Nazir Səlim Müslümov Şabranda vətəndaşları qəbul edib Hadisə

Nazir Səlim Müslümov Şabranda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şabran rayonunda vətəndaşları qəbul edib. Qəbul zamanı Şabran, Siyəzən, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətlər tibbi-sosial reabilitasiya, məşğulluğun təmin edilməsi, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunma, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən olunması və s. məsələləri əhatə edib. Qəbul zamanı hər bir müraciət nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə cavablandırılıb, müraciətlərdə ifadə olunan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
Vətəndaşlarla görüşündə nazir qeyd edib ki, Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq respublikamızın regionlarının inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları Quba-Xaçmaz iqtisadi rayonunda çoxlu yeni müəssisələrin və iş yerlərinin yaranmasına səbəb olub. Görülən kompleks tədbirlər bölgədə əmək resurslarının səmərəli məşğulluq imkanlarını əhəmiyyətli şəkildə artırıb: "Bununla yanaşı, nazirlik tərəfindən bu rayonlarda aktiv məşğulluq tədbirləri davam etdirilir və cari ilin yanvar-oktyabr aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarında əlavə olaraq 2015 nəfər işsiz və işaxtaran şəxsin münasib iş yerləri ilə təminatı həyata keçirilib, 70 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 30 nəfər ödənişli ictimai işlərə cəlb olunub".
Qəbula gələn vətəndaşların bir qisminin iş yerləri ilə təmin olunmaları üçün etdikləri müraciətlərlə bağlı yerindəcə tədbirlər görülüb. Onlara təklif olunan boş iş yerləri üzrə seçdikləri, əmək bacarıqlarına uyğun gələn iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaları üçün qeydiyyata götürülüblər. Qeyd olunub ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına həmin beş rayon üzrə 81 nəfər cəlb olunub, onlardan böyük əksəriyyətinə mal və materiallar verilib və onlar ailə təsərrüfatları qurublar. Gələn ilin əvvəlindən tətbiq olunacaq işsizlikdən sığorta sisteminin formalaşdırdığı maliyyə vəsaitlərinin mühüm bir hissəsi özünüməşğulluq proqramının genişləndirilməsinə yönəldiləcək. Nəticədə, bütün ölkədə, o cümlədən bu beş rayon üzrə özünüməşğulluq proqramına cəlb olunanların sayı dəfələrlə artacaq.
Ayrı-ayrı vətəndaşların sığorta-pensiya münasibətləri ilə bağlı müraciətləri də aidiyyəti üzrə cavablandırılıb, onlara dolğun hüquqi izahatlar verilib. Nazir vurğulayıb ki, cari ildə pensiya sistemində həyata keçirilən növbəti islahat tədbiri işləyən əhalinin, o cümlədən yaşa görə əmək pensiyasına çıxdıqdan sonra işləməkdə davam edənlərin layiqli pensiya təminatı imkanlarını daha da artırıb: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər yaşa görə pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox müddətdə işləyən pensiyaçılardan 2017-ci il noyabrın 1-nə 7,7 min nəfərinin aylıq pensiyasının orta hesabla 176 manat artmasına səbəb olub ki, bu da böyük ictimai məmnunluqla qarşılanır".
İmtiyazlı şəxslərin mənzillə təminatı ilə əlaqədar müraciətləri cavablandırarkən nazir vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin 2014-cü il iyunun 20-də verdiyi Sərəncama əsasən görülən işlər çərçivəsində Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşadıqları ərazidə 31 ədəd fərdi yaşayış evinin tikintisi işləri aparılıb. İnşası başa çatan 23 ədəd ev artıq istifadəyə verilib, qalan evlərin tikintisi yaxın vaxtlarda başa çatan kimi müharibə əlilləri və şəhid ailələrinə təqdim olunacaq.
Vətəndaşlardan bir qisminə müraciətlərinə uyğun olaraq bərpa müalicəsi xidməti göstərilməsi üçün nazirliyin reabilitasiya müəssisələrinə qəbul olunmaları barədə tapşırıq verilib. Ehtiyacı nəzərə alınan 3 nəfərə əlil arabası təqdim edilib. Nazir bölgədə yaşayan əlilliyi olan şəxslər üçün Xaçmaz rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin fəaliyyət göstərdiyini, ötən il və cari ilin on ayında həmin Mərkəzdə 400 nəfərə yaxın əlilliyi olan şəxsin bərpa müalicəsi xidməti ilə təmin edildiklərini diqqətə çatdırıb, eyni zamanda, həmin Mərkəzin yaxın vaxtlarda əsaslı təmir ediləcəyini söyləyib. Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.