Nazir müavini Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü seçilib Hadisə

Nazir müavini Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü seçilib

Dekabrın 6-da Fövqəladə Hallar Nazirliyində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Gennadiy Rodin təmsil olunduğu akademiyanın həqiqi üzvü seçilən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadəyə diplom və döş nişanını təqdim edib.
FHN-dən bildirilib ki, noyabrın 22-də Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyası Rəyasət Heyətinin iclası keçirilib. İclasda Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının akademiki Gennadiy Rodinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) "Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedrasının müraciəti ilə bağlı məlumatı dinlənilib.
İclasda Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Bakı şöbəsinin yaradılması, Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyası rəhbərliyinin, həqiqi üzvlərinin seçilməsi, Akademiya üzvlərinin mükafatlandırılması haqqında qərar qəbul edilib.
AMEA-nın müxbir üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedrasının müdiri, texnika elmləri doktoru, professor İslam Mustafayev Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Bakı şöbəsinin rəhbəri təsdiq olunub.
Tibb üzrə fəlsəfə doktoru, Azərbaycanın əməkdar həkimi, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, AMEA-nın müxbir üzvü professor İslam Mustafayev, texnika elmləri doktoru, professor Fuad Hacızadə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvləri seçiliblər.