“Vətənə, millətə xidmət eləmək lazımdır” Hadisə

“Vətənə, millətə xidmət eləmək lazımdır”

Razmi Əskər: "Döşünə döyüb qışqırıb "mən türkçüyəm" deməklə olmur"


Türkoloq, şair-publisist, professor Ramiz Əskərin "Teleqraf"a müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik

- Ramiz bəy, "Azərbaycan dilinin orfoqrafiya qaydaları" ilə bağlı dəyişikliklərin əleyhinə, yoxsa lehinəsiniz?
- Həyat dəyişdikcə, onun qaydalarının yüzündən biri dəyişə bilir, amma orfoqrafiya, dil, lüğət imkan daxilində mühafizəkar olur. İngilislər 5-6 əsr əvvəl necə yazıblarsa, indi də eyni qaydada yazırlar. Biz sözləri tələffüz etdiyimiz kimi yaza bilmərik. Dilimizdəki sözlərin təxminən 40-50 faizi Avropa və ərəb-fars dillərindən daxil olub. Deyirlər "riyaziyyat", "ədəbiyyat" sözlərindəki "y" hərfinin biri düşəcək. "Riyaziyyat" ərəb sözü deyilmi? Deyirlər, yox, kontaminasiya yolu ilə yaranmış şəkilçidir. Bal kimi ərəb şəkilçisidir. "Mahiyyət", "səbəbiyyət", "riyaziyyat" sözlərini bir "y" ilə demək olmur axı. Bir "y"hərfi ilə yazılanda dilimiz nə qazanacaq ki? Bu, ona bənzəyir ki, məsələn, türkmənlər danışdıqları kimi yazırlar, "əlbətdə, hətda" və sair. Şair sözünü "şayır" kimi yazırlar. Mən uzun illər redaktor işləmişəm, orfoqrafiya çox önəmli bir şeydir. Vaxtilə nəyisə sübut etmək istəyəndə deyirdilər ki, sənə qəzet gətirib göstərərəm. İndi ara qarışıb, məzhəb itib, sətirdən-sətirə keçmə, lüğət tərkibinə həssaslıqla yanaşmaq, imla qaydaları yox olub. Yadımdadır, "Odlar yurdu" qəzetinin redaktoru idim, "Vətən" cəmiyyətinin sədri Elçin Əfəndiyev vergül səhvinə görə mənə töhmət verdi. Dedim, Elçin müəllim, korrektorun səhvidir. Qayıtdı ki, mən korrektoru yox, səni tanıyıram. Orfoqrafiya lüğəti ilə bağlı da son qərarı mütəxəssislər verəcək.
- "Əsgər" sözününü necə yazılmasının tərəfdarısınız?
- Bizim dildə saitlərin uyumu var, samitlərin uyumu o qədər qabarıq deyil. Əslində "miskin", "əskər" variantı doğrudur. Soyadım pasporta "k" hərfi ilə düşdüyü üçün Əskərov olub. Amma hesab edirəm ki, "s" samitindən sonra "k" səsi düzgündür. Duyğu, durğu, çalğı sözləri kimi "alğı" da "ğ" hərfi ilə yazılmalıdır. Mən də "alğı-satqı"nın tərəfdarıyam. Müasir dövrdə Qərb sözləri çoxdur, deyiliş formasını götürürük. Ümumilikdə hamı üçün qəuledilən və doğru variantın tapılacağına inanıram.
- Jurnalistikaya ilə əlaqənizi kəsmisiz, yoxsa yazı-pozu ilə məşğul olursunuz?
- Yox, yazan jurnalistəm. KİVDF-nin Müşahidə Şurasının üzvüyəm, BDU-da jurnalistika faküləsində Türk xalqları ədəbiyyatı, əski əlifba ilə bağlı dərsləri tədris edirəm, bir sözlə jurnalistikanın içindəyəm.
- Bizim mediada tez-tez "NASA-da işləyən azərbaycanlı" başlığı altında yazılar dərc edilir, sonradan həmin şəxslərin yanlış informasiya verdiyi məlum olur. Amma sizin oğlunuz həqiqətən da NASA-da işləyir...
