Meşə yanğınları: hansı bölgələrdə daha çox risk var? Cəmiyyət

Meşə yanğınları: hansı bölgələrdə daha çox risk var?

Yay aylarında meşə yanğınları tez-tez meydana gəlir. Bir çox dünya ölkələrində baş verən bu meşə yanğınları ətraf mühitə çox ziyan vurur.
Meşə yanğınları ilə mübarizə aparan ölkələrdən biri də qardaş Türkiyədir. Demək olar ki, hər il yay aylarında Türkiyənin bir neçə bölgəsində çoxlu meşə yanğınları baş verir.
Bəs Azərbaycanın hansı bölgələrində meşə yanğınları ilə bağlı daha çox risk var?
“Xalq Cəbhəsi” sual ətrafında mütəxəssislərin fikirlərini öyrənib.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, son illər dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda meşə yanğınlarının sayı artıb: “Yay aylarında Kanada, ABŞ, İspaniya, Portuqaliya, Yunanıstan, Rusiya, Fransa, Türkiyə və Avstraliyada iri meşə yanğınları baş verir. Nəticədə bu, minlərlə hektar yaşıllığın məhv olmasına gətirib çıxarır. Meşə yanğınları xüsusilə piknik mövsümündə daha çox müşahidə olunur. İyun, iyul, avqust aylarında temperaturun yüksəlməsi, bəzən 40 dərəcəyə belə çatması, rütubətin azalması meşə yanğınlarına səbəb olur. Güclü küləklər isə yanğınların çox sürətlə yayılmasına şərait yaradır. Qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlar nəticəsində ekstremal isti hava dalğalarının artması meşə yanğınlarını artırır. Davam edən uzunmüddətli quraqlıq da meşə yanğınlarına rəvac verir. Rütubətin azalması nəticəsində çoxalan quru budaqlar, qurumuş otlar tezalışan maddəyə çevrilir. Onların alışması üçün bəzən xırda bir qığılcım da bəs edir. Maraqlıdır ki, ötən il ABŞ-də meşə yanğınları yanvar ayında bu səbəbdən baş vermişdi. Ona qədər son 6 ayın quraqlıq keçməsi meşələrdə quru budaqların və xırda otların çoxalmasına səbəb olmuş, avtomobil qığılcımından böyük yanğın törənmişdi”.

Antropogen təsirlər

E.Cəfərli qeyd edib ki, meşə yanğınlarının nəticələri təkcə ağacların məhv olması ilə məhdudlaşmır: “Yanğınlar atmosferdə milyonlarla ton karbon qazının toplanmasına səbəb olur, biomüxtəlifliyi azaldır, torpağın münbitliyini zəiflədir, su hövzələrinin çirklənməsinə gətirib çıxarır. Bu fəsadlar isə insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Tüstü havanın keyfiyyətinə təsir edir, tənəffüs yolları xəstəliklərinin yayılmasına səbəb olur. Çox təəssüf ki, meşə yanğınlarının böyük əksəriyyəti antropogen təsirlər üzündən baş verir. Piknik zamanı söndürülməyən ocaq külək vasitəsilə ətrafa qığılcım saçır və yanğınlara səbəb olur. Avtomobillərin tüstü yerindən çıxan qığılcım, söndürülməmiş siqaret kötüyü, hətta meşəyə atılmış şüşə qırıntıları belə böyük bir meşə massivinin məhv olması ilə nəticələnən güclü yanğınlara gətirib çıxarır. Belə ki, isti havalarda günəş şüaları şüşə qırıntıları üzərində əks olunur və qığılcımdan alov yaranır. Ona görə də meşələrin qorunması sosial məsuliyyət məsələsidir. Ekoloji şüuru yetkin olan vətəndaş meşə yanğınlarının baş verməsinə səbəb olmaz. Unutmaq lazım deyil ki, yanğın zamanı təkcə ağaclar yanmır, ot örtüyü, heyvanlar, həşəratlar məhv olur, ekosistem təhlükə altına düşür. Bəzən taxıl, arpa biçinindən sonra fermerler küləşli sahəni yandırırlar. Bu da ətrafda mövcud olan meşə sahəsi üçün risklər yaradır. Yaxşı olar ki, əkinçilər bu nüansı nəzər alsınlar”.

İnsan amili

Onun sözlərinə görə, rəsmi məlumatlara görə, Azərbaycanın ümumi meşə fondu təxminən 1 milyon hektara yaxındır: “Bu isə respublika ərazisinin təxminən 11,8 faizini təşkil edir. Meşələrin böyük hissəsi Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarındadır. Ekspertlərin fikrincə, ölkəmizdə meşə yanğınlarının əksəriyyəti təbii səbəblərdən deyil, insan amili nəticəsində baş verir. Ən çox meşə yanğınları meşə örtüyünün sıx olduğu dağlıq və dağətəyi rayonlarda, xüsusilə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Lerik, Yardımlı, Lənkəran, Astara, Masallı, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər və Laçın rayonlarında qeydə alınır. Ekspertlərin fikrincə, meşə yanğınlarının qarşısını almağın ən effektiv yolu profilaktik tədbirlərin gücləndirilməsidir. Meşələrdə nəzarət sistemləri genişləndirilməli, müşahidə kameralarının sayı artırılmalıdır”.

