Belarusda Müslüm Maqomayevin yubileyi qeyd olunub Hadisə

Belarusda Müslüm Maqomayevin yubileyi qeyd olunub

Belarus Respublikasının Jlobin şəhərində Azərbaycanın və SSRİ-nin xalq artisti, müğənni və bəstəkar Müslim Maqomayevin 75 illik yubileyi konsert proqramı ilə qeyd olunub. Bu barədə "Xalq Cəbhəsi"nə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. "Bütün zamanların adı: Müslüm Maqomayev" musiqi lahiyəsi çərçivəsində keçirilən "Sən mənim melodiyamsan" adlı konsert proqramında yerli musiqiçilər iştirak edib. Konsertdə Müslüm Maqomayevin bəstələdiyi musiqilər və böyük sənətkarın repertuarından mahnılar ifa olunub.
Konsert Jlobin şəhərinin Regional İcraiyyə Komitəsinin İdeoloji işlər, Mədəniyyət və Gənclərlə iş üzrə şöbəsi və "Belarus-Azərbaycan İcmalar Konqresi" Beynəlxalq İctimai Birliyinin Jlobin regional şöbəsinin birgə təşəbbüsü ilə hazırlanıb.
Tədbirdə "Belarus-Azərbaycan İcmalar Konqresi" Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırovun rəhbərliyi ilə regional şöbələrin nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin müşaviri Zülfüqar Tanarverdi də iştirak edib.
Konsert proqramı çərçivəsində "Belarus-Azərbaycan İcmalar Konqresi" Beynəlxalq İctimai Birliyini adından təşkilatın Jlobin regional şöbəsinin rəhbəriƏli Əhmədova fəal və məhsuldar işinə görə, Rayon İcraiyyə Komitəsinin başçısı İvan Naumenkoya isə Azərbaycan və Belarus xalqlarının yaxınlaşmasında göstərdiyi xidmətlərə görə fərmanlar təqdim olunub.
Konsertin keçirildiyi Metallurqlar Mədəniyyət Sarayının foyesində Azərbaycan milli geyimləri, atributları, əl işləri nümayiş etdirilib.