- Oğlum Atilla ötən ilin oktyabrından NASA-da işləyir. Bakıda 6 saylı məktəbi bitirib, İstanbul Texniki Universitetinə qəbul oldu. Avqustun 30-da 16 yaşını tamamladı, sentyabrda universitetdə oxumağa başladı. Orada tədrisin 70 faizi ingilis dilində idi, sonra Virciniya Texniki Universitetində magistratura pilləsində təhsil aldı. Magistraturanı bitirəndə aspirant olmağı məsləhət gördüm. Dedi ki, hoca olmaq istəmirəm, Türkiyədə hoca deyirlər axı. Qayıtdım ki, elə danışırsan, hələ gör hoca ola bilərsənmi? Dedi, yaxşı, sənin xatirinə qəbul olacağam. Qəbul oldu da. Bir gün soruşdum ki, niyə NASA-ya müraciət etmirsən? Dedi ki, mən ABŞ vətəndaşı deyiləm, mənim müraciətimə kim baxar? Söylədim, CAR, Mərkəzi Afrika ölkələrinin vətəndaşları ABŞ vətəndaşıdırmı onları işə götürürlər, başı olana baxırlar. Sözümə qulaq asmadı. Qardaşım Əli Şimali Karolina Universitetinin professorudur. Ona dedim ki, Atilla sizə gələndə NASA-ya elektron ərizə yazdırarsan. Qardaşımın təkidi ilə ərizə yazıbmış. Bakıya tətilə gəlmişdi, 5-6 gün qalmışdı ki, dedi biletimi dəyişməliyəm, sabah yox, biri gün uçuram. Soruşdum, xeyir ola, haraya? Dedi, demirdinmi NASA-ya ərizə ver, məni müsahibəyə çağırırlar. Çatan kimi soruşublar ki, neçə ildir haradasan, niyə bizə ərizə verməmisən? Atilla da qayıdıb ki, atamın arzusunu yerinə yetirib müraciət etmişəm, amma, deyəsən, arzusu yarımçıq qalacaq, Corc Meysen Univesitetinin aspirantıyam. Zəng elədi, dedik işlə, NASA-ya hər adam gedə bilirmi? Atilladan əvvəl Teymur adında oğlan işləyib, sonra yüksək maaş təklif edən "Mersedes" şirkətinə keçib. Yəqin Atilllaya da təkliflər gələcək, amma heç istəmərəm NASA-nı qoyub harasa getsin.
- Haradasa yazılmışdı ki, oğlunuz Berklidə də oxuyub...
- Yox, arzusu Kaliforniya Berkli Universitetinə qəbul olmaq idi, Virciniya Universitetinə düşdü. Lütfi Zadəyə məktub yazırdı, amma cavab almırdı. Mən dedim yaz ki, "I am from Baku". Mütəmadi yazsan köməkçiləri bəlkə məktubunu özünə verəcəklər ki, həmyerlin yazıb. Deyirdi, ata, ayıbıdır, necə yazım. İndi 2 milyardlıq teleskop üzərində işləyir. Ən əsası bu gənc evlənə bilmir. Amerikan, ingilis qızlarını da anası yaxın qoymur.
- Bəs Siz kimi müdafiə edirsiniz?
- Mən demokrat adamam, amma mən də bu işə yaxşı baxmıram. Genlərimizi bir-birinə ötürə-ötürə NASA səviyyəli bir zəka yetişdirmişik, gedib amerikan, acıqla ispan mənşəli qız alsa, onun uşağı nə olacaq? Amerikan. Nəyimizə lazımdır? Atilla gəlib Bakıda nənəsi rus olan qızla ailə qursa və uşaqları bizimlə bir mənzildə yaşasa belə, yenə uşaqları rus ola bilər.
- Yəni özünüz demiş, NASA-da işləyən beyinli gəncin həyatına, seçimlərinə bu dərəcədə müdaxilə edirsiniz.
- Bu uşağı niyə yetişdirdik, ingilisə, amerikana bağışlamaq üçün? Xeyir ola?! Uşağın anası rusdursa, uşaq hökmən rus olur. Oğlumun 30 yaşı var, deyir ABŞ-da 35 yaş bizim 25 yaş nəzərdə tutulur. Qızım Ayla 11 il tibb üzrə Türkiyədə oxuyub, Antalyanın Fəthiyə şəhərində adlı-sanlı həkimdir. Böyük qızım Leyla da xaricdədir. Elə övladlar böyütmüşük ki, xaricdə onlara iş verirlər. Nə edək, onları xalqımızdan uzaqlaşdıraq? Azərbaycan qızı ilə evlənib özü ilə aparsın, yaşasın da.
- Müəllim maaşı ilə 3 övladı xaricdə necə oxuda bildiniz? Hansısa təhsil proqramlarının köməkliyi ilə, ya öz vəsaitinizlə?
- Oğlumuzu da, qızımızı da öz hesabımıza oxutmuşuq. Dövlət qurumları deyə bilərdi get, Qlazqoda oxu, bizim arzumuzla dövlətin arzusu üst-üstə düşməyə bilərdi. Əsas odur ki, yaxşı mütəxəssis yetişdirə bildik. Gərək hər ikisi gedib İstanbul Böyük Şəhər bələdiyyəsinə müraciət edib burs alaydı. Ayla müracət üçün birinci il gecikmişdi, sonra da qəbul etmədilər. Oğlum da güclü burs ala bilmədi. Anaları da, mən də onların diplomu üçün çox əziyyət çəkdik, fədakarlıq elədik.