Əhalinin maarifləndirilməsi

İctimai Birlik sədri vurğulayıb ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması üçün əhalinin maarifləndirilməsi çox vacibdir: “İstirahət zonalarına üz tutan insanlar məsuliyyətli davranış sərgiləsələr, yanğınların böyük hissəsi baş verməz. Yaxşı olar ki, insanlar piknik ərazisini tərk edən zaman qaladıqları ocaq tam söndürülsün. Ocaq su ilə söndürülməli, tam əmin olmaq üçün üzəri torpaqla örtülməlidir. Söndürülümüş ocaqdan tüstü çıxarsa belə, ərazini tərk etmək olmaz. Tonqalın söndüyünə tam əmin olmaq lazımdır. Yanğınlar həm də təbiət hadisələri nəticəsində: ildırım, vulkan, zəlzələ, sül və daşqınlar zamanı baş verir. Bu görə də hadisənin nə zaman və harada baş verəcəyini proqnozlaşdırmaq olmaz. Meşə yanğınlarına daim hazırlıqlı olmaq lazımdır. Bunun üçün yanğından mühafizə tədbirləri gücləndirilməlidir”.

“İşğaldan azad olunmuş ərazilərimiz yanğına həssas bölgələrdir”

E.Cəfərli eləcə də deyib ki, işğaldan azad olunmuş ərazilər Azərbaycanın meşə yanğınları baxımından ən həssas bölgələrindən hesab olunur: “Mütəxəssislərin fikrincə, bu vəziyyətin əsas səbəbləri uzun illər ərzində dağıdılmış yanğından mühafizə və meşə təsərrüfatı infrastrukturunun hələ tam bərpa olunmaması, mürəkkəb dağlıq relyef, geniş meşə massivləri, bəzi ərazilərdə mina təhlükəsinin qalması və operativ müdaxilə imkanlarının məhdud olmasıdır. Bu amillər yanğınların vaxtında aşkarlanmasını və söndürülməsini çətinləşdirə, alovun daha geniş ərazilərə yayılması riskini artıra bilər. Məhz buna görə də işğaldan azad olunmuş bölgələrdə müasir yanğın müşahidə sistemlərinin qurulması, meşə yollarının bərpası, su təchizatı infrastrukturunun gücləndirilməsi və erkən xəbərdarlıq mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir”.

“Yayın sonuna yaxın meşələrdə ehtiyatlı olmaq lazımdır”

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov söyləyib ki, meşə yanğınlarının baş vermə səbəbi isti hava temperaturları və havanın uzun müddət quraq keçməsi ilə əlaqədardır: “Belə olan hallarda, xüsusilə də yayın sonlarına yaxın meşələrdə çoxlu qurumuş ot, yarpaq kütləsi əmələ gəlir. Bu da yanğına qarşı həssas olur. İstənilən bir ehtiyatsızlıq, ildırım vurması və digər səbəblərdən meşə yanğınları baş verə bilir. Buna görə də yay vaxtı, xüsusilə də yayın sonuna yaxın meşələrdə ehtiyatlı olmaq lazımdır. Ocaq qalamaq olmaz. Çünki ocaq qalanan zaman hətta o, söndürülsə belə xırda köz qala bilir. Bu da meşələrin yanmasına, həmçinin irimiqyaslı yanğınların baş verməsinə səbəb ola bilir”.

Azərbaycanda yanğına həssas bölgələr

Hazırda Avropa ölkələrində meşə yanğınları baş verdiyini söyləyən ekspert Azərbaycanda da kifayət qədər yanğına həssas bölgələrin olduğunu vurğulayıb: “Bunlar əsasən Azərbaycanın meşəliyi olan Böyük və Kiçik Qafqaz regionlarıdır. Xüsusilə Böyük Qafqazın cənub yamacında uzun müddət quraq hava müşahidə olunması nəticəsində çoxlu quru ot, yarpaq kütləsi yığılır və bu da yanğınların baş verməsinə səbəb olur”.

“Torf yataqları səbəbindən yanğın baş verir”

İqlimşünas Məhərrəm Mehdiyev qeyd edib ki, antropogen amillər Azərbaycan meşələrinə də müəyyən təsirlər göstərməyə başlayıb: “Meşələrdə yanğınların baş verməsində bir çox səbəblər ola bilər. Yəni meşələr həm təbii səbəbdən yana bilər, həm də antropogen. Turistlər və ya meşələrdə gəzməyə gedən insanlar ocaq qalayanda əgər onu söndürmürlərsə, bu səbəbdən meşələr yana bilər. Bir də təbii yanma ola bilər ki, bu da meşələrin ərazilərində torf yataqlarının olması səbəbindən baş verir. Yəni isti havalarda torf qızır, sonra yanğın olur. Bizdə torf yataqları sənaye əhəmiyyətli deyil, onların əraziləri kiçikdir və torfların miqdarı da azdır. Düşünürəm ki, ölkədə hələ ki, bu sahəyə, yəni torf yataqlarının idarə olunmasına fikir verilmir”.

Röya İsrafilova