Kəngərlidə sığorta fəaliyyətinin təşkili müzakirə edilib Hadisə

Kəngərlidə sığorta fəaliyyətinin təşkili müzakirə edilib

Cəmiyyətimizdə sığortanın inkişafı və onun bir çox növlərinin tətbiqi günün tələblərindəndir. Bu baxımdan müasir dövrdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında sığortanın əhəmiyyəti gündən-günə artmaqdadır. Bu fikirlər Kəngərli Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı keçirilən tədbirdə səsləndirilib. Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov son illərdə rayonda sığorta fəaliyyəti sahəsində görülmüş işlər haqqında danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov bildirib ki, muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə" keçirilən müşavirənin xüsusi əhəmiyyəti vardır.
Diqqətə çatdırılıb ki, vaxtında sığorta olunmaqla sığorta hadisələri baş verdikdə insan sağlamlığına, daşınmaz əmlaka, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə qarşı təminat verilir, vurulmuş zərərlərin qısa müddətdə bərpa olunmasına şərait yaradılır. Bu baxımdan ölkədə qüvvədə olan mövcud qanunlara əsasən vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari qaydada sığortalanması həyata keçirilir. Gözlənilməz hadisələrə qarşı sığorta olunmaq və belə hallar baş verdikdə vətəndaşların onlara dəymiş zərərlərə görə sığorta ödənişləri almaq hüquqları qanunla təmin olunur.
"Kəngərli rayonu üzrə cari ilin ilk 7 ayında, ümumilikdə 3001 sığorta müqaviləsi bağlanılıb. Onların 506-sı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 1147 ədədi isə daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılıb", - deyə H.Əsgərov diqqətə çatdırıb. Bildirilib ki, ölkədə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı bütün obyektlərin sığortası təmin edilməlidir. Bu məqsədlə Kəngərli rayonunda vətəndaşlar arasında sığorta maarifləndirilməsi işlərinə diqqətin daha da artırılması və ayrı-ayrı sığorta növləri üzrə işlərin genişləndirilməsi zərurəti vurğulanıb. Könüllü sığorta növlərinin, o cümlədən kənd təsərrüfatının, ev əmlakının sığortası, fərdi qəza sığortasının əhəmiyyətinə toxunan baş direktor bildirib ki, bunlar, son nəticədə, vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ona görə də könüllü sığortalar sahəsində aparılan maarifləndirmə və təşkilati işlər genişləndirilməlidir.
Tədbirdə Kəngərli Rayon Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Anar Həsənov, Kəngərli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Qrupunun baş dövlət avtomobil müfəttişi, polis mayoru Seyidrza Seyidov görülmüş işlər barədə məlumat veriblər. Rayon icra hakimiyyətinin başçısı sığorta sahəsində görüləcək işlərlə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.