
1875-ci ilin 22 iyulunda görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyində fəaliyyətə başlayan “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsası qoyulub. “Əkinçi” o dövrün problemlərini öz səhifələrində məharətlə əks etdirib, insanları maariflənməyə, oyanışa səsləyib. Qısa zamanda (1875-1877) fəaliyyətdə olmasına baxmayaraq “Əkinçi” cəmiyyətin həyatında çox böyük rol oynayıb və onun ardınca yaranan bir çox mətbu orqanlarda “Əkinçi”nin ideyaları davam etdirilib.
22 iyulda Azərbaycanda milli mətbuatın yaranmasının 151-ci ili tamam olub.
Media ekspertləri, jurnalistlər “Xalq Cəbhəsi”nə milli mətbuatın keçdiyi yol, həmçinin müasir dövrdə Azərbaycan mətbuatının vəziyyəti haqqında danışıblar.
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid söyləyib ki, böyük Həsən bəy Zərdabi 151 il bundan öncə çox məşəqqətlərlə, çətinliklərlə “Əkinçi” qəzetini ərsəyə gətirdi və Azərbaycan milli mətbuatının tarixi də məhz “Əkinçi” qəzetindən başlayır: ““Əkinçi” qəzetindən sonra arada qısa fasilələr yaşansa da XX əsrin əvvəllərində Azərbaycan mətbuatının intibah dövrü olub. O zaman “Həyat”, “İrşad” qəzetləri, “Molla Nəsrəddin” jurnalı və digər çox əhəmiyyətli mətbuat orqanları işıq üzü görməyə başladı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir Hacıbəylinin redaktoru olduğu “Azərbaycan” qəzetini xüsusi vurğulamaq lazımdır. Məhz bizim jurnalistlərin, mətbuat fədailərinin Cümhuriyyətin qurulmasında da rolları oldu”.
“Mətbuatımızın tarixi irsinə münasibət çox yüksək səviyyədədir”
R.Məcid xüsusilə qeyd edib ki, bu gün mətbuatımızın tarixi irsinə münasibət çox yüksək səviyyədədir: “ADA Universiteti “Azərbaycan” qəzetinin transliterasiyasını həyata keçirib. Artıq qəzetin 15 cildi çap olunub. Cümhuriyyət dövründəki ab-havanı duymaq baxımından belə bir işin həyata keçirilməsi böyük ehtiram, hörmət doğurur. Mən buna görə ADA Universitetinin rektoru Hafiz Paşayeva xüsusi minnətdarlığımı bildirirəm. Eyni zamanda, “Azərbaycan” qəzeti ilə yanaşı, digər mətbuat orqanlarının - jurnalların da transliterasiyası işıq üzü görüb. Bu da həmin dövrün mətbuat tariximizi öyrənmək baxımından böyük bir hadisə, misilsiz bir töhfədir. Sovet dövründə də Azərbaycan mətbuat işçiləri, jurnalistlər dilimizin saflığının qorunmasında mühüm rol oynayıblar. Danılmaz həqiqətdir ki, Azərbaycan mətbuatı senzuralı bir mühitdə fəaliyyət göstərməsinə baxmayaraq dilimizin saflığını hər zaman qoruyub saxlamağa çalışıb”.
Yeni üfüqlər
Baş redaktor Azərbaycan müstəqillik qazanandan sonra mətbuatımızın həyatında yeni üfüqlərin yarandığını vurğulayıb: “1998-ci ilin avqust ayında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Fərmanı ilə mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi və bununla senzura aradan qalxdı, Azərbaycan mətbuatının inkişaf dövrü başladı. Biz həmişə Ümummilli liderin Azərbaycan mətbuatına yaratdığı şəraitə görə minnətdarlığımızı bildirmişik. Bu gözəl ənənə cənab Prezident İlham Əliyevin dövründə də davam etdirilir. Biz İlham Əliyevin mətbuata hər zaman diqqət və qayğısını görmüşük və cənab Prezident müstəqil mətbuatın demokratik ölkə üçün nə qədər vacib olduğunu dəfələrlə öz çıxışlarında bildirib…”.
Media idarəçiliyi bir əsasda
MŞ sədri həmçinin yeni media haqqında qanunun qəbul olunması, Medianın İnkişafı Agentliyinin yaranması, Media və Yayım Şurasının fəaliyyətə başlaması haqqında da danışaraq media idarəçiliyinin bir əsasda birləşdirilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb.
Baş redaktor əlavə edib ki, son illərdə mədəniyyət paytaxtımız Şuşada media forumlarının keçirilməsi, cənab Prezidentin burada iştirakı, dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərin suallarını cavablandırması həm Şuşanı dünyanın mətbuat paytaxtına çevirib, eyni zamanda, cənab Prezident dünyada baş verən qlobal proseslərə sanballı münasibət bildirən bir siyasi lider kimi mətbuatımızı dünya mətbuatının ön cərgəsinə çıxarıb.
