumatı ictimaiyyətə çatdırmaq məsuliyyəti ilə hərəkət edən Azərbaycan mətbuatının həqiqət uğrunda apardığı mübarizəyə verdiyi töhfədən böyük məmnunluq duyuram. Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan dilində nəşr etdiyi “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan mətbuatının yolçuluğu bu gün də böyük uğurla davam edir”, - Fahrettin Altun qeyd edib.
O, xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan mətbuatının ölkənin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq və sistemli dezinformasiya cəhdlərinin qarşısını almaq uğrundakı fəaliyyətindən bəhs edib: “Siz haqlı mübarizənizi böyük əzmlə müdafiə edərkən, eyni zamanda, həqiqətin də carçısı oldunuz. Beynəlxalq ictimaiyyətin yalan, uydurma məzmun və dezinformasiya ilə zəhərlənməsinin qarşısını aldınız”.
Altun onu da qeyd edib ki, Azərbaycan və Türkiyə arasında mətbuat sahəsindəki əməkdaşlıq, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu” ilə daha da güclənib: “Azərbaycan və Türkiyənin ortaq media platforması da kommunikasiya və media sahəsində əməkdaşlığı və Türk dünyası ilə münasibətlərin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkə arasındakı əlaqələr “Bir millət, iki dövlət” prinsipi ilə kommunikasiya sahəsindən enerjiyə, logistika sahəsindən müdafiə sənayesinə qədər hər sahədə özünü göstərir”.