- Bəzi valideynlər xaricdə təhsil alan övladlarının ölkəyə qayıtmasını istəmir, sizin fikirləriniz maraqlıdır, seçimi öz ixtiyarlarına buraxacaqsınız?
- Əlbəttə. Övladlarım özləri qərar verəcək. Qızım 160 manat maaş alıb gözünü xəstənin əlinə dikə bilməz, o haramdır. Atilla Bakıya gəlsə, xarici şirkətdə, uzağı 1700 dollar alacaq, həm də perspektivi olmayacaq. Yaxşı mütəxəssis kimi yetişsin, lazım olanda dövlət onu bura gətirəcək. Ona görə ABŞ vətəndaşı olmağa qoymuram. Vətəndaşlıq alsa, daha böyük perspektiv əldə edə bilər, amma istəmirəm. Bizdə ikili vətəndaşlıq yoxdur. Hərçənd bu, doğru deyil. Niyə Türkiyədə, İranda olur, bizdə yox? Nobeli Azərbaycana Atilla gətirəcək, amma mən onu görməyəcəyəm.
- Niyə bu fikirdəsiniz?
- Bizim nəsildə kişilər 80 il bir neçə ay yaşayır. Əslində, 75 yaşdan o yana haramdır. Adam əldən-ayaqdan düşür, çəliklə sürünə-sürünə gəzir. Şəkərim var, həkim deyir ki, mənə qulaq as, səni sağaldım. Soruşdum, sağaltsan nə olacaq? Qayıtdı ki, məni dinləsən, 80-ə qədər yaşayıb, o 2 ayda öləcəksən, qulaq asmasan, bu gün yıxılıb 80 yaşa qədər sürünüb sonra öləcəksən. Dedim, haqlısan, amma səhhətimlə məşğul olmağa vaxtım yoxdur, gündə 10 saat kompüterdə otururam, 62 kitabda imzam var. Bunun 46-sı tərcümə, 16-sı orijinaldır. Azərbaycanda görünməyən və görülməyən bir çox işləri həll etmişəm. Necə ola bilər bizim dildə Məhtumqulu Fəraqinin şeirləri, "Qutadğu-bilik", "Divani-Lüğəti-Türk", "Baburnamə" əsərləri olmasın? Çox ayıbdır. Biz türkologiyanın qabaqcıl məktəbi deyə döşümüzə döyürük. Onları kim eləməlidir? Mən onu sifarişsiz, pulsuz-parasız, gözüm-canım çıxa-çıxa tərcümə edirəm, cibimin pulu ilə çap edib yayırıq. Nəhayət bir axmaq ortaya çıxmalıdır da.
- Sponsor tapmaq çətindir?
- Çox çətindir. "Divani-Lüğəti-Türk"ün təqdimatı zamanı Sabir Rüstəmxanlı çıxışında dedi ki, Ramizin atasını da, qardaşlarını da, əmilərini də tanıyıram, o məndən inciməsin, biz belə axmağı haradan tapacaqdıq ki, bu dəyərli əsəri pulsuz tərcümə edərdi, ona görə də gəlin, onu alqışlayaq, ruhlansın və işləri davam etdirsin.
- Onda nədən stimul alırsınız?
- Heç nədən. Bu Vətənə, millətə xidmət eləmək, türkçü olmaq lazımdır. Döşünə döyüb qışqırıb "mən türkçüyəm" deməklə olmur. Mənim min çap vərəqinə yaxın əsərim var. Bir dəfə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova dedim, pul tapa bilmirəm ki, əsərləri çap edim. Dedi, vallah pul bizdə də yoxdur, olsa edərdik. Alimlər var, akademik də, müxbir üzv də seçilirlər, sağ olsunlar, böyük xidmətləri var, mən onlara ən azı 5 min səhifəlik 3-4 kitab verərəm, onları əli ilə yazıb gətirənə 5 min dollar pul verərəm.
- Yaza bilməzlər?
- Çatdıra bilməzlər. Kompüterdə yazmaqdan söhbət getmir, qızlara verib köçürtdürə bilərlər, amma əlyazma mümkün deyil. Hələ orijinaldan tərcümə etməkdən danışmıram.
- Nə əcəb akademik seçkiləri zamanı namizədliyinizi irəli sürməmisiniz?
- 2 dəfə namizəd olmuşam, bal yığa bilməmişəm, mənə səs vermirlər. Səsi də heç elan etmirlər, deyirlər keçməmisən, vəssalam. Qismət olsa, axırıncı dəfə 2020-ci ildə də vermək istəyirəm. Deyirəm, heç olmaya yıxılıb öləndə uşaqlarım desin ki, atam elm üçün can qoydu, onu akademik seçməsələr də, müxbir üzv seçdilər. Həm də orada yaxşı pul var axı. Alimlərin çoxu deyir, ad-san üçün yox, pul üçün ad istəyirəm. O pulu mənə versinlər ki, hər ay tərcümələr edib bir kitab dərc edim.
- Nə qədər pul verirlər ki?
- 1200 manatdır səhv etmirəmsə. Ən azı mənim maaşımdan çoxdur.
- Səfirliklərə müraciət edirsiniz?
- Abdullah Tukayı tərcümə etmişəm, azərbaycanlı ziyalı tatarın kitabını tərcümə edir, səfirin nə vecinə? "Baburnamə" əsərini İslam Kərimova göndərmişdim. Əvvəlcə özbək səfirinə apardım ki, prezidentə göndərin. Baxdı, dedi, bura türk yazıbsan axı, Babur özbəkdir. Dedim özbək nə deməkdir? Babur o dövrdə özünə türk deyirdi, özbək adı o dövrdə yarandı. Düzdür, diplomat öz əli ilə çay filan süzdü, amma hiss elədim ki, prezidentə göndərməyəcək. Əslində göndərsəydi, özünə xal qazanacaqdı ki, azərbaycanlı alimə təşviq etdim, kitabı tərcümə edib. Halbuki heç bir xidməti yox idi, döşünə döyüb öz adına yaza bilərdi. Gəldim, kitabın üzərinə əlahəzrət İslam Kərimova yazıb poçtla özünə göndərdim. 1 həftə sonra gördüm səfir məni axtarır. Dedim, universitetdə müdafiə var, görüşə bilmərik, dedi, müdafiədən sonra görüşək, qayıtdım, yox, yeyib-içəcəyik. Dedi sabah, dedim yox, şənbə-bazardır, bağa gedəcəyəm, yenə dedi, bağa gələrik, dedim yox, tapa bilməzsiniz. Həyat yoldaşım söylədi ki, ayıbdır, görüş. Halbuki kitabı İslam Kərimova göndərməmişdilər. Mən 20 manat verib özüm göndərmişdim. Xülasə görüşdü, dedilər, bioqrafiyanız lazımdır, mən də onları çay qonaqlığına apardım. Kişmiş, badam, ləbləbi, cürbəcür mürəbbələrlə çay dəstgahına qonaq oldu, dedim, bax, qonaqlıq belə olar. İslam Kərimov deyib kimdir bu şəxs? Daşkəndə 2 kitab göndərmişdim. Birinə avtoqraf yazmışdım, o birinə yazmamışdım. Tez onu götürüb Babur Fonduna göndərmişdi, qeyd də etmişdi ki, Bakıdan mənə təqdim olunan kitabı mən də Babur Fonduna göndərirəm. Əndicandakı yazarlar, jurnalistlər də toplaşmışdı, prezident müşavirlərini də göndərmişdi, mənsiz böyük təqdimat olmuşdu.
- Sizi çağırmamışdılar?
- Bir az qəfil olmuşdu, Baburun növbəti ad günündə laureat elan edib çağırdılar. Paketdə 1000 dollar pul mükafatı da verdilər. Bir neçə dəfə bu cür olub. Türkmənistanda prezidentin yeni əsrin müsabiqəsi adlı medalını almışam, Türkiyənin türk kültürünə xidmət, "Qızıl alma" medalını, Kırım tatarlarının Bəkir Çobanzadə laueratı olmuşam. 14 medalım var. 2014-cü ildə "Şöhrət" ordeni almışam, əməkdar jurnalistəm.
- Bəs Rəcəb Tayyib Ərdoğanla görüşməmisiniz?
- Yox, görüşməmişəm. Amma Süleyman Dəmirəlin yaxın dostu olmuşam. Bir dəfə mühafizəsinə, köməkçilərinə tapşırdı ki, yanımda ABŞ səfiri olsa belə, Ramiz Əskər gələndə, yaxud zəng edəndə mənimlə calaşdırın. Bir dəfə zəng eləmişdim, köməkçi dedi ki, Bülənd Ecevitin vəziyyəti ağırdır, Rəhşən Ecevit qəbuluna gəlib, sanmıram Sizinlə danışa bilər. Dedim, sən düyməni bas, olmazsa da, eybi yox. Bir də gördüm dəstəyin o biri ucunda dedi, Ramizciyim, mərhaba, nasılsın. Dedim, bilirəm müsafiriniz var, sözümü qısaca çatdırdım. Qəbuluna gedəndə də heç vaxt qapıda gözlətməzdilər, bağçaya dəvət edib çay ikram edirdilər. Abdullah Güllə tanışlığım var, "Divani-Lüğəti-Türk"ü istəmişdi, verdim. Şöhrətimi və ad-sanımı xaricdən alıb Azərbaycana gəlmişəm.

Nərgiz Ehlamqızı