Azərbaycan aqrar sektorda geniş potensiala malik ölkədir Hadisə

Azərbaycan aqrar sektorda geniş potensiala malik ölkədir

2004-cü ildən etibarən uğurla icra olunan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları bölgələrin simasını əsaslı dərəcədə dəyişməklə yanaşı, respublikanın şəhər və rayonlarında açılan yeni müəssisə və zavodlar hesabına işsizlik probleminin də aradan qaldırılmasına müsbət təsir göstərdi. Hazırda da uğurla davam edən bu proqram çərçivəsində qeyri-neft sektorunun mühüm sahələrindən biri olan kənd təsərrüfatı öz inkişaf dövrünü yaşayır. Regionlar üzrə ənənəvi sahələrin müəyyən edilib inkişaf etdirilməsi həm ölkəmizin ixrac potensialını artırır, həm də yerli məhsullar hesabına daxili tələbat ödənilir. Elə bir neçə gün Prezident İlham Əliyevin iştirakı ilə Qaxda tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi də məhz bu məqsədə xidmət edirdi.
Bu həm də ölkəmizdə aqrar sahənin inkişafına təkan verən başlıca amillərdən biridir. Millət vəkili Eldəniz Səlimov deyir ki, Azərbaycan yeni şəraitdə qeyri-neft iqtisadiyyatının mühüm istiqamətlərindən biri kimi aqrar sektorun inkişafına böyük diqqət göstərir. Bu sahədə istehsal və ixrac imkanlarının artırılması məqsədilə yeni proqramlar qəbul edilir, praktiki müstəvidə ciddi tədbirlər görülür. Millət vəkili bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafının prioritet hədəflərdən biri kimi müəyyənləşdirilməsi isə heç də təsadüfi deyil: "Çünki Azərbaycan aqrar sektorda geniş potensiala malik olan ölkədir".
Onun fikrincə, münbit torpaqlar, gözəl iqlim xüsusiyyətləri, ölkənin əlverişli coğrafi mövqedə yerləşməsi, son illərdə regionlarda yaradılan müasir infrastruktur, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi respublikamızda kənd təsərrüfatının inkişafı qarşısında geniş perspektivlər açır:"Aqrar sektorun zəngin potensialından səmərəli istifadə etməklə Azərbaycan həm ərzaq məhsullarına olan daxili tələbatını sırf yerli istehsal hesabına təmin edə bilər, həm də yaxın, uzaq xarici bazarlara yüksəkkeyfiyyətli məhsullar çıxarar. Bütün bunlar respublikamızda aqrar sektorun üstün inkişafının təmin olunmasının aktuallığı barədə konkret təsəvvür yaradır. Prezident İlham Əliyev daim ölkəmiz üçün kənd təsərrüfatının inkişafının önəmini xüsusi vurğulayır. Son illərdə intensiv metodlardan geniş istifadə olunması, yeni təsərrüfatçılıq üsullarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Prezident İlham Əliyevin sədrliyi ilə Qax rayonunda keçirilən respublika müşavirəsində tütün, barama və fındıq istehsalının inkişafı məsələləri geniş müzakirə edilib. Hər üç sahə üzrə istehsal imkanları genişdir və respublikamızın bu baxımdan ixrac potensialını genişləndirmək imkanı yaradır. Əminəm ki, dövlət başçısının verdiyi tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək və gələcəkdə bu sahələr üzrə yüksək nəticələr əldə olunacaq. Sahibkarlar və yerli fermerlər bu məsələdə daha da fəal olmalıdırlar. Çünki dövlətimiz onlara hər cür dəstək verir".
Millət vəkili Sədaqət Vəliyeva isə bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2004-cü ildən başlayaraq ölkə iqtisadiyyatında yeni bir istiqaməti - regionların sosial-iqtisadi inkişafını dövlət siyasətinin prioriteti elan etdi. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının reallaşdırılması nəticəsində ümumən Azərbaycanın tərəqqisi təmin edilmiş oldu: "2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən proqramlar daxilində görülmüş işlər bir sıra hədəfləri reallaşdırmağı təmin edib. Birincisi, Azərbaycanın bütün bölgələrində abadlıq-quruculuq işləri həyata keçirilib, olimpiya kompleksləri, diaqnostika mərkəzləri, məktəblər, bağçalar, xəstəxanalar və bir çox istiqamətli müxtəlif sosial əhəmiyyətli obyektlər inşa edilərək insanların istifadəsinə verilib. Ümumilikdə, görülmüş bu işlərin nəticəsində bölgələrin siması əhəmiyyətli şəkildə dəyişib, gözəlləşib. İkincisi, həyata keçirilən infrastruktur layihələri əsasında bölgələrdə yeni yollar salınıb, elektrik stansiyaları, qaz və su xətləri inşa edilib. Bununla da, hazırda Azərbaycanın demək olar ki, bütün rayonlarında, qəsəbələrində, kəndlərində elektrik, qaz və su ilə təminat ən yüksək səviyyədədir. Üçüncüsü, regionlarda həyata keçirilən aqrar və sənaye layihələri əsasında Azərbaycanın kənd təsərrüfatı üçün ənənəvi sayılan sahələr dirçəldilib, bərpa edilib, yeni sənaye məhəllələri salınıb, istehsal müəssisələri inşa edilib. Bununla da, bölgələrdə yeni iş yerləri açılıb, insanların yaşayış səviyyəsi yüksəlib. Məhz, bu proseslər bu gün də davam etdirilməkdədir. Bir sözlə, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları Azərbaycanın kompleks inkişafının konseptual əsaslarını təşkil edir". Millət vəkilinin sözlərinə görə,,bu gün hər bir azərbaycanlı əmindir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə reallaşdırılan inkişaf kursu Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına çıxaracaq: "Hazırda Azərbaycanın bütün bölgələrində lazımi infrastruktur layihələri uğurla icra edilib və bölgələrimiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub".