“Azərbaycan diasporu Ukrayna cəmiyyətinin inkişafında fəal rol oynayacaq” Hadisə

“Azərbaycan diasporu Ukrayna cəmiyyətinin inkişafında fəal rol oynayacaq”

Eynulla Mədətli: "Əminik ki, Ukrayna Pyotr Poroşenkonun rəhbərliyi ilə vahid ölkə kimi çiçəklənəcək"

"Biz əminik ki, Ukrayna tezliklə yaranmış çətinliyi dəf edəcək, yeni seçilmiş Prezident Pyotr Poroşenkonun rəhbərliyi ilə vahid ölkə kimi çiçəklənəcək və burada yaşayan böyük Azərbaycan diasporu Ukrayna cəmiyyətinin inkişafında fəal rol oynayacaq". Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin Ukrayna milli informasiya agentliyi olan "Ukrinform"da dərc olunan Azərbaycanın milli bayramı 28 May - Respublika Günü ilə əlaqədar təbrik müraciətinində deyilir.
Səfir bildirib ki, Azərbaycanın bu ilin mart ayında BMT Baş Assambleyasında Ukraynanın suveren hüquqlarına və ərazi bütövlüyünə birmənalı olaraq dəstək verməsi bir daha Azərbaycan Respublikasının Ukraynanın etibarlı tərəfdaşı olduğunu və belə olaraq qalacağını sübut etdi: "Müstəqilliyin ilk illərindən Azərbaycan bir sıra ağlasığmaz çətinliklərlə üzləşdi. Ölkəmizə qarşı Ermənistanın basqını, Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və onu əhatə edən yeddi rayonun işğalı, digər maraqlı tərəflərin müstəqilliyimizi pozmaq cəhdləri dövlətimiz üçün ciddi təhlükəyə çevrildi. Belə çətin şəraitdə xalq tərəfindən hakimiyyətə çağrılmış ümummilli lider Heydər Əliyev dövlətimizi və xalqımızı bu bəladan qurtardı. Dahi siyasətçi qısa zamanda ölkədaxili sabitliyi təmin etdi, xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirdi, Ermənistanla atəşkəsə nail oldu. Dövlətçiliyin və milli ideologiyanın əsası qoyuldu".
E.Mədətlinin sözlərinə görə, işğalın davam etməsinə, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, ölkəmiz qətiyyətlə həmin sabitlik və inkişaf kursunu davam etdirir.
Səfir qeyd edib ki, Cənubi Qafqaz iqtisadiyyatının 75%-ni təşkil edən Azərbaycan Şərq və Qərbin enerji və nəqliyyat təhlükəsizliyində mühüm rol oynayır: "Artıq Bakı-Tiflis-Ceyhan, Cənub qaz dəhlizi, TAP və TANAP kimi dünya əhəmiyyətli enerji layihələri fəaliyyət göstərir və həyata keçirilir. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu bu dünyamiqyaslı enerji layihələri Xəzər dənizinin ehtiyatlarını Avropaya nəql etməyə, yeni enerji dəhlizinin yaradılmasına imkan verib".
E.Mədətli vurğulayıb ki, hazırda Azərbaycan layiqli mədəni, humanitar və idman mərkəzinə çevrilib: "Ölkədə hər il müvəffəqiyyətlə beynəlxalq humanitar forum, mədəniyyətlərarası dialoq, Qəbələdə beynəlxalq musiqi festivalı, Mstislav Rastropoviçə həsr olunmuş beynəlxalq simfonik musiqi günləri, iri beynəlxalq idman yarışları keçirilir. Gələn il biz ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyik ki, bu da ölkəmizə olan etimadın göstəricisidir".