Azərbaycan Gənc Alimlərinin Birinci Qurultayı keçirilib Hadisə

Azərbaycan Gənc Alimlərinin Birinci Qurultayı keçirilib

Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənc Alimlərinin Birinci Qurultayı keçirilib.
Tədbir iştirakçıları öncə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Sonra gənc alimlərin son illərdə əldə etdiyi elmi nailiyyətlərdən ibarət sərgiyə baxış keçirilib.
Qurultayda Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan Gənc Alimlərinin Birinci Qurultayının iştirakçılarına təbriki oxunub. AMEA prezidenti Akif Əlizadə tədbirin prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına əsasən təşkil olunduğunu nəzərə çatdırıb. A. Əlizadə qurultayın intellektual gəncliklə bağlı Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin icrasına töhfə verəcəyinə əminliyini ifadə edib. AMEA prezidenti gənc alimlərin əldə etdiyi nailiyyətlər və kəşflərdən söz açıb.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə gənclərimizin xaricdə təhsil almağa göndərilməsinin mühüm addım olduğunu qeyd edib. A. Rəhimov qurultayda səmərəli müzakirələrin aparılacağına, gənc alimlərin Azərbaycanı dünyada layiqli təmsil edəcəyinə inandığını vurğulayıb.
Təhsil nazirinin vəzifəsini icra edən təhsil nazirinin birinci müavini Ceyhun Bayramov deyib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi və prezident təqaüdü elmə, gənc alimlərə diqqətin təzahürüdür. C. Bayramov keçən illə müqayisədə bu il fənn olimpiadalarına qatılanların sayının 7 dəfə artmasına, beynəlxalq fənn olimpiadalarında yüksək nəticələrin əldə edilməsinə diqqət çəkib.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Gənc alimlərin yuxarı yaş həddinin 40 yaş olmasının vacib olduğunu vurğulayıb: "Dövlət qurumları qanunvericiliyə əsasən gənclərin yuxarı yaş həddini 29 yaş qəbul edir. Ancaq gənc alimlərin fəaliyyətinin əsas məhsuldar fəaliyyəti 29 yaşdan sonra başlayır. Buna görə də gənc alimlərimiz gənc kimi qrant müsabiqələrində iştirak edə bilmirlər".
Qurultayda gənc alimlərin çıxışları dinlənilib.
Daha sonra qurultayın Bəyannaməsi qəbul edilib.
Sonda qurultay iştirakçılarının Azərbaycan prezidenti İlham Əliyevə müraciəti oxunub.