Cənub bölgəsində 45 məktəbdə istilik sistemi yenilənib Hadisə

Cənub bölgəsində 45 məktəbdə istilik sistemi yenilənib

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 45 təhsil müəssisəsində cari ildə mövcud istilik sistemləri qazla işləyən mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz edilib, 216 istiliklə bağlı problem aradan qaldırılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə regional təhsil idarəsindən məlumat verilib.

Bildirilib ki, təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eyni zamanda, uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil almaları əsas prioritet istiqamətlərdəndir. Bu baxımdan, payız–qış mövsümündə təhsil müəssisələrinin istiliklə təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

Hazırda istilik təminatı ilə bağlı gündəlik əsasda yarana biləcək məsələlərin operativ həlli üçün digər aidiyyəti qurumların iştirakı ilə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlil edilir və qısa müddətdə həlli istiqamətində müvafiq tədbirlər görülür.