Azərbaycanda bir ayın əsgəri xəstəlikdən ölüb Hadisə

Azərbaycanda bir ayın əsgəri xəstəlikdən ölüb

Daxili Qoşunların əsgəri xəstəlikdən ölüb. APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların hospitalında qeydə alınıb. Daxili Qoşunların "N" saylı hərbi hissəsinin əsgəri, 18 yaşlı Məmmədov Samiq Sultan oğlu xəstəlikdən dünyasını dəyişib.
Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ötən gün əsgər S. Məmmədov hemoragik vaskulitin sürətli gedişi diaqnozu ilə hospitala daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S. Məmmədov bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Daxili Qoşunların bir ay əvvəl hərbi xidmətə çağırılan əsgərinin ölməsi ilə faktı bağlı həyata keçirdiyi ilkin araşdırmaların nəticələrini açıqlayıb.
Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzinin baş zabiti Nurəddin Heydərov qeyd edib ki, həmin çağırışçı xidmətin Qusar rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyası tərəfindən müayinə olunub. Bu zaman onun səhhətində hər hansı problem, yaxud hər hansısa patologiya aşkarlanmayıb: "Eləcə də çağırışçının özü, yaxud valideynləri tərəfindən uşağın sağlamlığında hər hansı probleminin olması ilə bağlı xidmətə heç bir şikayət ünvanlanmayıb. Çağırışçı sağlam olaraq hərbi xidmətə göndərilib və hərbi hissəyə təhvil verilib. Onu da qeyd etmək zəruridir ki, bütün qoşun növlərində çağırışçılar təhvil alınarkən yenidən tibbi müayinədən keçirilirlər. Onların səhhətində hər hansı şübhəli məqam aşkar olunarsa, geri qaytarılırlar. O əsgərdə də belə bir problem yaşanmayıb" - deyə N. Heydərov bildirib.
N. Heydərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəhbərliyi adından dünyasını dəyişən əsgərin yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbir diləyib.