Məsud Pezeşkianın həm işıqlı, həm də kədərli gözləri Hadisə

Məsud Pezeşkianın həm işıqlı, həm də kədərli gözləri

Bu gün 1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür. Dünyada çoxsaylı xalqlar olsa da onların heç də hamısı öz dilinə sahib çıxa, onun qoruya bilməyib. Azərbaycan xalqı, Azərbaycan türkləri bu baxımdan xoşbəxtdirlər.
Lakın dilimizi qorumaq heç də asan olmayıb. Zaman-zaman güneyli-quzeyli imperiya qonşularımız dilimizi bizdən almaq üçün min yola baş vurublar. Onlar elə indi də boş dayanmırlar. "Troya atı" misalı mərhələ-mərhələ içimizə yeritdikləri manqurtlar hesabına bu gün də dilimizə qarşı savaş, mən deyərdim ki, səlib yürüşü aparırlar.
Lakin şair demiş:

Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da, dilim dilim
Başqa dilə çönən deyil

Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm
Ana dilim ölən deyil

Bəli, Ana dilim ölən deyil, rusun, farsın dilinə çönən deyil. Rus-fars demiş, gecə çox qəribə yuxu gördüm. İranın azərbaycanlı Prezidenti Məsud Pezeşkianla üz-üzə oturmuşduq. Doktor məndən nə arzu etdiyimi soruşdu. Cavab verdim ki, Təbrizə getmək istəyirəm, amma Azad Təbrizə.
Təsəvvür edin Məsud bəyin gözündə həm işıq, həm də kədər yarandı. Elə burada təqdim etdiyim şəklindəki kimi. Sanki Məsud bəy mənə "elə mən də Azad Təbrizə getmək istəyirəm" demək istədi. Amma demədi. Çünki ətrafda çoxlu fars təmsilçiləri vardı...

Amma əminəm ki, bir gün biz Azad Təbrizə gedəcəyik. Elə Məsud bəylə birlikdə. Əminəm ki, bir gün biz Azərbaycan Əlifbası və Dili Gününün Azad Təbrizdə də qeyd edəcəyik. O gün heç də uzaqda deyil!

Nadir Azəri
Əməkdar jurnalist