Nigeriyada meningit və Lassa qızdırması səbəbilə 366 nəfər dünyasını dəyişib Dünya

Nigeriyada meningit və Lassa qızdırması səbəbilə 366 nəfər dünyasını dəyişib

Bu il Nigeriyada heyvanlardan insanlara keçən meningit və Lassa qızdırması epidemiyalarından 366 nəfərin dünyasını dəyişdiyi bildirilir.

APA xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən dərc edilən hesabatda, yanvarın 1-dən mayın 18-dək ölkənin 24 əyalətində Lassa qızdırması hallarında artım müşahidə edildiyi, meningit hadisələrinin daha geniş coğrafiyaya yayıldığı bildirilib.

Hesabatda qeyd olunan tarixlər arasında 5118 şübhəli Lassa qızdırması hadisəsinin qeydə alındığı, onlardan 733-nün laborator müayinələrlə təsdiqləndiyi və 141 nəfərin həlak olduğu bildirilib.

Bu sayın xəstəlik üçün 19,2 % ölüm nisbətinə bərabər olduğu bildirilən hesabatda, ölkənin Edo, Ondo və Benue əyalətlərində yeni halların sayının təkcə ilin 20-ci həftəsində 3-dən 13-ə yüksəldiyi göstərilir.

Hesabatda həmçinin sözügedən dövrdə 2911 şübhəli meningit hadisəsindən 192-nin təsdiqləndiyi, 225 nəfərin isə bu səbəblə həlak olduğu qeyd edilir.

Nigeriya hökuməti 2030-cu ilə qədər meningitə qalib gəlmək üçün yeni tədbirlər gördüyünü açıqlayıb.