“Mətbuat cəmiyyətin aparıcı qüvvələrindəndir”
MŞ-nin Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, milli mətbuat hər zaman cəmiyyətdə baş verən dəyişikliklərin həm güzgüsü, həm də aparıcı qüvvələrindən biri olub: “Son 30 il ərzində, yəni müstəqillik illərində Azərbaycan mediası tamamilə yeni reallıqla üzləşib. Senzuranın ləğvi, söz və məlumat azadlığının hüquqi təminatı, özəl media sektorunun formalaşması, internet jurnalistikasının meydana çıxması və rəqəmsal kommunikasiya vasitələrinin sürətli inkişafı media sisteminin mahiyyətini dəyişdirib. XXI əsrin mediası artıq yalnız qəzet, televiziya və xəbər saytlarından ibarət deyil. Sosial media platformaları ənənəvi medianın əsas rəqiblərinə çevrilib, süni intellekt texnologiyaları isə jurnalistika peşəsinin mahiyyətini yenidən formalaşdırmağa başlayıb. Belə şəraitdə medianın əsas üstünlüyü informasiyanı ilk çatdırmaq deyil, onun doğruluğunu təsdiqləmək, peşəkar standartlara uyğun təqdim etmək və ictimai etimadı qorumaq bacarığıdır”.
“Milli mətbuatımız öz ictimai missiyasını qoruyub saxlaya bilib”
M.Ələsgərli əlavə edib ki, son illərin geosiyasi prosesləri də göstərdi ki, media artıq yalnız ictimai institut deyil, eyni zamanda, milli təhlükəsizliyin mühüm elementlərindən biridir: “Xüsusilə Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə informasiya məkanında gedən mübarizə sübut etdi ki, dezinformasiyaya qarşı mübarizə, milli informasiya suverenliyinin qorunması və cəmiyyətin düzgün məlumatlandırılması dövlətin strateji prioritetləri sırasındadır. Bu baxımdan peşəkar jurnalistikanın əhəmiyyəti daha da artır. Çünki informasiya bolluğu şəraitində ən böyük problem informasiyanın çatışmazlığı deyil, etibarlı informasiyanın seçilməsidir. 151 illik inkişaf yolu göstərir ki, Azərbaycan milli mətbuatı bütün tarixi sınaqlardan keçərək öz ictimai missiyasını qoruyub saxlaya bilib. Bu gün də onun əsas vəzifəsi dəyişməz qalır: cəmiyyəti obyektiv məlumatlandırmaq, ictimai maraqları müdafiə etmək, peşə etikası prinsiplərinə sadiq qalmaq və milli informasiya məkanının dayanıqlığının möhkəmləndirilməsinə töhfə vermək. Məhz bu prinsiplər üzərində qurulan media həm dövlətin, həm cəmiyyətin, həm də demokratik inkişafın etibarlı tərəfdaşı ola bilər”.
“O çırağın işığında irəli gedirik”
MŞ-nin İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət söyləyib ki, Azərbaycan mətbuatı qurulduğu anda böyük şəxsiyyət Həsən bəy Zərdabinin arzu etdiyindən minlərlə dəfə irəli gedib: “Zərdabi sadəcə olaraq “Əkinçi”ni çap edərkən milləti maarifləndirmək məqsədini qarşısına qoymuşdu. Təbiidir ki, işğalçı çar Rusiyası o dönəmdə bu qəzetin yaşamasına imkan vermədi, cəmi 56 nömrədən sonra qəzetin çapı dayandırıldı. Lakin Zərdabi elə bir çıraq yandırdı ki, aradan 151 il keçməsinə baxmayaraq biz hələ də o çırağın işığında irəli gedirik”.
“Mətbuatımız Zərdabinin xəyal edə bilməyəcəyi zirvəyə yüksəlib”
Əməkdar jurnalistin sözlərinə görə, bu gün Azərbaycan mətbuatı, bütövlükdə mediası Zərdabinin xəyal belə edə bilməyəcəyi zirvəyə yüksəlib: “Yəni bizim mediamız həqiqətən də bir zamanların arzularını çoxdan kölgədə qoyub. Həddindən artıq irəli getmişik. Bu gün dünyada media sahəsində elə bir icad, elə bir tətbiq yoxdur ki, Azərbaycanda da olmasın. Yəni biz dünyanın ən aparıcı dövlətlərinin mediası ilə ayaqlaşa bilirik. Əlbəttə ki, bu da Zərdabinin arzularının yüksək səviyyədə çin olması deməkdir. Baxmayaraq ki, o, bunları o dönəmdə xəyal belə edə bilməzdi. Amma biz vaxtın axarında zamanın nəbzini tutaraq bu zirvəyə yüksələ bilmişik”.
Röya İsrafilova