Media mənəvi dəyərləri qoruya bilirmi… Hadisə

Media mənəvi dəyərləri qoruya bilirmi…

Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Humanitar Araşdırmalar İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin qorunması" adlı layihə çərçivəsində "Çap mediada milli-mənəvi dəyərlərin təbliğinin vəziyyəti" adlı dəyirmi masa keçirilib.
Öncə ictimai birliyin sədri Nurlanə Mustafayeva qeyd edib ki, milli-mənəvi dəyərlərimiz bizim minillik tariximizdir, keçmişimiz və gələcəyimizdir.
"Bizi başqa millətlərdən ayıran və fərqləndirən də dərin tarixi köklərə dayanan dəyərlərimizdir. Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə sovet sistemi şəraitində xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və himayəsinə xüsusi qayğı və diqqətlə yanaşmışdır. Ulu öndərin məhz milli-mənəvi dəyərlərlə bağlı belə bir deyimi vardır.
O, deyirdi: "Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır. Bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır.
"Ulu öndər Heydər Əliyevin bu sözlərini həyata keçirən cənab Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərə verdiyi önəm onun bu sözlərində öz əksini tapır: "Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir. Azərbaycanın böyük və zəngin tarixi vardır. Milli-mənəvi dəyərlərimiz bizim üçün əsasdır."
Dəyirmi masada Parlament Jurnalistlər Birliyinin sədri, modern.az saytının baş redaktoru Elşad Eyvazlı, eyni zamanda layihənin eksperti millət vəkili Musa Qasımlı da mövzuyla bağlı geniş məruzə ilə çıxış ediblər.
Tədbirdə gənc jurnalistlər, media nümayəndələri, gənc alimlər iştirak edirbilər.
Mövzuyla bağlı maraqlı müzakirələr keçirilib.