Komitə: WUF13-də Bakı şəhərinin baş planı əsas müzakirə mövzularından biridir Hadisə

Komitə: WUF13-də Bakı şəhərinin baş planı əsas müzakirə mövzularından biridir

“Azərbaycan pavilyonu üslubi cəhətdən Heydər Əliyev Mərkəzinin memarlıq formasından ilhamlanaraq hazırlanıb”.

Bu sözləri APA-ya açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov deyib.

O qeyd edib ki, pavilyonun dizaynında giriş hissəsində çinar ağacına yer verilib:

“Bu element inkişafın, həyatın rəmzi olmaqla yanaşı, Azərbaycanın da simvollarından biridir. Pavilyonun ümumi strukturu “keçmişdən gələcəyə” konsepti üzərində qurulub və Azərbaycanın şəhərsalma və memarlıq irsi, tarixi və həyata keçirilən layihələri barədə məlumat təqdim edir. Burada İçərişəhər və orta əsrlərdən formalaşmış digər şəhərsalma nümunələri haqqında da geniş informasiya verilir”.

O qeyd edib ki, şəhərsalma forumunda əsas mövzulardan biri mənzil siyasəti məsələsidir:

“Bakı şəhərinin baş planı da əsas müzakirə mövzularından biridir. Baş plan vasitəsilə Bakıda şəhərsalma və planlaşdırmanın tarixi barədə məlumat verilir, bu prosesin hansı mərhələlərdən keçdiyi, necə inkişaf etdiyi və bu günə necə çatdığı izah olunur. Eyni zamanda mövcud çağırışlar və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr də təqdim edilir”.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur bölgələrində köç etmiş, orada çalışan, təhsil alan və fəaliyyət göstərən insanların sayı 90 minə yaxınlaşır:

“Bu kontekstdə biz böyük qürurla icra olunmuş layihələri təqdim edirik. Hazırda bütün şəhərlərdə və onlarla kənddə genişmiqyaslı tikinti və quruculuq işləri davam edir. Bu layihələr barədə ziyarətçilərə ətraflı məlumat verilir və onlar böyük maraq doğurur”.