KİVDF Şəmkir rayonunda konfrans keçirib Hadisə

KİVDF Şəmkir rayonunda konfrans keçirib

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə dünən Şəmkirdə Azərbaycanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün konfrans keçirilib.
Konfransda Şimal-Qərb bölgəsinə daxil olan rayonlarda fəaliyyət göstərən elektron və çap KİV-lərin təmsilçiləri, eləcə də, yerli vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, Şəmkir rayon ictimaiyyəti və ziyalılarının nümayəndələri daxil olmaqla 300 nəfər iştirak edib. Tədbirə, həmçinin, Bakıda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin baş redaktorları da qatılıblar.
Konfrans "İnformasiya əldə etmək haqında Azərbaycan Respublikası qanunvericviliyinin izahı ilə bağlı regional KİV-lərin maarifləndirilməsi" layihəsi çərçivəsində keçirilib. Fondun İcraçı direktoru Vüqar Səfərli və Şəmkir RİH-nin başçısı Nazim Veysov konfransda açılış nitqi ilə çıxış edərək, KİV-lərlə yerli icra strukturlarının əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti yönündə fikirlərini bölüşüblər.
Bundan sonra KİVDF-nin ekspertləri "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası qanunu, ona əlavə və dəyişikliklər barədə məruzə ilə çıxış edərək, informasiya əldə etmək haqqında qanunun medianın fəaliyyəti üçün yaratdığı üstünlüklərdən bəhs ediblər.
Konfransda, paytaxtda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin rəhbərlərindən "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Trend" İnformasiya Agentliyinin baş redaktoru İlqar Hüseynov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxış edərək "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası qanununun jurnalistlərə informasiya əldə etmək sahəsində verdiyi imtiyazlardan danışıblar.
Şəmkir rayonunda fəaliyyət göstərən "Şəmkir" qəzetinin baş redaktoru İlyas Qasımov, Qazax rayonunda nəşr edilən "Göyəzən" qəzetinin baş redaktoru Elçin İsmayılov, Gədəbəy rayonunda nəşr edilən "Qızıl Gədəbəy" qəzetinin baş redaktoru Əsədulla Cəfərov, Şəmkir Regional QHT təlim və resurs mərkəzi İB-nin sədri Fuad Bədəlov, Yeni Azərbaycan Partiyası Şəmkir Rayon təşkilatının sədri Fəxrəddin Vəliyev mövzu ətrafında fikirlərini bölüşərək belə hüquqi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.